Yeni Azərbaycan Partiyası (YAP) icra katibliyinin müşaviri, Siyasi Şuranın üzvü, məşhur “91-lər”dən olan Kərim Kərimov Modern.az-ın suallarını cavablandırıb.
Strateq.az saytı həmin müsahibəni oxuculara təqdim edir:
– Kərim müəllim, necəsiz?
– Şükürlər olsun ki yaxşıyam.
– Maşallah olsun, bu yaşda da işləyirsiz. Yaşın gətirdiyi çətinliklər varmı?
– İşləmək çətin deyil. Çətin odur ki, uzun müddət işlədikdən sonra işsiz qalırsan. Bu zaman vaxtilə keçirdiyin həyat tərzi də dəyişir. Yaş gəlib 80-nə çatanda həyat tərzini məcburən dəyişməli olursan. Amma 80 yaşımın üzərində dayanıb nələrsə danışmaq istəmirəm. Lazım da deyil.
– Dəyişmək deyəndə nəyi nəzərdə tutursuz?
– İllərlə səhər saat 6-da yuxudan dururam. Bu vərdiş indi də davam edir. Əslində səhər 6-da yuxudan duran adam 80 yaşında da bu ənənəyə sadiq qalsa, gümrah olacaq. Bu baxımdan özümü gümrah hiss edirəm. Hər gün 2 km gəzirəm. Bu, mənə kömək edir.
– İllərdir ki, tək yaşayırsız. Xanımınızın yoxluğuna alışa bilmisizmi?
– Heç alışa bilmirəm. 15 ildir ki, həyat yoldaşım yoxdur və onsuz yaşamaq çox çətindir. Düzdü, qızım mənə çox yaxşı baxır və qeydimə qalır. Buna baxmayaraq, qadınını vaxtsız itirən kişi yetim qalır. Arada dostlarla oturub söhbət edəndə deyirəm ki, ərlə-arvad eyni vaxtda dünyalarını dəyişsələr lap əla olar. Amma o da doğru deyil. Əgər qadın kişidən öncə dünyasını dəyişəcəksə, Allah birinci kişini bu dünyadan aparsın. Çünki qadınsız yaşamaq çox ağırdır.
– Məşhur “91-lər”dən də biri sizsiz. Vaxtilə aktiv olan üzvlərinizdən indi heç bir xəbər yoxdur.
– Niyə ki… Vəzifə alanlar da, almayanlar da var. Bir çoxları da dünyasını dəyişib.
– Necə xatırlayırsız o vaxtları?
– O illərdə Azərbaycanda vəziyyət çox qarışıq idi. Amma o qarışıq illər Azərbaycana və onun xalqına dahi Heydər Əliyevi geri qaytardı. Hamısı yadımdadır. Heydər Əliyevə qarşı qarşı Siyasi Büroda başlanan kampaniya, onun vəzifədən çıxarılması, xəstələnməsi, Kremlin xəstəxanasında yatması və sairə.
– Heydər Əliyevlə məşhur “91-lər” mövcud olana qədər necə tanış olmuşduz?
– Heydər Əliyevlə tanışlığımız onun Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdı. Heydər Əliyev hələ o zamanlarda belə Azərbaycanı çox yaxşı inkişaf etdirdi. 13 il ard-arda Azərbaycan keçici “Qırmızı bayraq” aldı. Hər bir sahədə sürətli inkişaf vardı. Heydər Əliyevin ən böyük işlərindən biri Bakı Kondisionerlər zavodunun tikilməsi idi. Ümumiyyətlə, o vaxt SSRİ-də kondisioner istehsal edən zavod yox idi. Bir dəfə Siyasi Büro Daşkənddə toplaşıb müşavirə keçirirdi. Oranın havası çox isti və nəmişli idi. Brejnev gecəni rahat yata bilməmişdi. Müşavirədə söhbət gedərkən Brejnev bu məsələni qabartmışdı. Kommunist Partiyasının Özbəkistandsakı rəhbəri əlini Heydər Əliyevə uzadaraq “baxın, Heydər Əliyevin Azərbaycanda iri sexi var. O sexdə kondisioner istehsal olunur” demişdi. O vaxtı Kondisioner zavodunu Ukaynada tikmək istəyirdilər. Amma Heydər Əliyevin qətiyyəti nəticəsində zavod 1975-ci ildə Azərbaycanda tikildi. Zavodun tikintisində Heydər Əliyev şəxsən iştirak edirdi. Tanışlığımıza gəlincə, mən 1985-ci ildə Kondisioner zavoduna gəldim. Kadrlar şöbəsinin rəisi işlədim. Elə tanışlığımız da ordan başladı. Artıq Əliyev həmin vaxt Moskvada idi. Heydər Əliyev SSRİ Nazirlər Kabineti sədrinin I müavini idi. Onun rəhbərliyi altında 20 nazirlik və komitə vardı. O vaxtlar mən də partiyanın burdakı İdarə Heyətinin üzvü idim. Bir hadisənı danışacam: deməli, 1987-ci ildə Heydər Əliyevin doğum günü idi. SSRİ nazirləri hər ad günündə Heydər Əliyevi təbrik edirdilər. Amma 1987-ci ilin doğum günündə bir nəfər də olsun Əliyevi təbrik etmədi. Heydər Əliyev hadisəni bizə belə danışmışdı: “Doğum günüm istirahət gününə düşdüyündən fikirləşdim ki, yeni həftədə təbrik teleqramları göndərərlər. Səhər işə gəldim və saat 10-da poçtla maraqlandım. Poçta heç bir teleqram gəlməmişdi”. Heydər Əliyev özünə hörmət edən insan idi. Səbəbi də bəlli idi. O zamankı Siyasi Büroya Qorbaçov və onun köməkçisi Liqaçov rəhbərlik edirdi. Onlar Heydər Əliyevi təbrik etməməklə bağlı göstəriş vermişdilər. Sonra səhər yeməyinin ardından Heydər Əliyevin vəziyyəti pisləşmişdi. Ürəyi tutmuşdu. İllər keçəndən sonra qızı Sevil xanım deyirdi ki, “atamın xəstəliyinin səbəbini onun yediyi səhər yeməyində axtarmaq lazım idi. Bəlkə də yeməyinə nəsə qatmışdılar”. Heydər Əliyev xəstəliyindən danışarkən deyirdi: “Məni xərəkdə aparmaq istəyəndə etiraz etdim. Özüm gedə biləcəyimi dedim. Amma 5-10 metr gedəndən sonra yerə yıxıldım. İstəmirdim ki, məni xərəkdə görsünlər”. Heydər Əliyevin xəstələnməsi bizi çox narahat edirdi. 3 ay xəstəxanada yatmışdı.
Səhv etmirəmsə sentyabr ayı idi. Heydər Əliyev işə çıxmışdı. Kremldə parlamentin iclası keçirilirdi. Siyasi Büro ora toplaşmışdı. Heydər Əliyev xatirələri zamanı bizə bunları demişdi: “Qorbaçovla üz-üzə oturmuşdum. Qorbaçov Nazirlər Kabinetinin sədrinə işarə edərək ikisi də çölə çıxdı. Sonra məni çağırdılar. Mən içəri girəndə Qorbaçov mənə “əyləş” də demədi. Ayaq üstə dayandım. Mənə dedi ki, “məsləhət görürəm ki, işdən çıxıb müalicənlə məşğul olasan. Səni necə formada işdən azad edim? Təqaüd yaşın çatdığına, yoxsa xəstəliyinə görə?!”.
Qorbaçovdan icazə alıb evdə də məsələni müzakirəyə çıxardım. İlham da, Sevil də evdə idilər. Uşaqlarım bir ağızdan dedilər ki “işdən çıx””.
O vaxt Heydər Əliyev bütün işlərdən çıxarılmışdı. Bir növ təqaüdçü həyatı keçirirdi. O vaxtlar Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Əbdürrəhman Vəzirov idi. Vəzirov 2 illik rəhbərliyi dövründə Heydər Əliyevə qarşı nə böhtanlar atmadı ki!… Onun əleyhinə nələr yazdırmırdı ki?!
– Bəs siz “91-lər” nə vaxt bir araya gəldiniz? Partiya yaratmaq ideyasını necə formalaşdırdınız?
– Elə Vəzirov kimilərin çirkin əməllərini görüb Heydər Əliyevin müdafiəsinə qalxmağa başladıq. Əliyev hələ Mosvada idi. 1990-cilin 18 iyulunda Azərbaycana gəlsə də, 3 gündən artıq qalmasına icazə vermədilər. Qardaşı Cəlal Əliyevin evində qalmışdı. 3 gündən sonra poçt təyyarəsinə minib Naxçıvana uçmuşdu. Poçt təyyarəsində oturacaqlar da yox idi. O Naxçıvanda olanda partiya yaratmaq məsələsini gündəmə gətirdik. Amma o zaman hələ 91 nəfər deyildik.
– Daha sonra Ayaz Mütəllibov, ardınca da Əbülfəz Elçibəy hakimiyyətə gəldi. Hər iki rəhbərliyin Heydər Əliyevə münasibəti bəlli idi. Sizin o dövrdə Heydər Əliyevi müdafiə etmənizə qarşı hər hansı reaksiya olmuşdu?
– Ola da bilməzdi. İndi sizə bir söz deyəcəm. Deməli, 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrindən çıxarılanda onun bir şəklini tapdım. Şəkil çərçivənin içində idi. O şəkli iş otağımda başımın üzərindən asdım. Heydər Əliyevin şəkli mən deputat seçilənə qədər başımın üzərində oldu. 8 il ərzində kimsə bu hərəkətimə görə mənə etiraz etmədi. Əgər kimsə etiraz etsəydi, ona mütləq otağın ortasında sillə vuracaqdım. Halbuki, Heydər Əliyev 1993-cü ilə qədər Azərbaycanda olmayıb. İndi soruşmaq istəyirəm: “mən Əliyevçiyəm” deyənlər niyə onun rəsmini iş otaqlarından asmamışdılar?! Görünür, vəzifələrini itirməkdən qorxurdular. 1990-cı ildə Heydər Əliyev həm Naxçıvan, həm də Azərbaycanın Ali Sovetinə deputat seçildi. 1991-cilin 7 yanvarı və 8 fevralında Heydər Əliyev Ali Sovetdə çıxış etdi. O zaman adi deputat idi. Hələ sədr seçilməmişdi. Azərbaycanın Ali Sovetində deputatlar ayaqlarını yerə möhkəm vururdular ki, Heydər Əliyev çıxış etməsin. O vaxt Heydər Əliyevin başına nə oyunlar açmadılar ki!. O da artıq Ali Sovetin Bakıdakı iclaslarına gəlmirdi.
– “91-lər”in hamısı könüllü olaraq bu işə qoşulmuşdu?
– Əlbəttə. 91 nəfərin hamısı könüllü olaraq Heydər Əliyevin gəlişini istəyirdi. O hələ Moskvada olanda Mütəllibov qanuna bir maddə əlavə etdi. Bu da yaş senzi ilə bağlı idi. Yaşı 65-i keçmiş Azərbaycan vətəndaşları öz namizədliklərini prezidentliyə irəli sürə bilməzdi. Biz Ali Sovetin qarşısında mitinq keçirməyə başladıq. Həmçinin, Hacı Əbdülün də dəstəsi vardı. Onun dəstəsi bizdən daha çox idi. Onlar da mitinq edib Mütəllibovu müdafiə edirdilər. Bir şeyə məəttəl qalmışdıq. İnsanların çoxu Əbdülün tərəfində idi. Bunun səbəbini öyrəndik. Bəlli oldu ki, sadə insanlar həm cəbhəçilərdən, həm də Mütəllibovçulardan qorxurdu. Sonradan insanlar onların yanında olmaqdan imtina etdilər. Həm də o zamanlar biz böyük təşkilat deyildik. Partiya da yaranmamışdı. Belə qərara gəldik ki, böyük mitinqlərin önündə ziyalılar olmalıdır. Düşündük ki, öncə partiyanı yaradaq. Çünki partiyanı yaratmasaydıq, yaş məsələsini ortadan götürə bilməyəcəkdik. Ona görə də Heydər Əliyevin yanına gedib partiya yaradılması barədə icazə aldıq.
– Kimlər idi sizinlə gedən?
– Kimlər ki o zaman hakimiyyətdə idi və vəzifələri vardı, onlar getmədi. Heydər Əliyev özü də deyirdi ki “çox da bura gəlib-getməyin. Sizi vəzifədən çıxaracaqlar”.
– Konkret olaraq kimlərin adını xatırlayırsız?
– Etibar Məmmədovun adı yadımdadır. O da gedənlər arasında idi. Onun partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası artıq yaranmışdı. Etibar Məmmədovun Naxçıvana getməkdə məqsədi cəbhəçiləri necə yıxmaqdan ibarət idi.
– Etibar Məmmədov cəbhəçiləri sevmirdi?
– Heç sevmirdi. Əgər sevsəydi, onları necə yıxmaq barədə niyə düşünərdi ki! Yəni uzun sözün qısası, biz partiyanı bu cür yaratmağa başladıq. Əbülfəz Elçibəy bilmirdi ki, prezident necə olmalı, necə işləməlidir. Prezidentin hansı statuslarının olmağından belə xəbərsiz idi. O birilərinin də heç biri dövlət idarəçiliyində işləməmişdi. Ölkə özbaşına qalmışdı. Artıq camaat anladı ki, ölkəni kimsə idarə etməlidir. O zaman bütün nəzərlər Heydər Əliyevə dikildi. Hətta Elçibəy şəxsi təyyarəsini Naxçıvana Heydər Əliyevin ardınca göndərdi. Əliyevi gətirməyə Rəsul Quliyev getmişdi. Bunlar hamısı tarixdir.
– Hacı Əbdüldən danışdınız. Onun tərəfdarlarının çox olduğunu dediniz. Hacı Əbdül o zamanlar çox nüfuzlu insan olub?
– Hacı Əbdülə nüfuzlu adam demək olmaz. Sadəcə, Hacı Əbdül bakılı idi. Həm də dini şəxs idi. Ali Sovetin tribunasından da bir neçə dəfə Mütəllibovu müdafiə edən çıxışlar etmişdi.
– Siz iki dəfə deputat seçildiniz. Amma üçüncü dəfə seçilməkdən imtina etdiniz. Halbuki, sizinlə eyni vaxtda deputat seçilənlər var ki, bu gün də deputat mandatları var.
– Özüm istəmədim. Anladım ki, deputat olmaq mənlik deyil. Mən hansı kollektivdə çalışmışamsa, namusumla çalışmışam. Deputat fəaliyyətimin 10 ilinin 8 ilini parlamentdə İntizam Komissiyasının sədri olmuşam. Deputat olduğum müddətdə özüm üçün heç bir nazirdən nəsə xahiş etməmişəm. Hətta bir nəfər məndən dəfələrlə deputatlığa namizədliyimi verməyimi xahiş etdi. Deputat olmağın mənasız olacağını dedim və namizədliyimi vermədim.
– Siz Milli Məclisdə gənc deputatların təmsil olunmasına həmişə qarşı çıxmısız. Bu nə ilə əlaqədardır? Gənc yaşında deputat olmaq olmaz?
– Cavanın Milli Məclisdə nə işi var? Cavan insanın Milli Məclisdə izi də olmamalıdır. Gənclərin yeri institutlar, müəssisələrdir. Öncə qanunları öyrənmək lazımdır. Eyni zamanda, 40 il deputat olub bir dəfə də olsun çıxış etməyənin də Milli Məclisdə nə işi var?
– Sizinlə eyni vaxtda deputat seçilib 3-cü dəfə namizədliyini verməkdən imtina edən Asya Manafova da vardı. O, niyə deputat olmaqdan imtina etdi?
– Təkcə Asya Manafova yox, Sirus Təbrizli də deputat olmaqdan imtina etdi. Biz Milli Məclisdə birgə dostluq etmişik. Başqa bir-iki nəfər də vardı. Adlarını xatırlamıram. Birgə qərara gəldik ki, növbəti dəfə namizədliyimizi verməyək. Milli Məclis bizim yerimiz deyildi.
– Asya Manafova həmişə qapalı insan təsiri bağışlayıb.
– Asya xanım çox abırlı insan idi. O da deputat olduğu müddətdə kimsələrdən nəsə istəməyib. Sadəcə, onun ailəsində bəzi problemlər vardı. Qardaşının uşağını götürüb saxlayırdı.
– İndi əlaqəniz varmı?
– Heç bir əlaqəm yoxdu.
– Hacıbala Abutalubov da məşhur “91-lər”in üzvü olub. Onu necə xatırlayırsız?
– Çox yaxşı. O da vətənpərvər insan olub. Əvvəllər əlaqəmiz olurdu. İldə 2 dəfə görüşürdük. Görüşəndə saat yarım oturub kofe içə-içə söhbət edirdik. Hacıbala müəllimin Ofelya xanım adlı köməkçisi vardı. O elə kofe dəmləyirdi ki, heç vaxt o cür dadlı kofe içməmişəm.
– Sirus Təbrizli ilə yaxın dost olmusuz. Sağlığında çox maraqlı insan olduğunu deyirlər. Deyəsən bir az da söyüşlə danışan adam olub.
– Sirusdan yadigar çox xatirələr qalıb mənə. Xasiyyətimizdə oxşar cəhətlər çoxdur. Hələ o vaxtlar YAP-ı yaradanda qonşu idik. Birinci dəfə deputatalığa namizədliyini verəndə Lalə Şövkətlə eyni dairə üzrə mübarizə aparırdı. Deməli, maraqlı əhvalat olmuşdu. Lalə Şövkətin adamları seçki kampaniyası zamanı Suris müəllimin evinə gəliblər. Sirus müəllim də təəccüblənib ki, “siz bilirsiz, hara gəlmisiz. Bura Sirus Təbrizlinin evidir. Mən də namizədliyimi irəli sürmüşəm”. Həmişə zarafatla belə deyirdi. “Mən mandatı xalqdan alacam. Mənə mandat verməyən xalqın….”.
– “91-lər”in ən məşhur üzvlərindən olan, hazırda siyasi arenadan kənara çəkilən Lalə Şövkəti necə xatırlayırsız?
– Lalə Şövkət Prezident Aparatında təmiz çalışmışdı. O, orada gedən prosesləri çox yaxşı bilirdi. Fikrimcə, Lalə Şövkət həyasız insan olmayıb. Amma onun sonrakı fəaliyyəti barədə nəsə danışa bilmərəm.
Paylaş: