Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Əl-Şuruq, Əlcəzair 22.01.2021Müəllif: İlham Əliyev (Azərbaycanın Əlcəzairdə müvəqqəti işlər vəkili) Azərbaycan xalqı hər il yanvarın 20-də tarixinin qanlı faciəsinin ildönümünü hüznlə qeyd edir. 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet rejiminin silahlı qüvvələri o zaman üçün inkişaf etmiş silahlarından istifadə edərək, Azərbaycan paytaxtı Bakıya və ölkənin başqa şəhərlərinə vəhşicəsinə hücum etmişdi. Sovet rejimi Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizə əzmini qırmaq istəyirdi… Sovet qoşunları Azərbaycan şəhərlərinə daxil olan zaman qarşısına çıxan dinc insanları gülləbaran edib, yüzlərlə günahsız mülki insanı – uşaqları, qadınları, qocaları qətlə yetirib və yaralayıb. Bu, silahsız və günahsız vətəndaşlara qarşı törədilmiş iyrənc cinayət, Azərbaycan Respublikasının suverenliyinin, beynəlxalq qanunların və konvensiyaların, insan hüquqlarının açıq-aşkar və kobud şəkildə pozulması idi. Üstəlik, təcavüz Sovet İttifaqının o zamankı rəhbəri, bu cinayətdən cəmi bir neçə ay sonra – 1990-cı il oktyabrın 15-də Nobel Sülh Mükafatına layiq görülmüş Mixail Qorbaçovun birbaşa əmri ilə həyata keçirilmişdi. Azərbaycan xalqı ümumilli lider Heydər Əliyevin bu qanlı faciədən dərhal sonra ortaya qoyduğu mövqeyini də heç vaxt unutmayacaq. Həmin günlərdə o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək orada bəyanat vermiş, xalqa qarşı törədilmiş bu cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Əslində, bu bəyanat Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də törətdiyi cinayətə ilk siyasi qiymət idi. Bu faciə nəinki Azərbaycan xalqının iradəsini, azadlıq və müstəqillik əzmini zəiflətmədi, əksinə, cəmiyyətin bütün təbəqələrinin milli azadlıq hərəkatı ətrafında daha sıx birləşməsinə gətirib çıxardı, xalqın mübarizəsinə güclü təkan oldu. Nəticədə Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdi. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti hələ 1918-ci il mayın 28-də yaradılmışdı. O, Şərqdə ilk demokratik respublika idi. Lakin cəmi 23 ay mövcud olmuş AXC-nin süqutundan sonra Azərbaycan təqribən 70 il keçmiş Sovet İttifaqının tərkibində qalmışdı. Azərbaycan məhz müstəqilliyinin bərpasından sonra istər siyasi, istərsə də iqtisadi həyatının bütün sahələrində böyük nailiyyətlər qazanıb. Ölkənin xüsusilə son 17 ildə keçdiyi davamlı inkişaf yolu Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələrin cəlbinə, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsinə imkan verib. Nəticədə ölkədə xarici investorlar üçün də əlverişli şərait yaranıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır, ayrı-ayrı dövlətlərlə fəal və etibarlı tərəfdaşlıq edir. Azərbaycan regionun aparıcı dövlətidir. Halbuki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı. Bu təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu işğal olunmuşdu. Bu, ölkə ərazisinin 20%-i deməkdir. İşğal nəticəsində Azərbaycanın bir milyondan çox vətəndaşı dədə-baba yurdundan qaçqın düşmüş, məcburi köçkünə çevrilmişdi. Ermənistanla Azərbaycan arasında müharibə bir də, yenə də Yerevanın təxribatı nəticəsində 2020-ci il sentyabrın 27-də başlamışdı. Lakin 44 günlük müharibə bu dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğaldan azad etməsi, ölkənin ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Azərbaycan bu gün dünyanın bütün dövlətləri ilə dostluq, əməkdaşlıq, mehriban qonşuluq münasibətlərini möhkəmləndirməyə yönəlmiş siyasət yürüdür. O, İslam dünyası, o cümlədən ərəb ölkələri ilə də əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikası ilə Əlcəzair arasında da bütün sahələrdə əlaqələrin inkişafı sevinc doğurur. Fərəhləndirici haldır ki, bu gün tərəflər iki qardaş xalqın mənafeyinə xidmət edən əlaqələrin daha da gücləndirilməsinə, daha da genişlənməsinə çalışır. (Ərəb dilindən tərcümə – WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar