Xəbər lenti

Mehmet Koç

“İran Araşdırmaları Mərkəzi” (Türkiyə)

 

ABŞ Suriya siyasətində “Suriya Demokratik Qüvvələri” (SDQ) adlandırdığı YPG terror təşkilatına üstünlük verir. Qısa müddət əvvəl SDQ səlahiyyətlilərinin Şimal Ordusu qurduğunu açıqlamasından sonra, ABŞ-ın Türkiyə və İraq sərhədini qorumaq məqsədilə 30 minlik Sərhəd Qoruma Gücü yaradacağını bəyanatı Türkiyə tərəfindən milli təhlükəsizliyə birbaşa təhlükə kimi görülür.

Türkiyənin ən üst səviyyədə, prezident Ərdoğanın dilindən yaxın zamanda başda Afrin olmaqla, Suriyanın şimalındakı bəzi bölgələrdə hərbi əməliyyat keçirəcəyi şərhi Suriyadakı proseslərdə iştirakçı ölkələr tərəfindən diqqətlə izlənilir. Bu ölkələrdən biri, şübhəsiz ki, İrandır.

İran və Türkiyə arasında son dövrlərdə yaşanan yaxınlaşmanın Suriyada bəzi müsbət nəticələr doğurmağa yaxın olduğu görülür. Həm digər ölkələr, həm də Rusiyanın ortaq hərəkət etmə zəmini güclənir.

Türkiyə və İran, bir tərəfdən, Suriyanın gələcəyi ilə əlaqədar olaraq 23 yanvar 2017-ci ildə başlayan Astana prosesini Rusiya ilə birlikdə icra edir, digər tərəfdən də, bəzi regional proseslərdə ortaq mövqe sərgiləyib. 6 İyunda (2017) başlayan Qətər böhranı və 25 Sentyabr (2017) İraq Regional Kürd Rəhbərliyinin (İRKR) müstəqillik referendumu məsələlərində oxşar mövqelər bunun açıq nümunələridir.

Bütün bu əməkdaşlıqların sonra yaxınlaşan iki ölkənin ən yüksək səviyyəli hərbi rəsmilərinin regional təhlükəsizlik və terrorizm mövzularında müzakirələri bu ortaq zəmini daha da gücləndirib.

İran, bölgədə yaşanan təhlükəsizlik problemlərinə görə bəzi ölkələrin bölünmə riskinin domino təsiri yaradacağını və bunun da öz milli təhlükəsizliyi və ərazi bütövlüyünü riskli hala gətirəcəyini düşünür. Əsasən Suriya böhranında başlanğıcdan etibarən bu riski aradan qaldırmaq məqsədi ilə İran öz milli təhlükəsizliyinin Aralıq dənizinin sahillərindən başladığını ifadə edərək, mümkün bölünmə prosesini Suriyada dayandırmağı qarşısına məqsəd qoyub.

Buna görə də, Türkiyənin Suriyanın şimalındakı proseslərdən duyduğu narahatlıq və göstərdiyi təpkinin İran tərəfindən anlayışla qarşılanması gözlənilir.

İndiyə qədər iranlı səlahiyyətlilər ABŞ-ın qurma hazırlığında olduğu 30 min nəfərlik terror ordusu fikrini tənqid etsələr də, Türkiyənin atacağı addımlar mövzusunda hələ bir şərh verməyiblər. Doğrudur, prezident Həsən Ruhani başda olmaqla, iranlı səlahiyyətlilər ABŞ-ın layihəsini Suriyanın ərazi bütövlüyünə və bölgəyə qarşı sui-qəsd qiymətləndiriblər.

 

İranın mümkün təpkiləri

 

Ancaq İranın Türkiyənin layihəsindən doğacaq risklərə qarşı atacağı addımlara dair çox səssiz qalması maraqlıdır. İranın səssizliyi gizli konsensus kimi şərh edilməlidir. Çünki İran 2016-cı ilin avqustunda başlayan “Fərat Qalxanı” əməliyyatına qarşı sərt təpki göstərərək bu əməliyyatın Suriyanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğu fikrini müdafiə etmiş və Türkiyədən hərbi gücünü bu ölkədən çəkməsini istəmişdi.

İki ölkə arasında münasibətlərin gərgin olduğu dövrlərdə sərgilənən bu münasibət xüsusilə üç səbəbdən yaxınlaşma və razılaşmalardan sonra Afrin əməliyyatında təkrarlanmayacaq.

İlk olaraq, Türkiyə və ABŞ arasındakı regional baxış ayrılıqları dərinləşdiyindən və gələcək Afrin əməliyyatı Tehran-Ankara yaxınlaşmasını gücləndirəcəyindən İranın bu mövzuda ən azı səssizliyi qoruyacağı və əleyhinə rəftar sərgiləməyəcəyi deyilə bilər.

ABŞ-İsrail-Körfəz blokunun İrana təzyiqi artıracağını hesaba aldıqda, bu ehtimal güclənir.

İkincisi, İran ABŞ-ın dəstəklədiyi kürd qruplarının Suriyanın şimal hissəsində müstəqil bir dövlət yaratması və mümkün muxtariyyət əldə etməsini istəmir. Türkiyənin istər Afrin, istərsə də digər bölgələrdə əməliyyatlarının bu gedişatı dəyişdirəcəyi düşüncəsi İranın dəstəyini doğuracaq.

Üçüncüsü, İran-Türkiyə əlaqələrinin gələcəyi, böyük nisbətdə regional proseslərin seyrinə bağlıdır. İki ölkə üçün ümumi təhdidlər instinkti artdıqca, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi gözlənilə bilər və bu, Ankaranın Suriyada olmasına Tehranın səssiz qalmasına səbəb ola bilər.

Həmçinin ümumi təhlükə mövcud olanda, İranın mövqeyini sərtləşdirəcəyi güclü bir ehtimaldır.

İran və Əsəd rejiminin Türkiyənin Suriya siyasətinə təpki olaraq PYD-yə meydan verməsi və ABŞ-ın bu prosesə 2014-cü ildə İŞİD-in ortaya çıxışından sonra qatılması da unudulmamalıdır.

Digər tərəfdən, PYD / SDQ-nin Türkiyəyə qarşı Əsəd rejimi ilə əməkdaşlıq etməyə hazır olduğu görülməkdədir.

İran, Türkiyəni gözləyən bu riski zaman-zaman regional siyasətində bu ölkəyə qarşı bir koz olaraq istifadə etmək istəyəcək. Tehran iki ölkə arasında təhlükəsizliyin və terrorizmlə əlaqəli konvergensiyanın konyunkturanın təsiri altında inkişaf etdiyini bilir. Şərtlər dəyişdirildikdə, İran hələ açılmayan kartları tapmaq istəyəcək. Bu vəziyyət, hər nə qədər Türkiyənin Afrin əməliyyatı məsələsində İranın əks-təpkisinə səbəb olmasa da, ikibaşlı mövqe sərgiləmə doğura bilər.

Afrin əməliyyatında Türkiyənin qaçaraq davranmaması regional və qlobal tarazlıqları gözləməsindən qaynaqlanır. İstər Rusiyanın sözügedən bölgədəki varlığı, istərsə də ABŞ-NATO ilə olan əlaqələrin dərin yaralar açmaması üçün Türkiyə ehtiyatlı davranır. Buna Suriyaya mühüm təsir göstərən İran faktoru da əlavə olunmalıdır. Hər fürsətdə Suriyadakı hərbi varlığının milli təhlükəsizliyini təmin etməyə istiqamətli olduğuna vurğulayan Türkiyə, Suriyada İran kimi ölkələrlə ortaqlıq zəminini sarsıtmaq istəmir.

ABŞ-ın Türkiyənin cənubunda meydana gətirməyi hazırladığı terror ordusu həm Türkiyəyə qanuni müdafiə haqqı verir, həm də bu prosesdən bərabər dərəcədə narahat olan İranın Türkiyənin mövqeyini anlamasını təmin edir. Buna görə də yaxın zamanda başlaması gözlənilən Afrin əməliyyatının Türkiyə-İran əlaqələrinin ən əhəmiyyətli testi olacağı deyilə bilər.

İranın bu məsəldə susması digər sahələrdə ediləcək güzəştlərdən asılı olacaq. Suriyada hələ də Əsədin varlığını "qırmızı xətt" kimi görən İranın bu müddətdə Türkiyəni öz mövqeyinə daha da yaxınlaşdırmaq istəyəcəyi aşkardır.

Türkiyənin isə bir müddətdir cənub xəttindəki təhlükəni prioritet halına gətirməsini nəzərə alaraq, Afrin əməliyyatının reallaşması vəziyyətində daha əhəmiyyətli başqa proseslərə qapı açacağı aydındır.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 028          Tarix: 20-01-2018, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma