Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
“O vaxtkı Prezident Ayaz Mütəllibov da DQMV-nin ləğvinin əleyhinə idi...”
“Bakıda Xankəndidən verilən “müstəqillik bəyanatına ciddi və sərt reaksiya görünmədi.
Məlum olduğu kimi, düz 28 il öncə -1991-ci il sentyabrın 2-də Xankəndinə toplaşmış separatçı erməni liderləri 1923-cü ildə bolşevik SSRİ tərəfindən Azərbaycan daxilində “gecpartlayan mina” olaraq ermənilərə hədiyyə edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti(DQMV) və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu (Şaumyan rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib və hazırda Goranboy rayonunun tərkib hissəsidir) hüdudlarında “müstəqil “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb və ermənilər Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndləri bir-birinin ardınca ələ keçirməyə başlayıb. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edib. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan edib. 1991-ci il dekabrın 10-da isə “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edilib.
Həmin dövrdə Ali Sovetin deputatı, eyni zamanda Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini kimi hakimyyət dairələri ilə də yaxın ünsiyyətdə olmuş tanınmış politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Moderator.az əməkdaşı ilə qısa telefon söhbətində maraqlı məqamlara toxunub.
-Cümşüd müəllim, o ərəfədə hadisələrin içərisində olan bir şəxs kimi necə hesab edirsiz, 1991-ci il sentyabrın 2-də Azərbaycanın tarixi-hüquqi torpaqlarında baş qaldırmış nankor separatçı ermənilərin “müstəqil dövlət” elan etmələrini o vaxt ilk suveren addımlarını atmağa çalışan hökumətimiz necə reaksiya verdi? Müvafiq adekvat tədbirlər görüldümü?
-Bildiyiniz kimi, bəhs edilən üzdəniraq olaydan 2 gün öncə 30 avqust 1991-ci ildə Azərbaycan SSR Ali Soveti suverenlik haqqında bəyannamə qəbul etmişdi. Ermənilər isə “Miatsum”, yəni Azərbaycandan ayrılıb Ermənistanla birləşmə hərəkatına 1988-ci ildən başlamışdı. Buna görə də bu, separatçılar tərəfindən gözlənilən bir addım idi. İkincisi də 1990-cı ilin Qara Yanvarından bəri ölkədə Xalq Cəbhəsinin fəal iştirakıyla ciddi hakimiyyət davası gedirdi. 1991-ci il sentyabrın 8-ə isə Prezident seçkiləri təyin edilmişdi və buna hazırlıq gedirdi. Belə bir məqamda separatçı ermənilərin sözügedən addımı Azərbaycan hakimiyyətinə qarşı bir təxribat kimi qəbul olunurdu. Bu baxımdan əhali arasında təşviş yaranmasın və seçkilərin gedişi pozulmasın deyə məsələ ciddi şəkildə gündəmə gətirilmədi. Odur ki, Bakıda Xankəndidən verilən bəyanatla bağlı sərt reaksiya görünmədi. Əhali də ermənilərin bu açıq düşmən hərəkətini əvvəlcə qeyri-ciddi qəbul etdi, o qədər də əhəmiyyət vermədi. Yalnız Dağlıq Qarabağ və ətraf rayınlardakı azərbaycanlılar, eləcə də Ermənistandan köçürülmüş qərbi azərbaycanlılar məsələnin ciddiliyini dərk edirdi. Ancaq, demək olar, çox az adamın ağlına gəlirdi ki, ermənilər bu cür “əhəmiyyətsiz” addımlarla torpaqlarımızın işğalına nail ola bilər. Və ən əsası, ermənilər XIX əsrin sonundan bizə qarşı məkrli işğal planlarına, soyqırımlara, deportasiyalara başlamışdı. Bizlər isə sovet dövründə bütün bunları unudaraq bir də 70 il sonra - 1988-ci ildə təzəcə ayılmışdıq. Təbii ki, ermənilərin arxasında duran super güclər də var idi. Həmin qüvvələr bu gün də düşmənlərimizin arxasında durmaqda davam edir. Burada həm Rusiyanın imperiya maraqlarını, həm Cənub qonşumuz İranın bizə olan böyük “məhəbbət”ini nəzərə almaq lazımdı... Təəssüf ki, bu şəraitdə ermənilər Azərbaycana qarşı planlarını bizim siyasi səhvlərimiz sayəsində yenə də davam etdirir...
-Qarabağda qondarma “respublika” elan edilməsinə, orada və ətraf rayonlardakı azərbaycanlılara qarşı etnik təmizləməyə, kəndlərimizin yandırılmasına, işğalına, eləcə də məlum 20 Noyabr teraktına cavab olaraq 1991-ci il noyabrın 26-da artıq de-yure müstəqil Azərbaycan Respublikasının Ali Soveti DQMV-ni, yəni ermnənilərin Qarabağdakı muxtariyyət statusunu ləğv etdi. Sizcə, bu doğru addım idimi? Bəlkə həmin muxtariyyət ləğv olunmasa idi, bu, gələcəkdə Azərbaycanın əlində tutarlı bir siyasi, diplomatik kozır olardı. Yəni deyərdik ki, nə istəyirsiz, Azərbaycan daxilində muxtariyyətiniz var...
-Bəli, əslində bu, düzgün addım deyildi. Və sonradan məlum oldu ki, Azərbaycan parlamentini belə bir qərar verməyə dolayısıyla vadar edən ermənilərin buradakı emissar və əlaltıları, xüsusilə, “QRU” və Rusiyanın digər təhlükəsizlik qurumlarının Ali Sovetdə olan nümayəndələri vadar edib. Və sözsüz ki, burada siyasətdə naşı olan, amma yetərincə milli qüruru olan bir sıra AXC fəallarının da Qarabağdakı faciələr və xüsusən 20 Noyabr vertolyot teraktından sonra yaranmış gərgin abı-havada eyforiyaya qapılaraq belə bir qərara dəstək və səs verməsinin daha böyük rolu oldu. Açığı, o vaxtkı Azərbaycan Prezidenti Ayaz Mütəllibov da DQMV-nin ləğv edilməsinin əleyhinə idi. Təəssüf ki, noyabrın 20-dən başda AXC olmaqla müxalif qüvvələrdən başlanan çox ciddi daxili basqılar ayın 26-da ermənilərin Azərbaycan Respublikası daxilindəki muxtariyyətinin ləğv olunmasıyla nəticələndi.Və bu da ilk müstəqillik aylarında Azərbaycan parlamentinin atdığı ən böyük səhv addım oldu. Statusun ləğv olunması, keçmiş DQMV ərazisindəki rayonların inzibati cəhətdən bölünüb digər rayonlara verilməsi sanki ermənilərin qaladığı odun içərisinə benzin tökməyə bərabər bir yanlışlıq idi. Deməzdim ki, Xalq Cəbhəsinin fəalları bu addıma bilərəkdən dəstək verdilər. Amma təəssüf ki, elə bilməyərəkdən, yaxud bilərəkdən Azərbaycanın başına bəla gətirənlər məhz AXC liderləri oldu. Cəbhəçilərin Qarabağla bağlı ikinci belə çox yanlış addımı hakimiyyətə gəldikdən sonra bu məsələni tamamilə beynəlxalq güclərin, “dişsiz” ATƏT-in himayəsinə buraxması oldu. Çünki onlar siyasətdə çox naşı idilər. Bu gün Ukraynada Zelenskinin atdığı addımları atırdılar o dövrdə və təbii ki, böyük oyunçular bizlərin “peşka”lığından məharətlə yararlanıb öz planlarını, o cümlədən Qarabağın de-fakto ermənilərə verilməsini məharətlə həyata keçirirdilər. Və 28 ildir ki, biz bəhs edilən yanlış addımın bəlasını çəkirik. Halbuki, dediyiniz kimi, ermənilərin Azərbaycan daxilində hüquqi muxtariyyəti bizim əlimizdə siyasi, diplomatik baxımdan çox böyük bir silah, kozır ola bilərdi. İndi kimlərsə bunu təkzib edib yaxasını kənara çəkməyə çalışacaq. Amma mənim indiki ağlım olsaydı, qətiyyən DQMV-nin ləğv olunmasına razı olmazdım...
Təəssüf ki, ən qorxulusu odur ki, biz bu gün də dolayısıyal ermənilərin Azərbaycan daxilində yürütdüyü siyasəti davam etdirir və buna qarşı adekvat tədbirlər görmürük... Bu həm daxilimizdəki xəyanətkarların əməllərindən və eyni zamanda bizim bir xalq olaraq saflığımızdan qaynaqlanır. Həmişə namərd düşmənləri güclü, eyni zamanda saf və mərd adamı arxadan vururlar. Azərbaycanı da ermənilər yüz illərdir ki, arxadan vura-vura irəliləyirlər... Və bu gün faktdır ki, biz siyasi cəhətdən onlara uduzmuşuq...
Söhbətləşdi: Sultan Laçın
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar