Xəbər lenti

 
Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya silah sənayesinin mühüm bir eybini  faş edərək “İsgəndər” raketlərinin ya heç partlamadığını, ya da ən yaxşı halda 10% partladığını bildirmişdi. Maraqlıdır ki, Paşinyandan əvvəl və sonra bir sıra erməni generalları da bu iddiada bulunmuş və Rusiyanın öyə-öyə doymadığı silahlarının əslində Novruz “piston”undan fərqli bir şey olmadığını bildirmişdi. Bu sensasiyalı açıqlamalardan sonra Moskva ciddi cəhdlə “öz ayranına turş deməməyə” çalışsa da, faktlar ayrı mətləblərdən xəbər verir.
 
Bir müddət əvvəl Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Şuşada üzə çıxardığı “İsgəndər” qalıqları da rus silahlarına ümid olanların Qarabağ ermənilərinin vəziyyətinə düşəcəyini bir daha təsdiqlədi. Yenə Kreml sözçüləri araya girərək, Bakının mərhəmətinə sığınıb ANAMA-nı öz fikirlərindən geri çəkilməyə vadar etməyə çalışsalar da, onun bu ümidləri özünü doğrultmadı. ANAMA ikinci açıqlaması ilə daha bir gerçəyi ortaya çıxardı. Məlum oldu ki, Şuşaya atılan raketlər “İsgəndər-M” imiş. Bu raket növü isə yalnız Rusiyanın arsenalında mövcuddur.
 
ANAMA bu gün yeni açıqlaması ilə Rusiyaya üçüncü şoku yaşadıb. Qurumun İdarə Heyəti sədrinin müavini Samir Poladov Calibre.Az-a  müsahibəsində rəsmən Paşinyanın və digər erməni generallarının iddialarını təsdiqləyib.


 
Ovqat.com həmin müsahibəni təqdim edir:
 
Samir müəllim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə etməsi xəbəri cəmiyyətdə böyük rezonans doğurub. Bu barədə fikrinizi bilmək istərdim?
 
– Bildiyiniz kimi, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi Azərbaycanın azad edilmiş ərazilərini minalardan və partlamamış hərbi sursatlardan təmizləyir.
 
Agentlik 2020-ci ilin dekabr ayından etibarən işğaldan azad edilmiş Şuşa şəhərində ərazilərin təmizlənməsi üçün işlər görür. Bu dövrdə 234 000 kvadrat metr (23.4 hektar) ərazidə təmizlənmə işləri aparılıb, 686 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
 
Agentliyin mütəxəssisləri tərəfindən 183 ev və həyətyanı ərazilər, 11 çoxmərtəbəli bina yoxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Bu il martın 15-də Agentliyin əməkdaşları tərəfindən ərazilərin təmizlənməsi əməliyyatı zamanı şəhərdə partlayan iki ədəd raketlərin qalıqları tapılıb.
 
Agentliyin mütəxəssisləri tərəfindən identifikasiya nömrəsinə (9M723) baxış zamanı və əlavə araşdırma nəticəsində qalıqların “İskəndər-M” raketinə aid olduğu müəyyən edilib. Bu günə qədər Agentlik Şuşa ərazisindəki raketlərdən yalnız birinin partladığı yeri müəyyən edib.
 
Hər iki raketin yerləşdiyi yerin dəqiq koordinatları barədə artıq mətbuatda məlumat verilib.
 
Məlumat üçün deyim ki, NATO-da raketin kod təyinatı “SS-26 STONE”, raketin maksimum məsafəsi 400 km, diametri 920 mm, uzunluğu 7,2 metr, döyüş başlığının kütləsi 480 kq və raketin başlanğıc kütləsi 3 800 kq-dır.
 
– Siz qeyd etdiniz ki, iki partlamış raketin qalıqları aşkarlanıb. Xahiş edirəm izah edin, iki raket atıldığını nəzərə alsaq, niyə yalnız bir çala tapılıb?
 
Düzdür, iki partlamış raketin qalıqları aşkar edilib. Qeyd etdiyiniz nüans bizdə də suallar doğurur.
 
Bənzər gücdəki raketin partlaması müəyyən bir diametrdə çalanın meydana gəlməsinə və ya digər maddi ziyanlara səbəb olacağı mütləqdir. Ancaq əvvəl qeyd etdiyim kimi, yalnız bir çala tapa bildik.
 
Təmizləmə prosesi davam edir və yeni önəmli tapıntılar olacağı təqdirdə, əlavə məlumat verəcəyik. Elə də ola bilər ki, xoşbəxtlikdən raketlərdən biri böyük dağıntı törətməyib.
 
Raketin tam gücü ilə partlamaması barədə də əsaslı ehtimallar irəli sürmək olar. Çünki raketin iddia edilən gücü ilə törədilmiş dağıntı arasında qeyri-proporsionallıq var. Bununla bərabər, tam gücü ilə partlama şəraitində raketin hissələri belə böyük həcmdə qala bilməzdi.
 
– Ermənistan mətbuatında yayılan məlumatlarda “İsgəndər” raketlərinin müharibənin son günlərində, yəni Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad olunduğu ərəfədə istifadə edildiyi qeyd edilib. Bu barədə nə deyə bilərsiniz?
 
-Raketlərin konkret olaraq hansı tarixdə atıldığını demək bizim üçün bir az çətindir. Böyük ehtimalla Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsindən sonra hərbi baxımdan çıxılmaz vəziyyətə düşən Ermənistan irəliləyən Azərbaycan Ordusunun qarşısını almaq, hərbçilərimiz arasında kütləvi tələfat törətmək məqsədilə bu raketlərdən istifadə edib.
 


Ana səhifəyə qayıt        Baxış: 12 242          Tarix: 3-04-2021, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma