İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami indiyədək rekord həddə uran zənginləşdirilməsinə nail olduqlarını açıqlayıb. Onun sözlərinə görə, uranın zənginləşdirilmə göstəriciləri əvvəlkiləri iki dəfədən çox üstələyib. Ümumiyyətlə, İran rəsmiləri mütəmadi olaraq İranın nüvə silahı hazırlama gücündə olduğunu dünyaya nümayiş etdirməyə çalışırlar. Məsələn, İranın Beynəlxalq məsələlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi bir neçə ay əvvəl diqqətə çatdırdı ki, istəsələr, atom bombası yarada bilərlər, ancaq ölkə rəhbərliyinin bu barədə qərarı yoxdur.
Məsələni Oxu.Az-a şərh edən İranın daxili siyasəti üzrə ekspert Babək Çələbyanlı ilk olaraq Xərrazinin nitqlərindən söz açıb:
“Tehranda keçirilən üçüncü dialoq forumunda çıxış edən Xərrazi “İranın nüvə imkanları”na eyham vuraraq iddia etdi ki, o, xarici işlər naziri olanda Avropa tərəfi İranın 15 sentrifuqaya malik olmasına razılıq verməyə hazır deyildi, amma hazırda İranın 19 min sentrifuqası var və İranın nüvə bilikləri sahəsindəki imkanlarına görə qərblilər İranla danışıqlar aparmağa məcbur olublar.
Əli Xameneinin baş müşaviri “Əl-Cəzirə” telekanalına müsahibəsində isə daha əvvəl atom bombası hazırlamaq təhlükəsini gündəmə gətirərək demişdi: “Biz bir neçə gün ərzində uranı 60 faiz zənginləşdirə bildik, 90 faiz də zənginləşdirə bilərik”.
Bunlardan yola çıxaraq deməliyəm ki, İran özünü genişmiqyaslı daxili etirazların çətin vəziyyətindən qurtarmağa çalışır. Heç kimə sirr deyil ki, İran atom bombası istehsalına can atır və bu sahədə ciddi irəliləyişlər əldə edib. Kamal Xərrazinin açıqlamaları da bu çərçivədədir”.
Müsahibimiz vurğulayıb ki, Tehranın nüvə silahı əldə etməkdə əsas məqsədi İran İslam Respublikası hökumətinin davamlılığını təmin etməkdir:
“Ancaq molla hökuməti dağılır, atom bombası əldə etmək İran rejimini xilas edə bilməyəcək. Ən böyük nüvə arsenalı Sovet İttifaqının dağılmasının qarşısını ala bilmədi. İranın xarici siyasət yanaşması səbəbilə Rusiya, Çin, Şimali Koreya və Venesuela kimi kommunistyönümlü ölkələri ilə daha yaxşı münasibətləri var. Ona görə də atom bombası istehsalı üçün bu ölkələrdən yardım alması ehtimalı çoxdur.
Hazırda Rusiya ilə İranın yaxın münasibətləri olsa da, unutmaq olmaz ki, İran və Rusiya iki qonşu dövlətdir və Rusiya atom bombası olan qonşunu istəməz. İran və Rusiya arasında mövcud əməkdaşlıq Ukrayna müharibəsi və Zəngəzur dəhlizi çərçivəsində təhlil edilməlidir. Rusiya Ukrayna müharibəsi bataqlığında ilişib qalıb və silah qıtlığı ilə üzləşib. Hazırda silaha, raketlərə və dronlara ciddi ehtiyac duyur. İran isə beynəlxalq sanksiyalar riskini qəbul edərək Rusiyaya hərbi yardım edir, bunun müqabilində Rusiyadan Zəngəzur dəhlizinin açılmasının qarşısını almasını tələb edir. Xankəndidə və Ermənistanda baş verən son hadisələr bunu təsdiqləyir”.
Ekspert hesab edir ki, İran nüvə silahı istehsalına doğru getsə, regionun digər ölkələri də silahlanma yarışına girəcəklər:
“Bundan başqa, İranın İsraili məhv etmək kimi təhlükəli ideologiyasına görə dünya üçün ciddi təhlükə yarana bilər. İran atom bombası əldə edərsə, yeganə hədəfi İsrail olmayacaq. Azərbaycan, Türkiyə və ərəb ölkələri də İranın hədəfindədir.
İranda misli görünməmiş etirazların davam etməsi səbəbindən molla rejiminin süqutu ehtimalı hər zamankından daha çoxdur. İran qısa müddətdə etirazları yatıra bilsə də, repressiyaların və kütləvi edamların artması, eləcə də gənclərin və qadınların tələblərini qarşılaya bilməmək rejimi çökdürəcək. Molla rejiminin islah olunmaq imkanı yoxdur, ona görə də son ana qədər müqavimət göstərəcək və bir anda yıxılacaq”.
Paylaş: