Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
“Azərbaycandan kənarda olduğumdan hadisə haqda məlumatım yoxdur, bilmirəm nə baş verib. Amma elə bir qanunazidd hadisə olubsa, təbii ki, bu pislənilir və qanun çərçivəsində də ölçü götürülməlidir. Kimliyindən, siyasi əqidəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmadan fərq qoyulmamalıdır, istər deputat övladı olsun, istər nazir, istərsə də sıravi insanın övladı olsun, qanun qarşısında hamı bərabərdir və məsuliyyət daşıyır”, – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov “Relax” İstirahət və Turizm Mərkəzində baş verənlərdən danışarkən deyir.
Mərkəzin deputat İqbal Məmmədovun oğluna məxsus olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün "Relax" İstirahət və Turizm Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları müqavimətlə üzləşib və əraziyə buraxılmayıblar.
Mərkəzə gələn Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin məsələyə müdaxiləsinin nəticə vermədiyi və istirahət mərkəzinin vəzifəli şəxslərinin vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirdiyi bildirilir.
Həmçinin qeyd olunur ki, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirilib.
Hadisə ilə bağlı cinayət işi başlandığı, deputatın oğlu Mirhəmid Nərimanlı və daha 5 nəfərin saxlanıldığı deyilir.
Rəsmi məlumatdan bir-iki saat öncə deputat İqbal Məmmədov deyilənləri təkzib etmişdi.
Keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, yazıçı Sabir Rüstəmxanlı AzadlıqRadiosu-na müsahibəsində bu haqda deyib:
"Mən Lerikdən deyiləm, Yardımlıdanam. Lerikə bəlkə 10 il olar getmirəm. Amma bilirəm ki, oralarda çox işlər görüblər. Yeni istirahət mərkəzləri tikiblər, abadlıq işləri aparıblar, yollar çəkilib. Bunlar hamısı gərəkli işlərdir. Burda millət vəkili İqbal Məmmədovun böyük xidməti var, bunu heç kim inkar edə bilməz. Amma onun oğlunun və yaxud ona məxsus olan müəssisədə işləyənlərin dövlət məmuruna, vergi işçilərinə qarşı kobud hərəkəti, əlbəttə, qəbuledilməzdir. Düzdür, bizim məmurlar, vergi işçiləri, nə bilim, polis işçilərinin arasında kobud adamlar da var, özlərini bu dünyanın sahibi kimi aparırlar, qanun dilindən daha çox hakim diliylə danışanlar çoxdur. Belə insanlar yoxlamaya basqına gedər kimi gedirlər, hüquq çərçivəsindən, səlahiyyətlərindən kənara çıxırlar bəzən. Belə şeylər olur. Amma bütün bunlara baxmayaraq, İqbal müəllimin yaxınları orda özlərini ev sahibi kimi aparmalı, əksinə, gələnləri mehribanlıqla, qonaq kimi qarşılamalıydılar. Sonra hər şeyi sakitcə danışmaq olardı, vergidən niyə gəliblər, yoxlamanın vaxtıdırmı, əllərində mandat varmı və s. Yeri gəlmişkən, böyük sahibkarların bəziləri vergilərdən, ayrı-ayrı yoxlamalardan kənarda qalırlar, ancaq bəzən dövlət idarələri orta sahibkarlara qarşı hücum mövqeyində dururlar, müxtəlif, gözlənilməz istiqamətlərdən onlara hücuma keçirlər, polis gəlir, prokurorluq gəlir, vergi gəlir, Fövqəladə Hallar Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlir, qaz, işıq, nə bilim nə gəlir. Bu insanların əsəbləri dözmür bəzən. Bu da var. Amma bütün hallarda kobudluğa haqq qazandırmıram. Hesab edirəm ki, hər şey qanun daxilində araşdırılmalıdır və hər kəsin cəzası verilməlidir”.
- Sabir bəy, siz vergi işçilərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının davranışlarının təxribata əsas verməsi ehtimalını da diqqətdə saxlayırsız yəni?
- Ola bilər. Təəssüf ki, belə şeylər olur. Bizim cəmiyyətdə verginin, ya başqa dövlət qurumlarının tam obyektivliyinə inam yaranmayıb. Az-çox işləyən müəssisələrə kənardan basqılar olanda da insanların əsəbləri dözmür. Gərək bu sahədə qayda yaradılsın.
- Rəsmi məlumatda deyilir ki, sahəsi 14 hektardan çox ərazidə yerləşən, qonaqların qalması üçün 142 nömrədən və müxtəlif təyinatlı 20 obyektdən ibarət olan mərkəz 2018-ci ildə 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat vergi ödəyib. Bəs bu rəqəm sizcə, nə qədər inandırıcıdır?
- Təbii ki, inandırıcı deyil. Vergidən yayınanlar daha çox imkanlılardır, sıravi insanlar yayına bilmirlər. Dünyanın hər yerində ən böyük, əsas vergi növü əmlak vergisidir. Amerikada, Kanadada, Avropada əmlakın varsa bunun vergisini verməlisən ki, ondan rahat istifadə edəsən. Bizdə yoxlama aparılmalıdır ki, görəsən, böyük əmlak sahibləri nə qədər vergi ödəyirlər. Bax, bunlar suallar doğurur. Mən hesab etmirəm ki, ancaq o müəssisənin adamları günahkardır, ya da vergidən gedənlər. Burda bir anlaşılmazlıq var. Birdən-birə bir neçə vergi əməkdaşı ora gedibsə, görünür, bunun müəyyən səbəbləri var.
- Sabir bəy, birinci dəfə deyil ki, məmur və ya deputat, hansısa vəzifə sahiblərinin yaxınlarının, övladlarının zorakılığa əl atması, qanunu pozması haqda məlumatlar yayılır. Bu hallar görməməzliyə vurulur, cəzasız qalır və s.
İqbal Məmmədov mədəni, sakit bir adamdır. Öz rayonu üçün iş görməyi bacarır. Görünür, məmurların kölgəsində yatanlar o məsuliyyəti başa düşmürlər. Başa düşmürlər ki, bir böyük ailəyə mənsub olmaq – bunu ölkə prezidentindən tutmuş lap aşağılara qədər aid etmək olar – vəzifə sahibləri, ölkədə üzdə olan adamların ailə üzvləri, uşaqları daha çox məsuliyyətli olmalıdırlar, daha çox başıaşağı olmalıdırlar. İnsanlara sayğıyla, sevgiylə yanaşmalıdırlar. Göstərməlidirlər ki, bizim ailə, bizim nəsil bu ölkəni idarə etməyə layiqdir. Belə olmalıdır. Dünyanın neçə ölkəsində dövlət rəhbərlərinin qudurğan uşaqları valideynlərinə problem yaradıblar. Elə Özbəkistanda, Qazaxıstanda...
- Azərbaycanda necədir? Bir neçə il qabaq İsmayıllıda məmur yaxınlarının rəftarı narazılıqlara, etirazlara yol açdı.
Yuxarıda bir yerə söykənirlər, aşağıda adamlara saymazlıq edirlər, gözləri ayaqlarının altını seçmir. Şübhəsiz, onları təyin edənlər bu adamlara bildirməlidir ki, təvazökar olmalısan, başıaşağı olmalısan, milləti sevərək işləməlisən.
- Dövlət başçısı İlham Əliyev dəfələrlə xəbərdarlıq edib bununla bağlı. Niyə bu xəbərdarlıqlara önəm verilmir? Bir də, bunlar gələcəkdə hansısa gərginliklərə yol aça bilərmi?
Problem yaradır, əlbəttə. Bu gün sosial mediada yuxarı, aşağı səviyyəli məmurlara tənqidlər ünvanlanırsa, bunun böyük bir hissəsi aşağı hissəli, rayon, nazirlik işçilərinin qudurğanlığının yığdığı qəzəbdir. Bunlar yığılır, axırda dövlət rəhbərliyinə ünvanlanır.
- Bəlkə cəzasızlığın nəticəsidir bütün bunlar?
- Bu sahədə dəyişikliklər olmalıdır. Neqativ hal ortaya çıxanda cəzası olmalıdır. Amma bəzən belə olmur. Son vaxtlar nə qədər yüksək vəzifəli məmurlar işdən çıxarılıb, başqa günahları da olub, bəzi günahları da bununla bağlıdır. Təəssüf ki, kresloda oturanda elə bilirlər cavab vermək məqamı gəlməyəcək. Sorğu-sual təkcə haqq dünyasında olmur, bu dünyada da aparılır.
- Baş nazirin müavini Əli Həsənovun nəvəsi bir neçə il qabaq piyadanı idarə etdiyi avtomobillə vurmuşdu, amma az sonra azadlığa çıxdı. Bu cür nümunələr cəmiyyətdə cəzasızlığa inam, imkan sahiblərində arxayınlıq yaratmırmı?
Avtomobil qəzası ilə bağlı danışmaq çətindir. Bizim özümüzdən asılı olmadan insafsızlıq ola bilər. Maşın qəzası çox vaxt təsadüflərdən doğur, ona görə də insanları ittiham etmək çətindir.
- Amma sükan arxasındakı sürət həddini aşırsa necə?
Bəzən hansı şəraitdə, necə olub, bunu bilmədən, istər baş nazirin müavininin nəvəsi olsun, istər də fəhlənin oğlu olsun... Qəza, yol hadisələri, təsadüfi dava-dalaş haqda danışmaq çox çətindir. O ayrı şeydir ki, ölkədə müəyyən qanunlar var, Konstitusiya var, onlara ilk növbədə məmurlar, onların övladları əməl etməlidir. Onlar pozursa, bunun cəzası ayrıdır, əlbəttə. Yol qəzaları isə bu qrafadan kənardadır, məncə.
- Dediklərinizdən elə başa düşmək olar ki, İqbal Məmmədovu yaxşı tanıyırsınız. Sosial mediada yazırlar ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə yaxındır, ona güvənərək ailəsi də biznesini qura bilib, vergi işçisinə, polisə əl qaldırmağa cəsarət edib və s. Belə bir yaxınlıq var?
- Mən millət vəkili olduğum vaxtlardan bilirəm ki, İqbal Məmmədov o sistemdə işləyib. Hər halda o sistemlə yaxınlığı var. Ancaq indi münasibətləri necədir, bu məsələlərdə Rövnəqin təsiri nə qədərdir, deyə bilmərəm. Kim kimə yaxınlıq edir etsin, kim kiminləsə dostdur, yaxud yanında işləyərək müəyyən vəsait toplayırsa, özünə sonradan müəssisə qurursa, buna kömək edən adamlar həmin müəssisədə baş verənlərə görə məsuliyyət daşımalıdırlar ki? Bu absurddur. Rövnəqin özü oğlu, çevrəsi ilə bağlı nəsə baş verəndə cavabdehlik daşıyır. Bu haqda danışmaq da, soruşmaq da olar. Bu sahədə deyiləcək sözlər də var. Amma konkret bu məsələdə Rövnəqi günahlandırmaq çətindir.
- Yeri gəlmişkən, bu yaxınlarda Rövnəq Abdullayevin oğlunun təxminən iki milyon manatlıq saatı itməsi haqda təsdiqlənməyən xəbərlər yayıldı. SOCAR rəhbəri buna aydınlıq gətirmədi.
- Hər şeydən ötrü dövlət, hakimiyyətin rəsmi açıqlama verməsi doğru deyil. Amma dövlət vəzifəsində çalışan insanın oğlunun iki milyon manatlıq saatının itməsi və yaxud 100 min manatlıq maşınlarda gəzməsinə gərək ailə başçısı icazə verməsin. Bu qədər qaçqın, köçkün, ac-yalavac insan olan yerdə o nə cür nuş ola bilər? Bunun mənəvi tərəfini düşünürəm. Ancaq nə qədər doğru, yalan olduğunu bilmirəm. Bir komissiya yaradıb araşdırsınlar ki, xəbər düzdür, ya yalan. Bu məsələlər bir az mürəkkəbdir. Qanundan çox ailələrin məsuliyyət duyğusu ilə idarə edilməlidir.
- Məsuliyyət duyğusu hamıda bərabər olsaydı onda qanunlara, məhkəməyə, polisə də ehtiyac qalmazdı ki...
- Cəmiyyətin əxlaqı, ümumi mədəni səviyyəsi çox şeyi həll edir. Xarici ölkədə hər hansı nazirlikdə bir fövqəladə hal baş verən kimi ərizə yazır, istefasını verir. Ancaq bizdə... Yadınızdadır Bakıda Avropa Oyunları ərəfəsində yanğınlar oldu. Ölkənin imicinə sarsıdıcı zərbə idi. Amma buna görə kim cəza çəkdi? Adətən, balaca adamların boynuna yıxırlar, əsl günahkarlar kənarda qalır.
- İstintaq zamanı günahkar olduğu üzə çıxacaqsa deputat oğlunu da eyni aqibət gözləyə bilərmi? Yəni günahkardırsa, yaxasını kənara çəkəcək, sizcə?
Araşdıracaqlar. Şükr qan tökülməyib. Dalaşıblar, üzr istəyəcəklər bir-birindən, müəyyən cəza da veriləcək. Hər şeydən ötrü adamı asmırlar
Mənbə:Moderator.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar