Xəbər lenti
NN-Algeria, Əlcəzair
22.06.2021


Müəllif: Rumeysa Rəhmani
Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili İlham Əliyev Əlcəzairlə Azərbaycan arasında mövcud dərin tarixi əlaqələr haqda danışıb. Əlcəzair ilə Azərbaycan xaqlarını islam dəyərləri, ortaq mədəniyyət və ənənələr birləşdirir.

Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili İlham Əliyev Əlcəzair diplomatiyasını yüksək qiymətləndirərək onun fəal və çox güclü olduğunu bildirir. O, Azərbaycan səfirliyin fəaliyyəti üçün göstərilən bütün köməyə görə Əlcəzair hökumətinə təşəkkürünü ifadə edib. Müvəqqəti işlər vəkili iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, mövcud imkanlarından istifadə etmək üçün Azərbaycan hökumətinin səylərindən də danışıb. İlham Əliyev mövcud bir sıra proqram və layihələrin koronavirus pandemiyası üzündən həyata keçirilmədiyini qeyd edib. Digər tərəfdən, bu il iki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi gözlənilir. Müvəqqəti işlər vəkili Əlcəzair vətəndaşlarını Azərbaycana səfərə dəvət edib.

- Azərbaycanla Əlcəzair arasında əlaqələri necə qiymətləndirirsiniz? Ölkələr arasında ikitərəfli əlaqələrdə son vəziyyət necədir?
- Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin qədim tarixi var. Mən burada türkəsilli ailələr barədə eşitmişəm. Hətta Əlcəzairdə “azəri” ləqəbi olan bəzi ailələrin yaşadığını da eşitmişəm. Odur ki, əlaqələrimizin qədim tarixə, ortaq islami dəyərlərə, mədəniyyətə, adət-ənənələrə əsaslanır. Buranın ənənələri və mətbəxi Azərbaycandakı kimidir. Üstəlik, Əlcəzairdə Azərbaycandakı kimi əl işləri və sənətkarlıq nümunələri görmüşəm. Bundan əlavə, burada iki xalq arasında münasibətlərin qədim olduğunu göstərən başqa amillər var.
Müasir əlaqələrə gəlincə, Sovet İttifaqı dönəmindən nümunə gətirmək istərdim. Hələ həmin dövründə Azərbaycanın paytaxtı Bakıda yerləşən Neft-Kimya, Tibb institutlarında, Ali Hərbi Dənizçilik Məktəbinda və başqa təhsil ocaqlarında çoxlu sayda əlcəzairli tələbə təhsil alırdı.
Hazırda bu əlaqələr davam edir. Belə ki, Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra bir çox əlcəzairli mənimlə əlaqə saxladı. Onlar arasında ölkəmizdə təhsil almış keçmiş tələbələr də var idi. Hətta onların bəzilərini belə, tanımırdım. Mənimlə əlaqə saxlayan əlcəzairlilər 1990-cı illərdə Azərbaycanda təhsil aldıqlarını deyəndə təəccüblənmişdim.

Azərbaycanlılar hələ Sovet İttifaqı dönəmində Əlcəzairi tanıyırdı. Bu gün Azərbaycan və Əlcəzair səfirlikləri dövlətlərimiz arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi istiqamətində səyləri davam etdirir.

- İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ikitərəfli tarixi əlaqələrlə müqayisədə çox aşağıdır. Fikrinizcə, bu iqtisadi əlaqələrin inkişafı üçün nə etmək lazımdır?
- 2019-cu ilin oktyabrında Əlcəzair prezidenti Əbdülqadir Bensalah Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak edib, Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşüb. Prezidentimiz qeyd etmişdi ki, iki ölkə arasında iqtisadi əlaqələrini və ticarət dövriyyəsini inkişaf etdirmək lazımdır. Odfur ki, hər iki tərəf əlaqələri möhkəmləndirmək üçün mövcud imkanlardan istifadə etməlidir.

Əlbəttə, bu münasibətləri inkişaf etdirməyə çalışırıq. Bu sahədə bir sıra plan və layihələrimiz var idi. Lakin məlum olduğu kimi, keçən il bütün dünya koronavirus pandemiyası ilə üzləşib. COVID-19 pandemiyası plan və layihələrimizin həyata keçirilməsinə ciddi şəkildə mənfi təsir göstərib. Nəticədə iki dövlət arasında planlaşdırılmış layihələrin, o cümlədən qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi dayandırılıb.
Qeyd edək ki, əlaqələrin inkişafı üçün hər şeydən əvvəl qarşılıqlı səfərlər olmalıdır. Üstəlik, Azərbaycanla Əlcəzair arasında sazişlər imzalanmalıdır. Belə ki, azərbaycanlı investor Əlcəzairə səfər etməmişdən qabaq ölkə haqqında mühüm məlumatlar almalıdır. Bu, əlcəzairli investorlara da aiddir. Odur ki, qarşılıqlı rəsmi səfərlər təşkil olunmalı, iki dövlət arasında sazişlər imzalanmalıdır. Bütün bunlar iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına imkan verəcək. Biz bu il Azərbaycanla Əlcəzair arasında qarşılıqlı səfərlərin həyata keçirilməsini gözləyirik.

- Diplomatik sahədə əlaqələr haqda nə deyə bilərsiniz?
- Azərbaycan və Əlcəzairdə qarşılıqlı olaraq səfirliklər fəaliyyət göstərir. Diplomatik əlaqələrimiz çox yaxşıdır və ən yüksək səviyyədədir. Səfirliyimizin fəaliyyətinə göstərdiyi bütün köməyə görə Əlcəzair hökumətinə təşəkkür edirəm.

- Azərbaycan Əlcəzair vətəndaşlarının ölkəyə səfəri üçün hansı güzəştlər edir?
- Azərbaycan əhalisinin sayı Əlcəzair ilə müqayisədə çox azdır. Lakin əlcəzairlilər Azərbaycanın tətbiq etdiyi online viza sistemindən istifadə edirlər. Əlcəzair pasportu olan istənilən əlcəzairli öz mobil telefonundan daxil olub rüsum ödəməklə Azərbaycana viza ala bilər. Amma hazırda pandemiya ilə əlaqədar bəzi məhdudiyyətlər var. Bu, Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilib. Əlcəzairə səfər etmək istəyən azərbaycanlılara gəlincə isə, onlar yaxın gələcəkdə Əlcəzairin Bakıdakı səfirliyinə viza almaq üçün müraciət edə biləcəklər. Səfirlik onlara viza verəcək. Hələlik isə azərbaycanlılar Əlcəzairə səfər vizasını onun İstanbuldakı konsulluğundan almalıdırlar.

- Elektron vizanın tətbiqi nəticəsində Azərbaycana səfər edən əlcəzairli turistlərin sayında artım olubmu? Ölkənizə ildə nə qədər əlcəzairli turist gəlir?
- COVID-19 pandemiyasından qabaq 20 mindən çox əlcəzairli turist Azərbaycana səfər edib. Ölkəmiz bütün turistləri xoş qarşılayır. Çox sayda əlcəzairlinin  Azərbaycana səfər etmək istədiyini eşidəndə çox sevinirəm. Qəzetlərdə Azərbaycana səfər etmiş bir sıra şəxslərin şərhlərini oxuyuram. Onlar azərbaycanlıların əlcəzairlilər kimi qonaqpərvər xalq olduğunu deyir və ölkəmizə yenidən səfər etməyi arzulayırlar. Mən və bütün Azərbaycan xalqı bununla fəxr edir. Qeyd etdiyim kimi, xalqlarımız arasında böyük oxşarlıq var. Əlcəzair xalqının nümayəndəsi bilsə ki, sən onun ölkəsində qəribsən, sənə yardım və hörmət etməyə çalışar.

- Ölkələrimiz mədəniyyət sahəsində və elmi-akademik səviyyədə əməkdaşlıq edirmi?
- 2019-cu ildə Əlcəzairin mədəniyyət naziri Azərbaycanın paytaxtı Bakıya səfər edib. Qeyd etdiyim kimi, tərəflər mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün səylərini əsirgəmirlər. Əlcəzairin Mədəniyyət Nazirliyində Azərbaycanı, onun musiqisini, teatr tamaşalarını yaxşı tanıyırlar. Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyev ötən əsrin 70-ci illərində uzun müddət Əlcəzairdə fəaliyyət göstərib, Əlcəzairin xalq musiqisini toplayıb. O, burada məşhur idi. Əlcəzairin Mədəniyyət Nazirliyində onu yaxşı tanıyırlar. Əvvəllər burada bizim incəsənət xadimlərinin iştirakı ilə Beynəlxalq Mədəniyyət Festivalı belə, keçirilib. Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Mədəniyyət Festivalında növbəti dəfə iştirak etməsini planlaşdırmışdıq. Lakin COVID-19 pandemiyası buna mane oldu.

Təhsil sahəsində də əlaqələrimiz mövcuddur. Qeyd etdiyim kimi, ötən əsrin 90-cı illərində əlcəzairlilər Azərbaycanda təhsil alırdılar. Hazırda Azərbaycan hökuməti İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmamaq Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təhsil qrantı ayırıb. Hər il əlcəzairli tələbələr Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına ölkəmizdə təhsil alırlar. Bu, gözəl haldır. Biz bu əlaqələrin gələcəkdə də davam etməsini arzu edirik.

- Beynəlxalq arenada Əlcəzairlə Azərbaycanın mövqeyi üst-üstə düşürmü? Əlcəzair diplomatiyası barədə fikirləriniz necədir?
- Əlcəzair diplomatiyası fəal və çox güclüdür. Biz onu yüksək qiymətləndiririk. Bir zamanlar çox sayda azərbaycanlının Əlcəzairdə Sovet İttifaqının mütəxəssisləri kimi çalışdığını qeyd etmək yerinə düşər. Bəziləri onların Rusiyadan olduğunu düşünürdülər. Amma onlar Azərbaycandan idilər. Onların adları Əlcəzairdə neft yataqlarının kəşfində çəkilir. Bu gün onların ərəb və fransız dillərinə tərcümə edilmiş əsərləri qalır. 174 il əvvəl dünyada ilk dəfə quruda və dənizdə sənaye üsulu ilə neft hasilatı məhz Azərbaycanda həyata keçirilib. Bu səbəbdən Azərbaycanın enerji sənayesində böyük təcrübəsi var. Bu gün Bumirdas Universitetində bir azərbaycanlı professor çalışır. Bu yaşlı insan vaxtilə Əlcəzairə gəlib burada qalanlardandır. O, buranın onun vətəni olduğunu deyir. Əlcəzair vətəndaşlığını da qəbul edib. Hələ də universitetdə dərs deyir.

Bu arada, beynəxalq ictimaiyyət Azərbaycanın suverenliyini və beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü dəstəkləyir. Biz bunu yüksək qiymətləndiririk və hər kəsə, həmçinin Əlcəzairə də təşəkkür edirik.

- Əlcəzairdə Azərbaycan diasporu varmı və sayı nə qədərdir?
- Çox təəssüf ki, burada çox sayda azərbaycanlı ailə yaşamır. Amma Əlcəzairdə “azəri” ləqəbi daşıyan ailələrin yaşadığını eşitmişəm (ərəb dilində Azərbaycana aid işlənən sözdür - WM). Ola bilsin, onlar Əlcəzairə yüzlərlə il bundan əvvəl köçüblər. Səfirlik olaraq bizə məlumdur ki, Əlcəzairdə bir azərbaycanlı ailə yaşayır. Bu ailə Bumirdasda yaşayır və 7 nəfərdən ibarətdir. Onlar qeyd etdiyim professorun ailəsidir. O və ailəsi Əlcəzairdə qalmaq istəyir. Onlar vaxtaşırı Azərbaycana gəlib-gedirlər. Lakin bu ailə Əlcəzairdə daimi olaraq məskunlaşıb və buraya öyrəşiblər.

- Azərbaycanın son Fələstin-İsrail problemi ilə bağlı mövqeyi necədir?
- Azərbaycan təcavüzə məruz qalmış və müharibənin yaratdığı problemlərdən əziyyət çəkmiş ölkədir. Dövlətimiz hər zaman dialoq və sülhün tərəfdarıdır. Fələstin mövzusuna gəlincə isə, mövqeyimiz dəyişməzdir. Biz paytaxtı şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik. Bu, Azərbaycan hökumətinin və xalqının mövqeyidir. Qeyd etdiyim kimi, bu məsələ ilə bağlı mövqeyimiz dəyişməzdir. Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Biz bununla fəxr edirik. Azərbaycan Qüds mövzusuna həsr edilmiş bir çox beynəlxalq konfransa, həmçinin Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransına ev sahibliyi edib. Bir sözlə, Azərbaycan hər zaman qardaş Fələstin xalqını dəstəkləyir.

- Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın ölkənizə qarşı bəzi ittihamlar səsləndirdiyinin şahidi olduq. Bu haqda fikirlərinizi bilmək istərdik?
- Təcavüzkar Ermənistanın son ittihamları paytaxt Bakıda açılan Hərbi Qənimətlər parkı ilə bağlı idi. Burada 44 günlük müharibədə düşməndən götürülmüş hərbi qənimətlər sərgilənir. Lakin Ermənistan və onu dəstəkləyən bəzi qüvvələr guya bunun qeyri-humanist addım olduğunu deyib. Azərbaycan tərəfi Ermənistana və onu dəstəkləyən bütün qüvvələrə bunun məsələnin onun daxili işi olduğunu başa salıb.

Bildiyiniz kimi, ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması haqqında üçtərəfli bəyanat imzalanıb. Əslində, bu bəyanat Ermənistanın kapitulyasiyası sənədidir. Bu bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın 44 günlük müharibə zamanı hərbi yolla azad etmədiyi ərazilərindən çıxarılıb. Hərbi əməliyyatların dayandırıldıqdan sonra Azərbaycan ərazilərində yeni təxribatlar törətmiş və saxlanılmış ermənilərə gəlincə isə, onlar terrorçudurlar və hərbi əsirlər deyillər.

Xatırladaq ki, iyunun 12-də Azərbaycan Gürcüstan nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Gürcüstan sərhədində Ermənistana 12 vətəndaşını təhvil verib. Bunun müqabilində Ermənistan Azərbaycana Ağdam rayonunda yerləşdirdiyi 97 min tank və piyada əleyhinə minanın yerlərini əks etdirən xəritələri verib.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsinə gəlincə isə, Yerevan iddia edir ki, guya ölkəmizin silahlı qüvvələri onların ərazilərinə daxil olub. Bu, Ermənistanın növbəti yalanıdır. Belə ki, Azərbaycan qarşı tərəfdən beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində iki ölkənin sərhədlərinin delimitasiyasını tələb edir və buna çağırır.

- Qarabağ regionunda son vəziyyət necədir?
- Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlayıb. Orada yollar, elektrik stansiyaları, hava limanları və yeni infrastruktur obyektləri tikilir. Ermənistan bu ərazilərdə hər şeyi, hətta məscidləri və qəbirləri belə, dağıdıb. Vaxtilə həyatın qaynadığı Ağdam şəhəri indi “ruhlar şəhəri” adlanır. Belə ki, orada salamat tikili qalmayıb. Bu günlərdə Azərbaycan prezidenti ora səfər edib və yeni şəhərin təməlini qoyub.

Bundan əlavə, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə səfər edib. Şuşa Dağlıq Qarabağın ürəyi hesab edilir. Türkiyə dövlət başçısını Azərbaycan prezidenti qarşılamışdı.

Şuşada prezidentlər arasında təkbətək görüş olub. Üstəlik, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması mərasimi keçirilib. Adı çəkilən bəyannaməni iki ölkənin liderləri imzalayıb.
Yeri gəlmişkən, sizə Qarabağ sözünün mənasını izah etmək istəyirəm. O, Azərbaycan dilində iki sözün birləşməsindən ibarətdir: qara və bağ. Bura sıx meşələrlə zəngin olduğu üçün belə adlanır.

- Ümumiyyətlə, beynəlxalq arenada Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan hazırda inkişaf etmiş, mütərəqqi ölkədir. O, təbii sərvətlərindən istifadə edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bir zamanlar Azərbaycanda işsizlik səviyyəsi 56% idi. Hazırda bu göstərici cəmi 5%-dir. Bundan əlavə, Azərbaycan elm, mədəniyyət ölkəsidir. Onun bir sıra sahələrdə çalışan alimləri dünyada tanınır.

Azərbaycan böyük beynəlxalq layihələrin müəllifidir. Bakıdan Türkiyəyə, oradan da Avropaya boru kəmərlərimiz var. Dəmir yolu xətləri də fəaliyyət göstərir. Bir sözlə, müxtəlif beynəlxalq əhəmiyyətli layihələr mövcuddur.

Azərbaycan bütün dövlətlərlə dialoq və dostluq siyasəti yürüdür. Baxmayaraq ki, Azərbaycan, əvvəldə dediyim kimi, islam dünyasının bir parçasıdır, o, həm də dünyada mədəniyyətlər arası dialoq mərkəzi sayılır. Onun dünyanın bütün dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri, qonşu ölkələrlə isə strateji əlaqələri vardır

Yeri gəlmişkən, Azərbaycan mədəniyyətlərarası dialoq üzrə beynəlxalq konfranslara ev sahibliyi edir. Bu tədbirlərdə istər islam, istərsə də digər dinlərin üstünlük təşkil etdiyi ölkələrin nümayəndələri iştirak edirlər. Beləliklə, biz bütün dövlətlər arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə çalışırıq.

Bu gün Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi dövlətləri arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri inkişaf edir. Azərbaycan, ümumilli lider Heydər Əliyevin layiqli davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərliyi altında yalnız gələcəyə baxır: quruculuq işləri genişləndirilir, müasir intibah dövrü isə davam edir.
Azərbaycan zəngin təbii sərvətlərə malikdir. O, neft-qaz ölkəsi hesab edilir. Qeyd etdiyim kimi, ilk neft quyusu 1847-ci ildə məhz Azərbaycanda qazılıb. Həmçinin dənizdə və quruda sənaye üsulu ilə neft ilk dəfə məhz Azərbaycanda çıxarılıb. Hazırda Azərbaycan müasir enerji sənayesi dünyada tanınır.

Bir sözlə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. O, dünyanın bir çox dövləti, o cümlədən Əlcəzairlə enerji sahəsində səmərəli əməkdaşlıq əlaqələrinə malikdir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: NN-Algeria


Ana səhifəyə qayıt        Baxış: 5 320          Tarix: 22-06-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma