Fransız geopolitoloqu Reno Jirar “Le Courrier de Russie” qəzetinə eksklüziv müsahibə verərək, Ukrayna böhranı fonunda Rusiya ilə Qərb arasındakı münasibətlərin pisləşməsini analiz edib.
Strateq.az Azərbaycan oxucuları üçün maraqlı olacağını nəzərə alaraq, müsahibəni ixtisarla təqdim edir:
***
1989-cu ilin noyabrında Berlin divarının çökməsindən sonra, elə həmin ildə SSRİ KP MK Baş katibi Mixail Qorbaçov tərəfindən irəli sürülən “ümumi Avropa evi“ ideyasının yerinə yetirilməsi mümkün görünürdü. Demək olar ki, 30 ildən sonra kontinent, çoxlarının ehtimalına görə, həmişəlik keçmişdə qalan qarşı duran bloklar sxeminə qayıdır. Biz, millətlərin əvvəllər heç zaman bu qədər ayrılmadığı qarşılıqlı “şeytanlaşdırma”nın girovu olan rus və avroatlantik dünyasının qarşıdurmasını müşahidə edirik.
– Rusiya hesab edir ki, AB-nin özünün müstəqil xarici siyasəti yoxdur, onun diplomatiyası Amerikanın kontinentdəki maraqlarına xidmət edir...
– Avropalıların ümumi xarici siyasəti yoxdur. Bu aydındır, ona görə ki, çoxlu mühüm məsələlərə görə onların fikri ayrılır, məsələn, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi məsələsində olduğu kimi. Şərqi Avropa ölkələri asanlıqla ABŞ-a tabe olur. Bizdə heç ümumi ticarət siyasəti də yoxdur, ona görə ki, bizdən bəziləri Çinə satılmağa başladı.
Sənaye robotları istehsal edən alman kompaniyası “Kuka”nın əldə edilməsindən sonra Emanuel Makron və Anqela Merkel, bizim kompaniyaların Çin tərəfindən texnoloji yağmalanmasının qarşısını almaq üçün, əks-tədbirlər görməyə cəhd etdilər. Çinin əhəmiyyətli miqdarda vəsait qoyduğu bütün “kiçik” ölkələr, Portuqaliya, Yunanıstan və Şərqi Avropa ölkələri kimi, buna qarşı çıxdı.
Avropa ABŞ-ın məhkəmə və maliyyə hakimliyinə də qarşı dura bilmədi. O, Fransanı, 2014-cü ildə Nyu York məhkəməsi “BNP Pari Ba” bankını 9 milyard dollar cərimə edərkən, müdafiə etmədi, baxmayaraq ki, bank heç bir fransız və Avropa qanununu pozmamışdı. Əslində, bank ABŞ-ın İran, Kuba və Sudana qarşı embarqo qanununu pozmuşdu.
Mümkün olmasına baxmayaraq, Avropa buna heç cür reaksiya vermədi. O zaman Avropa komissiyasının enerjili sədri olan Joze Manuel Borozzo, “Qoldman Saks”ın (2016-cı ildə həmin Borozzonu müşavir götürən Amerika bankı) patronunu çağıra və ona deyə bilərdi: “Mənim əziz dostum, mənim sizinlə kiçik problemim var. Siz, AB üzvü olan dövlətin hökumətinə dövlət hesablarını təhrif etməyə kömək etmisiniz (söhbət Yunanıstandan gedir) və bu, ciddi dolandırıcılıqdır. Buna görə, biz sizi 25 milyard dollar cərimə edəcəyik. Əgər siz ödəmək istəmirsinizsə, qorxulu bir şey yoxdur, lakin indi sizə, eləcə də sizinlə əməkdaşlıq edən bütün banklara AB ərazisində işləmək qadağan olunacaq”.
Mümkündür ki, onda amerikalılar “BNP Pari Ba” bankını cərimə etməmişdən öncə düşünə bilərdilər. Ancaq biz heç nə etmədik. Bu gün Amerika hüququnun hakimliyi və eksteritoriallığı ilə qarşılaşan avropalılar dağınıq durumdadırlar. Başqa sözlə, onlar tabe oldular. Bundan sonra böyük fransız kompaniyalarının hüquq departamentlərində Amerika hüququ tətbiq edilir. Bu alçaldıcıdır, bu, bizim sənaye sahələri üçün təhlükəlidir və bu, siyasi baxımdan reqressiyadır. Belə təəssürat yaranır ki, biz general de Qollun bərpa etdiyi müstəqilliyi unutmuşuq. Amerika hüququnun Fransada bu yayılma tendensiyası o qədər biabırçıdır ki, indi hətta qatı atlantistlər – ABŞ-ın İraqa müdaxiləsini açıq müdafiə edənlər deyirlər: “Durun, bu, lap ağ oldu!”.
– Belə şəraitdə Rusiyanı Avropa ailəsinə dönməyə necə inadırmaq olar?
– İlk növbədə, biz “kiçik addımlar” siyasəti aparmağa başlamalıyıq. Etibarı bərpa etməliyik. Donbas məsələsində proqres, şübhəsiz, sanksiyaları götürməyə, heç olmasa, yumşaltmağa imkan verəcək. Düşünürəm ki, bu, kifayət qədər asandır. Buna ümumi amnistiya elan etməklə, nail olmaq olar. Fransanın Əlcəzairdə müharibəni bitirmək üçün etdiyi kimi etmək olar, baxmayaraq ki, hər iki tərəfdən cinayətlər törədilmişdi. Həmçinin, azad seçkiləri təşkil etmək və müvafiq regionlara müəyyən muxtariyyat vermək lazımdır.
Donbasda əhalinin əksəriyyəti heç zaman danışmadıqları Ukrayna dilində danışmaq istəmir. Luqansk və Donetsk əhalisindən bilmədikləri bir dildə danışmağı xahiş etmək mənasızdır. Onlar hələ də rus dilində danışmaq hüququna sahibdirlər! Son nəticədə, Moskva Kiyevə Donbas üzərində öz nəzarətini geri qaytarmağa imkan verməlidir.
– Bəs, Krım necə olacaq?
– Yaxın 20-30 ildə Krım problemi həll edilməyəcək. Ola bilər, bu regionun əhalisindən, həqiqətən, onların nə istədiyini bir dəfə də soruşmaq lazımdır. Bəzən, beynəlxalq diplomatiyada “problemləri bir-bir qoymağı” bacarmaq lazımdır.
“Kiçik addımlar” diplomatiyasını qurduqdan sonra biz, digər məsələlər üzrə daha dərin əməkdaşlığı bərpa etməliyik. Mən sizə Rusiyaya dəxli olmayan, lakin bizim atmalı olduğumuz diplomatik addımları göstərən başqa bir misal gətirəcəm.
General de Qoll İsrailin 1967-ci ildə apardığı müharibəni dəstəkləmədi. Sonra o, BMT-də yəhudi dövlətinin yenicə işğal etdiyi ərazilərdən çıxmasını tələb edərək, qətnamənin lehinə səs verdi. Bu, hələlik baş verməyib.
Buna görə, Fransa ilə İsrail arasında tamamilə ciddi fikir ayrılıqları mövcuddur. Lakin, bununla birlikdə, İsrail bizə dost dövlətdir. Biz bu dövlətin yaradılmasına səs verdik, biz ona müstəqillik uğrunda müharibəni udması üçün kömək etdik, biz hətta ona atom bombası verdik!
Bununla belə, biz hələ də hesab edirk ki, fələstin-israil münaqişəsinin tənzimlənməsi iki dövlətin işidir. Qeyd etmək vacibdir ki, indiki İsrail hökuməti həyatqabiliyyətli ərəb dövlətinin mövcudluğu üçün heç nə etmir. Lakin bu, xoşbəxtlikdən, bizim İsraillə siyasi əlaqələrimizin olmasına və birgə əməkdaşlıq proqramlarının – akademik, iqtisadi, hətta hərbi proqramların həyata keçirilməsinə mane olmur.
Bu halda, biz bütün ərəb ölkələrilə, həm İsraili tanıyan, həm də tanımayan, əlaqə saxlayırıq. Rusiya ilə də təxminən belə vəziyyətdir. Biz, beynəlxalq razılaşmalara əməl etmək çərçivəsində, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, ancaq biz dialoqu davam etdirməli və Moskva ilə bütün sahələrdə əlaqə saxlamalıyıq.
Ukrayna böhranının həlli üçün zaman lazımdır. Bu münaqişədə həddindən artıq adam öldü, barışıq çətin olacaq, on mindən çox ölən var, bu, böyük miqdardır! Lakin diplomatiyada, adi həyatda olduğu kimi, hər şey ağ və ya qara deyildir.
Biz Rusiyaya deyə bilmərik ki, əgər siz Ukraynadan geri çəkilməyə razısınızsa, biz əvvəlki münasibətlərə qayıdacağıq. Bu, heç nə verməz. 1960-cı illərdə general de Qollun Moskvaya səfərindən sonra fransız-rus münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdı, baxmayaraq ki, çoxlu fikir ayrılığı vardı. O cümlədən Almaniya ilə münasibətlərə də aiddir. Fransa Almaniya Demokratik Respublikasını tanımaqdan imtina etdi. Bu, bizə ölkələrimiz arasında əməkdaşlıq proqramları həyata keçirməyə mane olmadı, bu, general de Qolla öz siyasi baxışını – “Atlantikadan Uraladək Avropa” baxışını ifadə etməyə də mane olmadı.
– Atlantikadan Uraladək olan vahid Avropa ideyası hələ də həyata keçirilə bilərmi?
– O reallaşdırılacaq. Mən fikirləşirəm ki, Makron bunu anladı. Onun Putini Versala dəvət etməsi çox ciddi addımdır. Putin Rusiyanın Parisdəki yeni mədəniyyət mərkəzini ziyarət edərkən, Emanuel Makron onu qəbul etdikdən həmən sonra mən onunla görüşdüm. Mənə elə gəldi ki, Makron onda xoş təəssürat yaradıb.
Məncə, Makron reallığı olduğu kimi qəbul edən realist diplomatiyaya qayıtmağa cəhd edir. Şəxsən mən bunu alqışlayıram. Biz Fransanın öyüdverən rolundan vaz keçməliyik. Əgər Fransa təsirə malik olmaq istəyirsə, qoy, o, qəti insan haqları dərsi verməsin, nümunə göstərsin.
Reallıq ondan ibarətdir ki, Vladimir Putinin Rusiyası böyük tarixi olan böyük dövlətdir və bu gün onunla yalnız Avropada deyil, bütün dünyada hesablaşırlar.
Jan-Klod Qalli
“Le Courrier de Russie”, Rusiya
strateq.az
Paylaş: