Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Strateq.az saytına müsahibə verib. İqtisadçı-deputat 2015-ci il devalvasiyasından sonra ölkə iqtisadiyyatının müxtəlif sahələrində hökm sürən dərin tənəzzül və onlardan qurtulma yolları haqda fikirlərini açıqlayıb.
Strateq.az həmin müsahibəni təqdim edir:
– Əli müəllim, iki devalvasiyadan sonra hökumətin həyata keçirdiyi anti-böhran tədbirlərinin bu gün gözlə görünən nəticələri nədən ibarətdir? Əhalinin hansı təbqələri böhranın ağır təsirlərindən müdafiə olundu?
– 2015-ci ilin iki şok devalvasiyası Azərbaycan iqtisadiyyatının bütün sahələrinə – real, maliyyə və sosial sferalara ciddi zərbə vurdu. 21 fevraldakı 34 faizlik devalvasiya nəticəsində, obrazlı şəkildə desək, iqtisadiyyatımızda 10 ballıq sistem üzrə 6 ballıq “zəlzələ” baş verdi. Nəticədə iqtisadiyyatımızın zəif həlqələri dağıldı və ortababları çat verdi, möhkəmlər isə zədə ilə vəziyyətdən çıxa bildilər.
Bir ilin içində 2-ci dəfə-dekabrın 21-də hökumət daha güclü – 48 faizlik şok devalvasiyaya getdi. Bunu isə iqtisadiyyatımızda 10 ballaıq sistem üzrə 8 ballıq “zəlzələ” ilə müqayisə etmək olar. Birinci “zəlzələdə” çat verən həlqələr bu dəfə əvvəlkindən daha güclü təkanların təsiri ilə dağıldı. İki devalvasiya nəticəsində manatın ABŞ dollarına nisbətən məzənnəsi 2 dəfədən çox aşağı düşdü. Həmin devalvasiyalar şok xarakterli olduğundan, iqtisadiyyatımızın real, maliyyə və sosial sferalarında bir sıra ciddi problemlər doğurub.
Hökumət devalvasiyanın nəticələrini aradan qaldırmaqdan ötrü sistemli olmasa da, hər halda müəyyən tədbirlər həyata keçirdi. 2017-ci ildə Azərbaycan iqtisadiyyatında staqnasiya elementləri ilə yanaşı, böhrandan çıxma əlamətləri də özünü göstərmiş oldu.
– Bu əlamətləri hansı sahələrdə müşahidə edirik?
– Daha çox qeyri-neft sektorunda. Çünki qeyri-neft sektorunda 2016-cı ildəki 4,5 faizlik enmədən sonra 2,7 faiz artım oldu. Devalvasiyadan sonra hökumətin həyata keçirdiyi anti-böhran tədbirlərinin daha çox görünən əsas nəticələri arasında iqtisadiyyatın 2015-2016-cı illərdəki geriləməsinin 2017-ci ildə qismən qarşısının alınması və bu il artıma nail olunmasını göstərmək olar. Bununla yanaşı, qeyri-neft sektorunda ixracın artması, tədiyyə balansında 1 milyard dollardan, xarici ticarət balansında isə 6 milyard dollardan artıq müsbər saldonun yaranmasını qeyd etmək olar. Eyni zamanda 2017-ci ilin birinci rübübndən başlayaraq manatın nisbi sabitliyinin təmin olunması və 1 dollar = 1,70 manat ətrafında qərarlaşmasını göstərmək olar.
– Bəs başqa sahələrdə itkiləri kompensasiya etmək mümkün olubmu?
– Görülən işlər hələ də devalvasiyanın sosial itkilərini aradan qaldıra bilməyib.
– Sizcə, niyə?
– Çünki devalvasiyanın sosial nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər bu sahədəki əsas problemlərin həlli üçün yetərli olmadı. Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlərə münasibətdə bank elitasının xeyrinə qərar qəbul etdikdən sonra devalvasiyanın bütün ağırlığı banka borcu olan vətəndaşların və biznes strukturlarının üstünə atıldı. Əgər nəzərə alsaq ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var, o zaman bu ağırlıqda yükün əhalinin üstünə atılmasının fəsadları aydın olar.
– Bəs hökumət böhranın təsirlərindən kimi müdafə elədi?
– Əllərində küllüi miqdarda xarici valyuta – dollar-avro olanlardan başqa, əhalinin bütün təbəqələri devalvasiyanın ağır nəticələrindən müxtəlif formalarda zərər şəkdi. Burada əmək haqqlarının daha çox hissəsinin kreditlərin ödənilməsinə yönəldilməsini, əhalinin yoxsullaşmasını, daşınar və daşınmaz əmlaklarının kreditə görə itirilməsini, sahibkarların bankrot vəziyyətinə düşməsini, iş yerlərinin bağlanması nəticəsində işsizliyin artmasını və s. qeyd etmək olar.
– Bank sektorunda çox böyük problemlər yarandı və bu sahədə böhran hələ də davam edir. İnzibati qaydada xeyli dəyişikliklərə rəğmən, ciddi nəticələrin əldə olunmamasının səbəbləri nədir?
– Bank sektorunda vəziyyətin arzuolunan səviyyədə olmamasının səbəbləri çoxdur. Əsas səbəb isə odur ki, Azərbaycanın bank sektoru neft amilinin prioritet təşkil etdiyi, xüsusən də neft bumu mərhələsinin “yetişdirməsidir”. Həmin dövrün prinsipləri, daha doğrusu, yazılmamış qanunları əsasında formalaşıb inkişaf etmiş bank sistemi neftin qiyməti aşağı enən kimi, ağır vəziyyətə düşüb sarsılmağa başladı. Beynəlxalq praktikadan məlumdur ki, banklar öz fəaliyyətinin səmərəliliyini artırmaqdan ötrü onlarla mütərəqqi üsulların effektiv kombinasiyasından istifadə edir.
– Bəs bizdə?
– Bizdə isə bir neçə bankı çıxmaq şərtilə, qalanları yalnız soyğunçu faizlər tətbiq eləmək və müştəri üzərində müxtəlif manipulyasiyalar aparmaqla yüksək gəlir götürmək istəyirlər. Bunun perspektivi yoxdur. Bu onu göstərdi ki, həmin bank sistemi islahatlardan, sağlamlaşdırma prosedurlarından keçmədən yeni, postneft mərhələsində səmərəli şəkildə fəaliyyət göstərə bilməz. Hökumət hansı sahədə böhrana qarşı tədbirləri yetərli səviyyədə təşkil edə bilibsə, həmin sahə böhrandan çıxıb və ya çıxır. Məsələn, qeyri-neft sektoru. Hansı sahədə böhrana qarşı tədbirləri yetərli səviyyədə olmayıbsa, orada vəziyyət hələ də sabitləşməyib. Misal üçün, bank sektoru və problemli kreditlər sahəsində vəziyyət acınacaqlıdır. 2017-ci ildə bu istiqamətdə müəyyən addımlar atılsa da, bank sisteminin sağlamlaşmasına geniş yol aça bilən əsas problemin – xarici valtutada olan kreditlər probleminin həlli istiqamətində real nəticələri olan iş görülmədi. Vaxtı keçmiş kreditlərin həcmi təhlükəli həddə çatıb. Bu sahədə yığılıb qalmış problemləri çözmədən bank sistemini tam sağlamlaşdırmaq, buna nail olmadan isə qeyri-neft sektorunu hərtərəfli və yüksək sürətlə inkişaf etdirmək çətin olacaq.
– Dollar kreditləri ilə bağlı məhkəmlərdə on minlərlə şikayətlər var. Hökumət bu sahədə niyə əhalinin xeyrinə addm atmadı? Bəzi ekspertlər bankların hakimiyyətin siyasətinə ciddi təsir rıçaqları olan məmur oliqarxiyasına məxsus olduğunu səbəb kimi göstərirlər, siz necə düşünürsüz?
– Hər bir bankın arxasında bilavasitə və dolayısı ilə kimlərin durduğu aydın məsələdir. Bu amil, təbii ki, xarici valyutada olan kreditlərə münasibətdə Konstitusiya Məhkəməsinin bankların maraqlarına uyğun qərarına və borclulara qarşı tədbirlərin sərtliyinə təsir edib. Amma məsələ burasındadır ki, qabaqcadan xəbərdar etdiyimiz kimi, həmin birtərəfli qərardan əhali ilə yanaşı, bankların özləri də ziyan çəkirlər. Devalvasiyadan sonra bağlanan bankların sayının artması göstərdi ki, əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb. Borc tələsinə düşmüş yüz minlərlə vətəndaşımız boyük maliyyə itkilərinə məruz qalmaqla yanaşı, həm də həbs və hər şeyini itirmək təhlükəsi ilə üz-üzə qoyulub. Bank öhdəliyi olan biznes strukturlarını nəzərə almaqla, Azərbaycan əhalisinin hər 4 nəfərindən birinin banklara borcu var. Bəzi banklar müxtəlif manipulyasiyalarla vətəndaşlardan verdikləri kredit məbləğindən 2-3 dəfə artıq vəsait tələb edirlər. Əhalinin əksəriyyəti bu cür şişirdilmiş məbləğləri qaytarmaq imkanında deyil. Ona görə də son vaxtlar problemli kreditlər sürətlə artıb və təhlükəli həddə çatıb. Banklar kreditləri geri almaqdan ötrü məhkəmə üsulundan istifadə edir. Rəsmi açıqlamalara görə, Azərbaycan məhkəmələrində olan işlərin 40 faizi bank-müştəri münasibətləri ilə bağlıdır. Son illər müəyyən vaxt kəsimlərində bu rəqəm 80 faizi belə ötüb. Hazırda tətbiq olunan məhkəmə üsulu birtərəfli şəkildə bank elitasının maraqlarını güdür və yarımçıq xarakter daşıyır deyə, bu, problemli kreditlərin optimal həll yolu deyil.
– Bəs həll yolu nədir, nə təklif edirsiniz?
– Azərbaycanın bank sisteminin əsas problemlərinin həlli üçün bankların maraqlarını birtərəfli şəkildə ifadə edən, fraqment xarakterli yox, problemin ciddiliyinə və miqyaslarına adekvat cavab islahatlarına ehtiyac var. Bunu nəzərə alaraq deputat həmkarım Vahid Əhmədovla birlikdə bu sahənin tanınmış mütəxəssislərinin də fikirlərini almaqla maliyyə sağlamlaşdırılmasına dair “Təkliflər paketi” hazırlayıb aidiyyəti qurumlara göndərdik. Həmin “Təkliflər Paketi”ndə maliyyə-bank sistemindəki mövcud və arzuolunan vəziyyət, nail olma yolları, hüquqi və maliyyə təminatı, eləcə də təşkilati tədbirlər öz əksini tapıb.
– Paketdə konkret hansı addımların atılmasını göstərirsiniz?
– Bizim təkliflərin qısa məğzi bundan ibarətdir ki, 5 min, imkan varsa, 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar. Borcunu heç ödəyə bilməyən şəxslərə isə beynəlxalq praktikadan məlum olan müflisləşmə mexanizmi tətbiq edilməlidir. Bu əsasda şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alanlar, tənha analar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın.
Təklif etdiyimiz sxem üzrə borcların 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsini isə dövlət çəkməlidir.Çünki dövlət dəstyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür.
– Banklar bu təklifləri necə qarşıladılar?
– Bizim risklərin bölüşdürülməsi prinsipi əsasında hazırladığımız “Təkliflər paketi”nin gerçəkləşməsində banklar maraqlı idi. Bəzi hökumət strukturları və Maliyyə Bazarlarına Nəzarət Palatası isə əleyhinə çıxdı. Bu da həm iqtisadiyyata, həm əhaliyə, həm də banklara çox baha başa gəldi. Buna baxmayaraq, Vahid müəllimlə birlikdə bu sahədəki fəaliyyətimizi intensivləşdirdik. Ölkənin bank sektorunda yaranmış vəziyyətdən çıxış yollarının axtarılması və işlək bir mexanizmin yaradılması məqsədilə bank sektoruna cavabdeh olan səlahiyyət sahibləri və kommersiya banklarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilməsi təklifi ilə çıxış etdik. Aidiyyəti orqanlara təqdim etdiyimiz bank sisteminin sağlamlaşdırılması və “manatın devalvasiyası zamanı xarici valyutada olan borcların artmasının yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan tədbirlər”in yenidən müzakirəsi problemin tam həlli olmasa da, hər halda onun “ölü nöqtədən” tərpədilməsi üçün çox vacibdir.
– Problemin köklü həlli isə bu gün real görünmür…
– Bunu üçün siyasi qərarın olmasına ehtiyac var.
– Bu günki iqtisadi mənzərəyə gələk: neft 80 dollardan baha satılır, makroqitisadi göstərcilərdə problem yoxdur, amma ölkədə iqtisadi tənəzzül davam edir. Bu paradoksu necə izah etmək olar?
– Beynəlxalq Valyuta Fondu və digər bu kimi qurumlar fəal makroiqtisadi siyasət və proqnozlaşdırıldığından daha üstün neft qiymətləri sayəsində Azərbaycan iqtisadiyyatının 2017-ci ildə stabilləşdiyini, 2018-ci ildə isə hökumətin rəsmi proqnozlaşdırdığı 1,5 faizə qarşı 2 faizə qədər, qeyri-neft sektorunda isə 4 faizə qədər iqtisadi artım olacağını proqnozlaşdırır. BVF hesab edir ki, 2019-cu ildə isə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,9% artacaq, inflyasiyanın səviyyəsi isə 2017-ci ildəki 13 faizdən birrəqəmli səviyyəyə enəcək və 2018-ci ildə 7%, gələn il isə 6% olacaq.
Ötən il “Azəri-Layt” neftinin orta illik qiyməti büdcə proqnozlarında götürülmüş 40 dollara qarşı 55 dollar olub. Bu il neftin qiyməti xeyli yüksəlib və son günlər 80 dollardan baha satılır. Bu, Azərbaycana milyard manatlarla ölçülən əlavə gəlir gətirir. Ötən illə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri yaxşılaşmağa başlayıb. Ümumi daxili məhsul 1,2 faiz, o cümlədən qeyri-neft ÜDM-i 2,1 faiz, qeyri-neft sənayesi 11 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 3,5 faiz artıb. Deməli, bu il iqtisadi tənəzzüldən çıxış başlayıb.
– Bu müsbət dinamikanı bütün sahələrə aid etmək olarmı?
– Bir sıra sahələrdə geriləmə davam edir. Məsələn, əvvəlki 2 ildə olduğu kimi, bu il də sərmayə qoyuluşları nəzərəçarpan dərəcədə azalır. Kredit qoyuluşları da 25 faiz azalıb. Bu, iqtisadiyyata mənfi təsir göstərir. Ötən il əmək haqqlarının 7 faiz artımına qarşı 13 faiz inflyasiya oldu. Ərzaq məhsullarının qiymətləri rəsmən 15 faiz, əslində isə bundan xeyli çox artdı. Nəticədə əhalinin real gəlirləri kəskin surətdə azaldı və deməli, bu hal əhalinin güzəranını pisləşdirdi.
Bu ilin 4 ayı ərzində inflyasiya 3,5 faiz olub. Əmək haqqları da ümumən bir o qədər, martdan etibarən isə büdcə təşkilatlarında çalışanların maaşları 10 faiz artıb. Amma bu 10 faizlik artım, işləyənlərin xeyi hissəsinin maaşlarının 20 – 40 manat artması demək olduğundan, son illərdə əhalinin sosial itkilərini kompensasiya etmək üçün yetərli deyil. Ümumi götürdükdə, bu il iqtisadi göstəricilərdə müsbət meyllər özünü göstərsə də, hələlik bu, sosial sahədə vəziyyətin yaxşılaşdırılması üçün yetərli deyil. Əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməsinə ehtiyac var.
Biz hər dəfə əmək haqqlarının, pensiyaların, müavinətlərin artırılması məsələsini qaldıranda, buna əks arqument kimi inflyasiyanın yüksələcəyini bildirirlər. Azərbaycanda əhalinin xeyli hissəsinin maaşları potensial imkanlarla müqayisədə aşağıdır. Belə aşağı səviyyəli maaşların qaldırılması ciddi inflyasiya mənbəyi ola bilməz. Azərbaycanda ikirəqəmli infilyasiya üçün iqtisadi əsas yoxdur. Qiymət artımının yarıdan çoxunu monopoliyalar törədir. Onlar hər il əhalinin ailə büdcəsinə əlavə olaraq 2 milyard manatdan çox ziyan vururlar.
– Azərbaycanda ən ciddi problemlərdən biri işsizlikdir, dövlət qurumları rəsmi rəqəmləri çox aşağı göstəririlər. Hökumətin bu istiqamətdə fəaliyyəti nədən ibarətdir? Əslində hansı addımların atılmasına ehtiyac var?
– Devalvasiyanın doğurduğu böhranlı vəziyyət bir sıra müəssisə və təşkilatların da fəliyyətinin daralmasına və qapadılmasına gətirib çıxardı. Bunun mənfi təsirini azaltmaq üçün hökumət iş yerlərinin açılması istiqamətində səylərini artırdı. Həm müvəqqəti iş yerləri yaradılmağa başlandı, həm də yeni istehsal sahələrində, xüsusən də sənaye parkları və bu qəbildən olan strukturlarda zəruri iş yerləri açıldı. Amma yeni iş yerləri ilə bağlı rəqəmlərlə reallıqlar arasında fərq var. Ona görə də iş yerləri açılmasına baxmayaraq, hələ də ölkəmizdə məşğulluq məsələsi ən ciddi problemlərdən biri olaraq qalmaqdadır. Yeni iş yerlərinin açılmasına münasibətdə, hər şeydən əvvəl, onu nəzərə almaq lazımdır ki, sovet təfəkkürü və psixologiyası ilə açılan iş yerləri müvəqqətidir və onun xeyli hissəsi bir müddətdən sonra qapanacaq. İqtisadi azadlıqlar genişləndirilməli, məmur müdaxilələri yığışdırılmalı və elə şərait yaradılmalıdır ki, özəl sektor iş yerləri açmaqda maraqlı olsun, sahibkar perspektivli sahələrə sərmayə qoyub, iş yerləri açması imkanını genişləndirsin. Kimin əlində pulu varsa, ona imkan yaratmaq lazımdır ki, istehsal, xidmət və sair obyektləri yaratsın.
– Bölgələrdə isşizlik problemi daha qabarıqdır…
– Bəli, bölgələrdə iş məsələsi ciddi xarakter daşıyan problemə çevrilib. Ona görə ölkə əhalisinin iqtisadi fəallığının artırılmasına, yeni məşğulluq sahələrinin yaradılmasına daha çox ehtiyac var. Bu sahədə görülən işlər var, ancaq ümumilikdə regionlarda sosial vəziyyət yaxşı deyil. İnsanların xeyli hissəsi işsizlik, yoxsulluq və məmur özbaşınalıqlarından daha çox əziyyət çəkir. Regionlarda əhalinin gəlirləri Bakıdakından 2,5-3 dəfə aşağıdır. Bunu tam aradan qaldırmaq mümkün deyil, amma fərqi azaltmaq üçün səylər artırılmalıdr.
Bu problemlərin həllini sürətləndirməkdən ötrü regionların potensialından dolğun istifadə etməklə, regional inkişafın sürətləndirilməsi üçün xeyli iş görülməlidir. Yeni iqtisadi strukturlarda açılan iş yerlərində əmək haqqı yaxşıdır. Amma bəzi iş yerlərində və yeni açılan obyektlərdə əmək haqqları çox aşağıdır. Fikrimizcə, 150-170 manat məvacibli iş yerlərinin açılması problemin həlli demək deyil. İşçi həmin pula yalnz 1 ay ərzində iş yerində günorta yeməyi yeyə bilər, amma ailə saxlaya bilməz. Yerlərdə yüksək maaşlı iş yerləri olmalıdır ki, əhali də məşğulluq probleminin həlli istiqamətində atılan addımlardan razı qalsın. Regionlarda yüksək maaşlı iş yerlərinin açılmasına hökumət diqqət ayırmalıdır.
Bölgələrə yönəldilmiş vəsaitin vaxtında öz təyinatına görə istifadəsinin işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir. Bu işdə şəffaflıq və ictimai nəzarətin gücündən geniş istifadə edilməlidir. Müqayisəli üstünlük prinsipinin tələblərini nəzərə almaqla həm regionların resurslarından səmərəli istifadəyə əsaslanan, hər bir bölgənin yerli xammal ehtiyatlarına uyğun istehsal sahələrinin yaradılması, həm də yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının, eləcə də elmtutumlu və innovativ istehsalın genişləndirilməsi üçün sistemli işlər görülməsi gərəkdir. Bakıda, eləcə də milli təhlükəsizlik meyarlarına əməl etməklə müvafiq regionlrda xarici kapitalın iştirakı ilə birbaşa müstəqil və birgə müəssisələrin qurulması çox vacibdir.
– Ərzaq və xidmətlərin qiymətləri ilə əhalinin gəlirlərində olan disbalans getdikcə artır. Amma hökumətin yoxsulluq səviyyəsi və işsizliklə bağlı rəqəmləri dəyişmir. Sizcə, bu, niyə belədir, gerçək mənzərə nədən ibarətdir?
– Mən, yoxsulluq və işsizliyə dair rəsmi statistika göstəricilərini tez-tez tənqid edirəm. Bununla əlaqədar bütövlükdə postsovet məkanı ölkələrini təqdiq elədim. Bu zaman gördüm ki, postsovet ölkələrinin hamısı yoxsulluq, işsizlik kimi göstəriciləri hesablayarkən, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan meyarlar üzrə eyni metodikaya əsaslanırlar. Bu, həm də milli qanunvericiliklərdə, həmin kateqoriyaya aid ölkələrin qanunlarında öz əksini tapır. Bu sahədə kompleks yanaşılmış bir islahata və reallıqları əks etdirən dürüstləşmələrin aparılmasına ehtiyac var. Həm də hökumət strukturları hesabatlarında birtərəfli qaydada göstərirlər ki, ötən il əhalinin adambaşına düşən gəlirləri 8 faiz artıb və güzəranı yaxşılaşıb. Amma nəzərə alanda ki, bununla paralel olaraq qiymətlər də rəsmi açıqlamalara görə 13-15 faiz artıb, deməli, gəlirlərin 8 faiz artımı ilə əhalinin güzəranı yaxşılaşmayıb. Əksinə, inflyasiya gəlir artmından iki dəfə yüksək templə artdığından, xeyli adamın güzəranı pisləşib.
İqtisadiyyat, riyaziyyat kimi, dəqiq elmdır. Fərqi ondan ibarətdir ki, riyaziyyatda 2 dəfə 2-nin 4-ə bərabər olduğunu hamı qəbul edir. İqtisadiyyatda isə arada 2 dəfə 2-nin 14-ə bərabər olduğunu demək cəhdləri olur. Amma bir müddətdən sonra onun mənfi fəsadları özünü göstərir. Məsələn, məşğulluğun uçotu düzgün aparılmayanda, bu, bir müddətdən sonra Sosial Müdafiə Fondunun göstəricilərinə, büdcədə isə fiziki şəxslərdən gəlir vergisinin göstəricilərinə mənfi təsir göstərir, yəni proqnozlaşdırılan qədər vəsait toplanmır.
– Seçkidən sonra formalaşdırılan yeni komandadan gözləntiləriniz nədir? Xüsusən, sosial siyasətdə hansı yeniliklər gözləyə bilərik?
– Əgər Azərbaycanın sosial-iqtisadi tərqqisinin sürətləndirilməsi naminə mütərəqqi sistem dəyişiklikləri ilə müşayət olunan kompleks islahatalar həyata keçirilsə, iqtisadiyyatımızın həm maliyyə, həm real, həm də sosial sektorlarında vəziyyət sürətlə yaxşılaşacaq. Ona görə də islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi minimuma endirməklə, yenidən sürətli inkişaf trayektoriyasına çıxa bilək. Azərbaycanın buna potensialı yetərincədir. Çatışmayan yeganə məqam isə mütərəqqi sistem dəyişiklikləri kontekstində islahatçı və çevik hökumət modelinə keçidin sürətləndirilməməsi ilə bağlıdır. Bu məsələyə münasibətdə bizim prinsipial mövqeyimiz belədir ki, kadr islahatları özündə məqsəd xarakteri daşımamalı və ona sosial-iqtisadi tərəqqinin sürətləndirilməsi naminə mütərəqqi sistem dəyişikliyinin mühüm tərkib hissəsi kimi baxılmalıdır. Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir.
– Bu mərhələnin çağırışları nədən ibarətdir?
– Yeni mərhələnin məntiqinə, müasir dövrün çağırışlarına dolğun şəkildə cavab verilməsi lazımdır. Xalqın güzəranının yaxşılaşdırılması və əhalinin bütün təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi üçün bütün sahələrdə demokratik islahatların həyata keçirilməsi obyektiv tələbata çevrilib. Həmin demokratik və sistemli islahatlar kontekstində, hər şeydən əvvəl, dövlət idarəetmə və tənzimləmə sistemi əsaslı surətdə modernləşdirilməlidir. Dünyada gedən proseslərə operativ reaksiya verən, operativ və optimal qərarlar qəbul edən və maksimum şəffaf fəaliyyət göstərən “yaxşı idarəetmə modeli”nə keçilməli, bu əsasda idarəetmənin çevikliyi artırılmalı və səmərəliliyi yüksəldilməlidir. Bu baxımdan, hazırkı islahatlar zamanı kadr islahatları ilə müşayiət olunan idarəçilik sisteminin əsaslı surətdə təkmilləşdirilməsi mühüm yer tutur. Ona görə də prezident seçkilərindən sonra yeni təyinatlar olan dövlət qurumlarındakı kadr dəyişikliklərinin bir hissəsini, xüsusən də gənc kadrların irəli çəkilməsini və islahatlar kontekstində onlara şans verilməsi müsbət haldır. Komandada Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevanın, təhsil naziri Ceyhun Bayramovun, kənd təsərrüfatı naziri İnam Kərimovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun yer almasını müsbət qiymətləndiririk. Komandadakı bu dəyişikliklər cəmiyyətdə müəyyən gözləntilər yaradıb. Hələlik piar mərhələsidir. Bunun sosial sahəyə müsbt təsiri isə yalnız mütərəqqi sistem dəyişikliyi şəraitində özünü dolğun şəkildə göstərə bilər.
– Yeni Baş nazirdən gözləntiləriniz varmı?
– Baş nazir postunun mühüm siyasi və strateji post olduğunu və bu posta çox gözlərin dikildiyini nəzərə almaqla yanaşsaq, hazırkı reallıqların məntiqindən doğan optimal variant kimi, Novruz Məmmədovun yeni Baş nazir təyin edilməsinə müsbət yanaşırıq. Nazirlər Kabinetinin fəaliyyətinin səmərəlilik dərəcəsi xeyli dərəcədə demokratik və sistemli islahatlar kontekstində dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsindən asılıdır. Dünyada gedən proseslərə operativ reaksiya verən, operativ və optimal qərarlar qəbul edən və maksimum şəffaf fəaliyyət göstərən “yaxşı idarəetmə modeli”nə keçilməsi, bu əsasda idarəetmənin çevikliyi artırılması və səmərəliliyin yüksəldilməsindən asılı olacaq.
– Rayonlarda pambıq əkininin, yaxud barama yetişdirilməsinin sovet ənənələri ilə aparılmasını necə qiymətləndirirsiniz? Əslində, bu sahələr dövlət nəzarətindədirmi? Yəni dövlətin pambığı, baraması varmı?
– Rayonlarada pambıq istehsalının yenidən canlandırılmasını müsbət qiymətləndiririk. Ötən il pambqçılığın inkişafı üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Qısa zaman kəsiyində ölkədə pambıqçılığı bərpa etmək nöqteyi-nəzərindən bəlkə də bu sahəyə indiki yanaşmanı ilkin məhhələ üçün zəruri hesab etmək olar. Amma bu, əbədi olmamalıdır. Bu baxımdan istənilən sahədə istehsalın sovet ənənələri ilə aparılmasını həmişə mənfi qiymətləndirmişik.
Aqrar sahənin inkişafına bizim baxış-bucağımız fərqlidir. Əlbəttə, dövlət kənd təsərrüfatına münasibətdə özəl sektorun sərmayə qoymaq istəmədiyi sahələrə sərmayə qoyub suvarma sistemini yaxşılaşdırmalı, torpaqların şoranlaşmasına, erroziyasına və s. qarşı tədbirlər istiqamətində zəruri işlərə kömək etməlidir. Bununla yanaşı istər pambıq olsun, istər barama, istərsə də başqa bir məhsul, mütləq monitorinq həyat keçirib, istifadə olunan vəsaitin səmərəlilik dərəcəsi öyrənilməlidir. Əldə edilən müsbət nəticələr və çatışmazlıqlar obyektiv araşdırılmalı və ağırlıq mərkəzi özəl təşəbbüsün üzərinə keçirilməklə iri, orta və xırda fermer təsərrüfatlarının fəaliyyətinin effektiv kombinasiyasına nail olunmalıdır.
Bütün dünyada olduğu kimi, bizdə də kənd təsərrüfatına dövlət dəstəyi həyat keçirilir və bu, daha təkmilləşdirilmiş formada davam etdirilməlidir. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatının inkişafına dövlət tərəfindən bilavasitə və ya vergi, gömrük rüsumları və pul-kredit siyasəti hesabına dolayı subsidiyalar həyata keçirilməsi yolu ilə dəstək verilir.
Azərbaycanda 11 ildən çoxdur ki, geniş subsidiyalaşma sistemi tətbiq olunur. Dövlət vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyanın ümumi məbləği 2018-ci ilin əvvəlində 1 milyard manat ətrafındadır. Bununla belə, hələ ki, Azərbaycanın kənd təsərrüfatındakı göstəricilər, xüsusən də məhsuldarlıq mövcud potensialdan qat-qat aşağıdır.
– Bu sahədə müsbət nəticələr əldə edilməsi üçün hansı addımların atılmasına ehtiyac var?
– Özəl təşəbbüsə geniş meydan verməklə bu istiqamətdə əldə olunan müsbət təcrübə ilə yanaşı, subsidiya sisteminin və mexanizminin təkmilləşdirlməsi və səmərəliliyinin artırılması istiqamətində bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Subsidiyaların verilməsində əkin sahələrinin kəmiyyətinin süni surətdə artırılması halları yığışdırılmalı, onun son məhsulun həcmi və keyfiyyəti nəzərə alınmaqla həyata keçirilməsi məsələsi prioritet təşkil etməlidir.
– Subsidiyaların həcmi də çox aşağıdır…
– Doğrudur, əksər məhsul növləri üzrə subsidiyaların məbləğı qənaətedici səviyyədə deyil. Bu vacib iqtisadi rıçağın stimullaşdırıcı rolunu artırmaqdan ötrü onun məbləğinin də artırılmasına ehtiyac var. Kənd təsərrüfatı məhsulları istehsalında ciddi artıma nail olmaqdan ötrü subsidiyanın verilməsi sahəsində prinsipial dəyişikliklər edilməlidr. Belə ki, beynəlxalq praktikadan məlum olan dövlətin müəyyən məhsul növləri üzrə alıcı qismində çıxış etməsi mexanizminin tətbiqinin genişləndirilməsini vacib hesab edirik. Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olacağı təqdirdə, aqrar subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə öncədən hazır olmalıdr. Bundan ötrü, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində kənd təsərrüfatına dəstək siyasəti ilə bağlı subsidiyalaşmanın digər maliyyə mənbələri ilə əvəzlənməsi priortet götürülmüşdür. Bu sənəddə ağırlıq daha çox özəl maliyyə mənbələrinə daha səmərəli çıxış üzərində qurulmuşdur.
Bununla belə, hesab edirik ki, ölkəmizin DTT-a üzv olacağı təqdirdə adaptasiya tənəzzülünə məruz qalmasının qarşısını almaqdan ötrü indidən DTT-in “yaşıl zənbil” prinsipinə üstünlük verməklə ekoloji cəhətdən təmiz məhsul istehsalınn genişləndirilməsinə xüsusi diqqət verilməlidir. Çünki həmin variantda subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur.
Fermerlərin sığortadan istifadəyə meylliliyinin artırılması üçün də təsirli tədbirlər görülməlidir. Daşqın və quraqlıq nəticəsində fermerlərə dəymiş ziyanın tam ödənilməsi və fermerləri müdafiə etmək üçün sığorta proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var. Bu cür mexanizmin tətbiqi aqrar sahə üçün çox ciddi problem olan məhsuldarlığın və bir sıra hallarda keyfiyyətin də aşağı olması probleminin uğurlu həllinə ciddi dəstək olar: məhsul istehsalçıları daha çox subsidiyalar ala bilər və bu əsasda məhsuldarlığın artırılmasına maddı marağı artar, itkilər azalar, istehsal olunan məhsulların keyfiyyəti yüksələr, yerli tələbat dolğun şəkildə təmin olunar. Nəticədə aqrar sahənin eksport göstəriciləri indiki ilə müqayisədə qat-qat artmış olar.
Söhbətləşdi: Elçin RÜSTƏMLİ
Strateq.az
Paylaş: