Xəbər lenti

 
“Tofiq Zülfüqarov nə vaxtilə Xarici İşlər naziri olub, nə də indi yarım Xarici İşlər naziridir”.
 
Ovqat.com xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” TV-yə verdiyi müsahibədə belə deyib.
 
Partiya sədrinin fikrincə, Azərbaycanda bütün nazirlər, o cümlədən Xarici İşlər nazirləri formal xarakter daşıyıb və daşımaqdadır: “Xüsusilə də Tofiq Zülfüqarov. Cəmi 1 il Xarici İşlər naziri işləyib. Sonra Orta Asiyanın hansısa ölkəsinə səfir göndərilib. Heç adi səfir kimi də özünü doğrultmayıb”. 
 
Qeyd edək ki, Tofiq Zülfüqarov  mediaya verdiyi açıqlamasında Azərbaycan rəsmilərinin Araik Harutyunyanla görüşünü şərh edərkən deyib: “Araiklə görüşmək ən azından ona görə lazım idi ki, aydınlaşdıraq: onun patriotizminin dəyəri nədir? Avtomobilini havaya uçuracaq idarəolunan raketdən bahadırmı?” ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, bu cür açıqlama sabiq nazirin diplomatiya sahəsinə yad adam olduğunu bir daha təsdiqləyir: “Məşhur bir söz var: diplomatlara dil fikirlərini izah etmək üçün yox, gizlətmək üçün verilir. Bir diplomat ki, əslində mövcud olmayan və ölkə üçün zərərli bir addımdan söhbət açırsa, bu, ikiqat siyasi səbatsızlıqdır”.
 
Partiya sədri Azərbaycanın Dağlıq Qarabağda Töfiq Zülfüqarovun bəhs etdiyi mübarizə metodlarına əl atmaq niyyətində olmadığını və buna ehtiyac da duyulmadığını bildirib: “Bizim əlimizdə qanunlar və beynəlxalq hüquq normaları var. Lazım olan vaxt Xankəndinə girib Araik və komandasını həbs edib Bakıya gətirə və ədalət mühakiməsinin qarşısında oturda bilərik. Nəyə lazımdır Araikin maşınını göyə uçarmaq?”.
 
Sərdar Cəlaloğlunun fikrincə, rəsmilərimizin Araiklə görüşməsi Dağlıq Qarabağdakı separatçı qüvvələrin siyasi qanadını silahlı qanadından ayırmaq məqsədi güdüb: “Bizim məqsədimiz hansısa separatçını yox, separatizm ideyasını məhv etməkdir”.
 
ADP sədri müsahibəsində ABŞ-ın “gizli CİA-sı” kimi tanınan “Stratfor”-un “Türkiyə-2050” xəritəsinin məğzi və həmin xəritənin digər ölkələrdə, o cümlədən Rusiyada yaratdığı ajiotajın səbəblərinə də aydınlıq gətirib.
 





Ana səhifəyə qayıt        Baxış: 5 954          Tarix: 17-02-2021, 08:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma