“Rusiyadakı seçkilərdən sonra ciddi dəyişikliklər gözləmirəm. Fakt budur ki, Rusiyanın siyasi sistemində olduğu kimi, iqtisadi sahədə də müəyyən problemlər var”.
Deputat Vahid Əhmədov bu fikirləri Rusiyadakı 18 mart prezident seçkisini və ondan sonrakı proseslərlə bağlı gözləntilərini “Yeni Müsavat”a bölüşərkən söyləyib.
“Dünyada çox ciddi siyasi proseslər gedir. Fakt budur ki, seçkidə favorit Putindir. Çünki favorit olacağı gözlənilən Navalnı seçkiyə buraxılmadı. Baxmayaraq ki, Sobçak buraxılıb, amma yenə də 18 martda Putin prezident seçiləcək. Hazırda Rusiyadakı ab-hava, vəziyyət bir qədər fərqlənir. Düzdür, bu yaxınlarda Rusiya dövlət başçısının Federasiya Şurasına müraciətində çox ciddi məsələləri eşitdik, Putinin mesajları ciddi müzakirə obyekti oldu. Amma ABŞ və Avropa dövlətlərinin Rusiyaya qarşı qəbul etdiyi sanksiya qərarları çox ciddi qərarlardır. Hesab edirəm ki, ABŞ-ın və Avropa dövlətlərinin Rusiyaya təzyiqləri bundan sonra davam edəcək. O vaxta qədər ki, Rusiya dövləti, ümumiyyətlə, imperiya siyasətindən əl çəkəcək, Ukrayna məsələsi, Gürcüstandakı Abxaziya, Cənubi Osetiya məsələləri, həmçinin Azərbaycanda Dağlıq Qarabağ məsələsi öz müsbət həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Bunlar gündəmdə olan məsələlərdir və təzyiqlərin də bünövrəsində əsasən bu dayanır”.
Vahid Əhmədov Rusiyanın SSRİ-nin bərpası ilə bağlı Kremlin geriyə dönüş edəcəyini düşünmür: “Mən bu barədə düşünmək belə istəmirəm. Artıq postsovet məkanındakı dövlətlər müstəqilliyin möhkəmləndirilməsi uğrunda çox ciddi addımlar atırlar. Rusiya ilə çox yaxın münasibətləri olan Qazaxıstan kimi dövlətdə rus dilinə məhdudiyyət qoyulması, latın qrafikasının bərpası, o cümlədən bütün rəsmi yazışmaların qazax dilində aparılması sadə məsələlər deyil. Yəni artıq Rusiyadan sürətlə uzaqlaşma prosesi davam edir. Azərbaycanın dövlət başçısının apardığı siyasəti də mən çox müsbət qiymətləndirirəm. Çünki biz bu dövlətlə strateji müttəfiqik, onun tərəfindən bizə nə qədər təzyiqlər, təhdidlər olsa da, bu əməkdaşlığı davam etdirmək lazımdır. Rusiya da gec-tez Azərbaycanın müstəqil dövlət olduğunu, müstəqilliyindən imtina etməyəcəyini başa düşəcək. Dövlət başçımız müstəqil siyasət aparır və bu müstəqil siyasət axıra qədər davam etdiriləcək, Azərbaycan əhalisi də bunu dəstəkləyir”.
Deputat Azərbaycanın şimal sərhədlərində narahatlıq doğuran proseslərə də diqqət çəkdi: “Ramazan Abdulatipovun gedişindən sonra Dağıstanda baş verən hadisələrə, atışmalara, ölümlərə və s. fikir verin, bunlar da ciddi problemlərə gətirib çıxara bilər. Biz bu hadisələri yaxından izləyirik, çünki qonşu dövlətdə baş verən hadisələrdən söhbət gedir və Azərbaycana da təsir göstərə bilər. Amma Rusiyada vəziyyətin kəskinləşməsi bizim üçün o qədər də məqbul deyil. Düzdür, müstəqilliyimizlə bağlı müəyyən normal vəziyyət yaransa da, iqtisadi cəhətdən bizə problemlər yarada bilər. Çünki biz strateji müttəfiqik və iqtisadi əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim illik iqtisadi dövriyyəmizin miqdarı təxminən 2 milyard dollardır. O mənada Rusiyadakı gərginlik Azərbaycana müəyyən qədər təsir göstərə bilər. Biz bunu istəmirik. Bizim istədiyimiz odur ki, Rusiya müstəqil dövlət kimi fəaliyyət göstərsin, amma imperiya siyasətindən əl çəksin”.
Paylaş: