Xəbər lenti

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Teleqraf.com-a  müsahibə verib.

 

– İyulun 16-da Helsinkidə Putin-Tramp görüşü keçiriləcək. Sizcə, bu görüşdə hansı məsələlər müzakirə ediləcək?

– Mənim fikrimcə, bu görüşdə əsasən, dünyada kəskin müharibə şəraitində olan regionların mövzusu müzakirə ediləcək. Söhbət ilk olaraq Orta Şərq regionu, Suriya və Ukrayna münaqişəsindən gedir. Əslində Amerika bir daha Rusiyanın apardığı siyasətin qəbuledilməz olduğunг onun diqqətinə çatdıracaq, ən azı ABŞ-ın iqtisadi sahədə Rusiya üçün problemlər yaratmağa qadir olduğunu nümayiş etdirəcək. Sanksiyaları aradan qaldırmaq üçün Rusiyaya öz siyasətində köklü dəyişikliklər etməsi mesajı veriləcək. Bu, əsas mövzu olacaq. Ancaq danışıqlarda ciddi irəliləyiş və kompromislərin mümkün olacağını gözləmirəm.

– Niyə hesab edirsiniz ki, görüşdə ciddi razılaşma və irəliləyiş ola bilməz?

– Əvvəla, ortada ciddi fikir ayrılığı var. Rusiya öz siyasətindən geri çəkilmək istəmir. Nə Ukrayna, nə Suriya məsələsində geri çəkilmir. ABŞ rəhbərliyi də hazırda ölkəsinin iqtisadi gücündən istifadə edərək, bir sıra ölkələrə özünün imkanlarını nümayiş etdirir. Bu vəziyyətdə ABŞ-ın Rusiyaya hansısa güzəştə getməsi mümkün deyil.

– Ancaq bir müddət əvvəl Donald Tramp bəyan etmişdi ki, hətta Krımı Moskvaya güzəştə gedə bilər…

– Bilirsinizmi, indi elə vəziyyət yaranıb ki, internetdə qeyri-dəqiq məlumatlar yayımlanır. Lakin bu məlumatlar sonda dəqiqləşdirilir və onların yalan olduğu ortaya çıxır.

– Tramp və Putinin hansı məsələlərdə razılaşmayacağını dediniz. Bəs bu iki super gücün təmsilçisi hansı məsələlərdə razılaşa bilər?

– Fikrimcə, Rusiya yeganə olaraq bir məsələdə Trampa güzəştə getməyə məcbur olacaq. Bu da İranın Suriyada hərbi bazaları ilə əlaqədardır. Nə ABŞ, nə də İsrail İrana belə bir imkan verməyəcək. Rusiya da hər dəfə olduğu kimi, yenə də öz maraqlarını qoruyaraq, müttəfiqlərini meydanda tək qoyub geri çəkilə bilər.

– Ancaq ötən həftə Bəşər Əsədə bağlı qüvvələr və Rusiya hərbçiləri Dera bölgəsinə nəzarəti ələ keçirdi. İrana bağlı hərbi qüvvələr isə Deradan 140 kilometr aralıya çəkildi…

– Suriyada nümayişkaranə şoular həyata keçirilə bilər. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, Suriyada quru əməliyyatlarında əsasən, İran və “Hizbullah” qüvvələri iştirak edir, Rusiya isə burada əsasən hərbi aviasiyasından istifadə edir.

– Siz Helsinki görüşündə əsasən, Yaxın Şərq və Ukrayna münaqişəsinin müzakirə mövzusu olacağını qeyd etdiniz. Bəs bu görüş digər regional münaqişələrin həlli baxımından nə vəd edir?

– Mən düşünmürəm ki, Helsinkidə başqa münaqişə bölgələrinin müzakirəsi üçün vaxt və imkan çatsın.

– Helsinki görüşündən sonra dünyada gərginləşmə davam edəcək?

– Mən hazırda müsbət dəyişiklik gözləmirəm.

– Aydındır ki, ABŞ və Avropanın mövqelərində ciddi parçalanma müşahidə olunur. Avropa faktiki olaraq, Trampın İran siyasətini dəstəkləmir, eləcə də Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, belə böyük bazarı əlindən çıxarmaq istəmir. Bu prosesin sonu necə görünür?

– Hər zaman olduğu kimi, Avropa öz siyasətini Amerikanın siyasətinə uyğunlaşdırmalıdır. Çünki ABŞ İrana qarşı sanksiyaları tətbiq edilməyə başlayanda bəzi Avropa ölkələri bu sanksiyalardan yan keçməyə çalışdı. Amma onların ticarəti ABŞ-la o qədər çoxdur ki, İranla bağlı sanksiyalara riayət etməyə məcburdurlar.

– ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatkison iddia edib ki, Rusiyanın məqsədi Türkiyəni NATO-dan çıxarmaqdır. Bu nə dərəcədə ciddi iddiadır?

– Mənə elə gəlir ki, NATO Türkiyə məsələsində öz siyasətinə ciddi baxmalıdır. NATO öz müttəfiqinə terrorla mübarizədə dəstək vermədi. Bu, NATO-nun buraxdığı ciddi səhv idi. Çünki Ankara hər zaman NATO-nun etibarlı müttəfiqi olub. Çox təəssüflər olsun ki, NATO PKK məsələsində Türkiyəyə dəstək vermədi və Ankaranı terrorla mücadilədə tək buraxdı. Buna baxmayaraq, Türkiyə terrorla təkbaşına uğurlu mübarizə apardı. Düzür, burada Amerika da Türkiyənin əməliyyatlarına müsbət yanaşdı. NATO-Türkiyə münasibətlərində mən günahı NATO-da görürəm. Hesab edirəm ki, NATO bu məsələdə haqsızdır.

– Rusiyalı politoloq Duqin İranda bəyan etdi etdi ki, Yaxın Şərqdə sülh üçün Rusiya, Türkiyə və İranın əməkdaşlığı əhəmiyyət kəsb edir, bu, ABŞ-ın bölgədə nüfuzunu aşağı salır. O dedi ki, yeni dünya düzənində bu üç ölkənin əməkdaşlığı ciddi faktor olacaq…

– Belə bəyanatları ciddi qəbul etmirəm. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin gücü onun iqtisadi gücündən ibarətdir. Rusiyanın dünya iqtisadiyyatında payı 10 faizdən azdır. Ona görə belə bəyanatlar şou xarakterlidir və ciddi faktlara söykənmir.

– Sizə görə, indi Suriyada Amerika güclü mövqelərə malikdir, yoxsa Rusiya?

– Mənə elə gəlir ki, hazırda Suriya dağılan döyüş meydanını xatırladır. Və bütün güclər orada müasir silahlarını sınaqdan keçirir.

– Putin-Tramp görüşü Azərbaycan üçün yaxşı və pis mənada nələr vəd edir?

– Azərbaycanın siyasəti ilk növbədə tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir. Biz həm qonşularımızla əməkdaşlığa hazırıq, həm də Amerika ilə. ABŞ-ın Azərbaycanın strateji layihələrinə dəstək verməsindən də məmnunuq. Azərbaycan məsələsinin ABŞ-Rusiya arasında müzakirə mövzusu olmasını isə gözləmirik.

 




Ana səhifəyə qayıt        Baxış: 984          Tarix: 10-07-2018, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma