“Ukraynanın Kiyev vilayəti ötən ilin son günü və bu ilin ilk üç günü ərzində müharibə dövrünün ən güclü və irimiqyaslı raket - dron hücumlarına məruz qalıb. Bu müddət ərzində Kiyev səmasında İran istehsalı olan 57 “Şahid” pilotsuz uçuş aparatı məhv edilib”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba bildirib.
Onun sözlərinə görə, həmçinin, Kiyev bölgəsi üzərində Rusiyanın 23 qanadlı raket vurulub:
“Məqsəd Kiyevin və regionun infrastrukturunu məhv etmək idi. Bu rəqəmlər bizim hava hücumundan müdafiə qüvvələrimizin səmərəli işlədiyini göstərir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızdan daim yardım alırıq. Hava hücumundan müdafiə sistemimiz effektiv işləyə və sakinlərimizi təcavüzkarın hücumlarından qoruya bilər. Digər tərəfdən, deyə bilərik ki, Ukraynanın səması tam bağlı deyil və qanadlı raketlərlə və “Şahidlər”lə hava hücumlarını davam etdirən Rusiyadan gələn təhlükəni aradan qaldırmaq üçün hələ çox işimiz var”.
O.Kuleba bildirib ki, ümumiyyətlə, Kiyev vilayətində vəziyyət sabitdir.
“Bizdə bütün mühüm infrastruktur obyektləri işləyir, onlar elektrik enerjisi ilə tam təchiz olunub və biz bütün tapşırıqları yerinə yetirmişik, bayram günlərində Kiyevi və bölgəni üç gün elektrik enerjisi ilə təmin etmişik. Beləliklə, düşmənə Yeni il bayramımızı məhv etmək imkanı vermədik. Amma raket və “Şahid” hücumları zamanı, çox təəssüf ki, iki nəfər yaralanıb, lakin onlar yüngül bədən xəsarətləri alıblar, xəstəxanada deyillər. Bu dörd hücum zamanı bizim 28 fərdi yaşayış evimiz dağılıb, dağıntılar müxtəlif səviyyəlidir, elə evlər var ki, onlara ciddi ziyan dəyməyib, elələri var ki, orada əsaslı təmir lazımdır”.
Paylaş: