Oxu.Az-ın suallarını Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov cavablandırır:
- 2011-ci il Gənclər Fondu yaradıldı, amma 2018-ci ildə fəaliyyət sferası dəyişdirildi. Bu dövr ərzində hansı işlər görülüb?
- Biz fondun fəaliyyəti ilə bağlı müddəti 2011-2018-ci il və 2018-2019-cu il olmaqla, iki yerə bölə bilərik. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla Gənclər Fondunun yeni nizamnaməsi təsdiq edildi və yeni vəzifələr həvalə olundu. Gənclərin üzləşdiyi poroblemlər var ki, yeni vəzifədə onların həlli üçün dəstək verilir.
- “Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı” həyata keçirilir, ama bəzi ixtisaslar bu proqramda yer almır. Bununla bağlı adiyyəti qurumlara müraciət etmisinizmi?
- Xaricdə təhsillə bağlı iki siyahı təşkil edilir. Ali təhsillə bağlı asandır. Çünki reytinq var və reytinqə baxıb, ilk 500 universitetin siyahısını qeyd edirik. İkinci siyahı isə ixtisaslarla bağlı və qəlizdir. Biz ixtisas seçimi edən zaman Nazirlər Kabineti ilə dövlət qurumlarına müraciət edirik.
Onlar, adətən, özlərinə iki-üç il sonra onlara lazım olan mütəxəssisi bildirirlər. Bu il 74 ixtisas istiqaməti elan etdik, amma qurumlardan daxil olan istiqamətlər 200-dən artıq idi.
Müşahidə Şurası tərəfindən yekun qərar verildi. Bu məsələnin digər problemi də var idi ki, qurumlardan həddən artıq siyahı daxil olmuşdu. Orada iki il yox, 20 il sonra lazım olacaq ixtisasların siyahısı var idi. Bəzi qurumlardan isə siyahı daxil olmadı.
- Əvvəllər şərt var idi ki, tələbə dövlət xətti ilə xaricdə təhsil alırsa, mütləq ölkəyə qayıtmalıdır. Fondun belə şərti varmı?
- Xeyr. Biz xaricdə təhsil proqramın müzakirə edən zaman Müşahidə Şurası qərar verdi ki, belə bir tələb qoyulmasın. Amma xaricdə təhsil alan şəxslərin sənədləri ixtisaslarına uyğun olaraq dövlət qurumlarına göndərilir. Onlara maraqlıdırsa, bu şəxs orada işləyə bilər. Öz ixtisası üzrə xaricdə işləmək istəyirsə, mane yaradılmır.
Gedən gənclərə Azərbaycan həqiqətləri, tarixi, dövlətçiliklə bağlı təlimlər keçirilir. Hər bir gənc Qarabağ həqiqətlərini bilməlidir, eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin ölkələrdə olan əməkdaşları ilə birlikdə işləməlidirlər.
- Belə bir proqnozunuz varmı ki, nə qədər şəxs xaricdə qala, nə qədəri Azərbaycanda qayıda bilər?
- Düzü, belə bir proqnoz vermək çətindir. Müsabiqəyə müraciət edənlər var idi ki, əvvəlki Xaricdə Təhsil Dövlət Proqramı ilə təhsil almışdılar, amma öhdəliyi tam yerinə yetiməmişdilər. Bəzi qurumlar məsələ qaldırdı ki, onların müsabiqədə iştirak hüququ varmı? Biz sənədlərə baxanda ciddi məhdudiyyətin mövcud olmadığının şahidi olduq.
- “Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı” həyata keçirilən zaman şikayətlər var idi. Şəffaflığın olmamasından şikayətlənirdilər.
- İstənilən müsabiqənin nəticəsində qaliblərin sayı məğlubların sayından dəfələrlə az olur. Şikayətlər olur, amma bunlar arasında əsaslı ola biləcək şikayətə nadir hallarda rast gəlinir. Həmin insanlarla görüşəndə bəlli olur ki, onları narahat edən proqramın şəffaflığı deyil, bu proqramda “niyə mən qalib gəlmədim?” məsələsidir.
Bir çox hallarda onlar özü görür ki, qalib olsaydılar, bu, şəffaf seçim olmazdı. Biz hər bir müsahibəni videolentə aldıq. Qiymətləndirmədə fondla yanaşı, beş digər qurumun nümayəndəsi də iştirak etdi. Şəffaflığın artırılmasına xüsusi fikir veririk. Bu, bizim üçün çox önəmlidir. Təbii ki, fond olaraq iradlara açığıq.
O iradlar arasında elələri ola bilər ki, fəaliyyətimizin təkmilləşməsində bizə kömək olar. Xaricdə Təhsil proqramının vaxtı bitən ərəfələrdə gün ərzində onlarla şəxs şikayətlərlə müraciət edirdi. Amma ən çox müraciətlər ölkədaxili təhsillə bağlı olur. Bu günə kimi də müraciətlər gəlir.
Bəzilərində elə bir anlayış yaranıb ki, avtomotik olaraq təhsil haqqından azad olunmalıdır. Amma bu belə deyil. Müsabiqə keçirilir və əsas məqsəd təhsil göstəricisinin yüksək olmasıdır.
- 2019-cu ilə yekun vurduq. Gənclər Fonu ötən il ərzində hansı işləri həyata keçirib?
- Fond qrant müsabiqələri ilə yanaşı, təhsil sahəsində də gənclərə dəstək göstərir. Gənclər Fondu ötən il ilk dəfə olaraq “Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı”nı elan etdi. İlk dəfə bunu həyata keçirdik. 47 gəncin xaricdə magistr təhsili üzrə ödənişləri Gənclər Fondu tərəfindən ödənilir.
Ötən il ölkə üzrə “Təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsi oldu ki, bunun məqsədi sosial həssas kateqoriyaya daxil olan gənclərimizin illik təhsil haqqının tam və ya qismən maliyyələşdirilməsidir. Növbəti illərdə hər iki müsabiqə daha geniş keçiriləcək. Eyni zamanda, beynəlxalq təkilatlarda gənclərin təcrübə keçməsi ilə bağlı çalışmalarımız davam etdiriləcək.
- Regionlarda gənclərlə bağlı məsələ necədir? İşsizlik var. Onlara necə kömək etmək lazımdır?
- Bu, bir reallıqdır ki, paytaxt və regionlardakı gənclər arasındakı maraqlar, ehtiyaclar tam fərqlidir. Eyni zamanda, imkanlar baxımından fərqlər var. Hazırda dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də İlham Əliyevin tapşırığı əsasında, regionlardakı gənclərin inkişafı üçün dövlət dəstəyi mexanizminin təklif olunmasıdır.
Bilirsiniz ki, ölkəmizdə müxtəlif gənclər evləri var. Bununla yanaşı, 2019-cu ilin oktyabrın 1-dən başlayaraq regionlarda Gənclər Fondunun nəzdində inkişaf edən gənclərin İnkişaf Karyerə Mərkəzləri fəaliyyət göstərir.
Dövlətin müxtəlif proqramları gənclərə çatdırılacaq. Burada könüllülük hərəkatı, qeyri-formal təhsil, karyera təlimləri təşkil olunacaq. Bu da məşğulluqla bağlı problemlərin həll olunmasına kömək edəcək.
- Gənclər Fondu sahibkarlığın inkişafına hansı formada dəstək göstərə bilər?
- Gənclər Fondu 2020-ci ildə məşğulluq və sahibkarlıqla bağlı iki proqram həyata keçirəcək. Bunlardan biri ilk dəfə işə düzələn gənclərin əməkhaqlarının müəyyən qisminin Gənclər Fondu tərəfindən subsidiya şəklində ödənilməsidir. Gənclərin təsis etdiyi hüquqi şəxslərin innovativ layihələrinin kredit şəklində maliyyələşdirilməsi də layihələrimiz arasındadır.
Bu istiqamət üzrə fond tərəfindən bank və bank olmayan kredit təşkilatları ilə danışıqlar aparılır. Növbəti ildən bu istiqamətdə maliyyələşmə olacaq. Burada üç tip - kiçik, orta, böyük məbləğdə kredit təklif olunur. Bu imkanlardan 18-29 yaşlı Azərbaycan vətəndaşları yararlana biləcək. Kreditlər minimum 1000 manat, maksimum 50 min manat təşkil edəcək. Güzəştli, beş-yeddi faiz dərəcələri tətbiq olunacaq.
- Gənclər məsələsində çatışmazlıqlar nədir? Dövlət qurumları ilə əlaqələr necədir?
- Fond qarşısında qoyulan məsələ imkanların gənclərə geniş şəkildə çatdırılmasıdır. Sosial şəbəkələrdə də fəaliyyətimizi genişləndiririk, KİV-lə işləyirik. Fond tərəfindən bu il ölkəmizdə gənclərlə bağlı GencApp mobil tətbiq yaradıldı.
Dövlət qurumlarının bu tətbiqdə adminliyi var. Onlar öz proqramlarını yerləşdirirlər və gənclər də onlarla əlaqə yarada bilirlər. Gənclər rayonlara gedən zaman orada kitabxana, gənclər evlərinin harada yerləşdiyinə baxmaq imkanı əldə edirlər. Burada ödənişsiz CV forması yaradaraq istifadə etmək imkanı təqdim olunur.
Bununla yanaşı, ən son vakansiyalardan xəbərdar olurlar. Gənc artıq kompüter arxasında oturub, uzun-uzadı öz ideyası barədə yazmır, videogörüntü ilə ideyasını göndərir.
- Bu il üçün hansı hədəflər var?
- 2020-ci ildə məşğulluq və sahibkarlıqla bağlı gənclərə dəstək veriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edildi. “Könüllülər ili” ilə bağlı genişmiqyaslı layihələr həyata keçiriləcək. Aztəminatlı ailələrin övladlarına dəstək veriləcək, onlar üçün xarici dil, abituriyent kursları təşkil olunacaq.
Paylaş: