Fransanın siyasəti uzun müddətdir ki, dünyanın bir çox ölkələrində, xüsusən də Əlcəzairdə narazılıqlara səbəb olur. Paris hələ də müstəmləkəçilik dövrü və bu ölkədə fransızların törətdikləri soyqırımına görə Əlcəzair xalqından üzr istəməkdən imtina edir. Üstəlik, Fransa Prezidenti Emmanuel Makron Əlcəzairi tarixi saxtalaşdırmaqda və keçmişi siyasiləşdirməkdə ittiham edib. Fransa liderinin sözlərinə görə, guya müstəmləkəçilərin gəlişindən əvvəl Əlcəzairdə dövlətçilik mövcud olmayıb.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda etdiyi çıxışlarının birində qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla Fransa arasında münasibətlər gərgin olub: “Müharibə zamanı Fransa açıq şəkildə bizi ittiham etdi, böhtan atdı. İndi mən onlardan üzr istəmələrini tələb edirəm”
Əlcəzairli analitik, konfliktoloq, beynəlxalq məsələlər üzrə ekspert Ramdan Auraq Oxu.Az-a müsahibəsində vurğulayıb ki, Prezident İlham Əliyev ikili standartlardan ibarət ikiüzlü siyasət yürüdən Fransanı qınamaqda haqlıdır.
- Prezident Emmanuel Makron bu yaxınlarda bildirib ki, Fransa müstəmləkəçilik və soyqırımı dövrünə görə Əlcəzairdən bağışlanma istəməməlidir. Eyni zamanda Makron hesab edir ki, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdülməcid Tebbun ilə birgə iki ölkəni barışdırmaq istiqamətində səylər göstərəcək və Fransanın üzr istəməsinə gərək qalmayacaq. Hazırda Fransa ilə Əlcəzair arasında münasibətlər necədir və niyə Paris üzr istəmək istəmir?
- Əgər beşinci Fransa Respublikasının müstəmləkə keçmişinə qayıdıb, cinayətlərə və soyqırımına görə rəsmi üzr istəməsindən danışsaq, Parisin bu məsələlərlə əlaqədar narahatlığı var, çünki bu, Fransa üçün hüquqi və maliyyə məsuliyyətləri yarada bilər. Əgər tribunal olarsa, etnoloqların, radiasiya təhlükəsizliyi üzrə ekspertlərin iştirakı ilə proseslər başlansa, o zaman Fransa üçün çoxlu əlverişsiz suallar ortaya çıxa bilər.
Yəqin ki, Fransanın Əlcəzairdəki Saxara səhrasında nüvə sınaqları keçirdiyindən xəbəriniz var (hesab olunur ki, ən azı 17 belə hal olub – red.). Bunun nəticələri çox ağır oldu, təsirinin izləri çoxlu sayda insanda qaldı, ətraf mühitə ziyan dəydi. Fransa və onun müttəfiqləri bu zərəri ödəmək istəmirlər, buna görə də rəsmi üzr istənilmir.
Digər tərəfdən, bu, guya “ağ adamın yükünü” daşıyan Fransanın təkəbbürünün təzahürüdür. Cozef Redyard Kiplinqin “Ağ adamın yükü” (The White Man's Burden) şeirini xatırlayın. Fransa ilə Əlcəzair arasında islam-xristian qarşıdurması tarixindən qaynaqlanan sivilizasiya toqquşması mövcuddur. Ərəb xilafəti var idi və Əlcəzair həmişə böyük müharibələrin sərhədində yerləşib. Tarixi yaddaş qorunub-saxlanılıb və hər bir əlcəzairli, müsəlman qərb, anqlosakson, katolik sivilizasiyasının təqsirlərini xatırlayır.
Əgər presedent olarsa və Fransa Əlcəzair xalqına qarşı törətdiyi cinayətləri tanıyarsa, o zaman liviyalılar, tunislilər, mərakeşlilər və bütün Afrika qitəsi Fransadan üzr və təzminat tələb edəcək. Belçikalıların Afrikada nələr törətdiklərini xatırlayırsınız? Onlar insan davranışının bütün sərhədlərini aşıblar. Buna görə də avropalılar, Avropa İttifaqı özünün müstəmləkə keçmişinə yenidən baxılmasını, təftiş edilməsini istəmir. Və təbii ki, onların bizim komprador (qeyd-şərtsiz xarici kapitala tabe olan təbəqə - red.) elitalarımıza təzyiq vasitələri var.
- Amma bildiyim qədərilə Makronun təmsil etdiyi Fransa 1994-cü il Ruanda soyqırımının məsuliyyətini öz üzərinə götürüb. Bundan əlavə, Fransız Polineziyasında keçirilən nüvə sınaqlarına görə də üzrxahlıq olub. Bəs o zaman Makronun Əlcəzairdən üzr istəməsinə nə mane olur?
- Mən bunu sizə izah edim. Makron Fransadakı prezident seçkisi ərəfəsində Əlcəzair xalqından da üzr istəyib. Amma bu, hüquqi müstəviyə düşməyən siyasi piar səviyyəsində bir bəyanat idi. Prezidentliyə namizəd Emmanuel Makronun sözləri sırf mediayönümlü xarakter daşıyırdı. Eyni şey Ruanda və Fransız Polineziyasına da aiddir - bu bəyanatlar hüquqi müstəvidən kənar məzmun daşıyırdı. Gəlin açıq deyək ki, İosif Stalin olmasaydı, Avro-Atlantik məkanda indiki Fransa da olmazdı. Anqlosakslar Fransanın İkinci Dünya müharibəsində faşizm üzərində qalib gəlmiş ölkə statusuna malik olmasına qarşı idilər.
Fransa baş verən sosial-iqtisadi, sosial-mədəni transformasiyalara görə bizə nəyisə diktə edə biləcək bir sistem olmaqdan çıxacaq. Mən digər məsələlərlə yanaşı, Məğrib regionundan (Misirin qərbində Şimali Afrika ölkələri – red.) miqrasiyanı və Fransanın özündəki demoqrafik prosesləri nəzərdə tuturam. Bu, zaman məsələsidir.
Prezident İlham Əliyevin Fransanın adını çəkərək, onun ikiüzlülüyündən danışması tam həqiqət idi. Və biz bu məsələdə Azərbaycanla tam həmrəyik.
Mən mövzunu davam etdirmək istəyirəm. Fransada hələ də “İnsan Muzeyi” (Musee de l'Homme) var. Orada 18 min insan kəlləsi saxlanılır və ziyarətçilərə sərgilənir. Bunlar Əlcəzairin müstəmləkə altında olduğu zaman fransız quldurlar tərəfindən kəsilən əlcəzairlilərin başlarıdır. Onlar gələcək İŞİD-in prototipinə çevrildilər. Kütləvi baş kəsmək İŞİD-ə aid davranış deyil, hər şeyi Fransa başladıb.
Vaxtaşırı uzun danışıqlardan sonra fransız müstəmləkəçilərə qarşı döyüşlərdə həlak olmuş qəhrəmanlarımızın bir neçəsinin kəlləsini bizə “xoşməramlı jest” kimi qaytarırlar. İndi siz bu “sivil dövlət”in səviyyəsini anlayırsınız? Onlar qətlə yetirilən 18 min əlcəzairlinin kəlləsindən ibarət muzey açıblar.
- Amma ötən il Makron Əlcəzairi tarixi saxtalaşdırmaqda ittiham edərək, müstəmləkəçilərin gəlişindən əvvəl Əlcəzair dövlətçiliyinin olmadığını demişdi. İndi bu o anlama gəlir ki, əlcəzairlilər hələ bütün baş verənlərə görə Fransaya təşəkkür etməlidirlər?
- Bizi müstəmləkəyə çevirəndən sonra onlar bütün resurslarımızı mənimsəyib daşıdılar. Hətta Parisin simvoluna çevrilən Eyfel qülləsi də Əlcəzairin şərqindən çıxarılan və qeyri-qanuni olaraq ixrac edilən dəmir filizindən hazırlanıb.
Əgər tarixdən danışsaq, Əlcəzair bir əyalət olaraq Osmanlı imperiyasının tərkibində idi. Daha əvvəl isə Məğrib orduları Əndəlüsdən Puatyeyə qədər olan ərazilərə nəzarət edirdi. Ona görə də tarix elə gətirə bilərdi ki, Fransa Xilafətin və ya Osmanlı imperiyasının tərkibində ola bilərdi. Amma bu səhvi Qərbdə, xüsusən də Fransada müşahidə etdiyimiz deqradasiyanı nəzərə alıb düzəltmək olar. Gec-tez biz Fransanı abordaj üsulu ilə götürəcəyik.
Mən emosional danışıram, amma mövzu mənim heysiyyətimə toxunur. Makron tarixi, Əlcəzair millətinin varlığını inkar edir. Görünür, onun savadsız və tərbiyəsiz olması özünü göstərir. Əgər tarix oxusaydı, dərslərini buraxmasaydı, o zaman belə boş şeylər deməzdi.
Ərəb xilafətinin və Osmanlı imperiyasının dünyanın mədəni irsinə, elm və texnologiyanın inkişafına verdiyi töhfələr hamıya məlumdur. Əlcəzair isə həmin dünyanın ayrılmaz hissəsi idi. Bunu necə inkar etmək olar? Bu, axmaqlıq və nankorluqdur.
İndi bizim Fransa ilə münasibətlərimiz gözləmə xarakteri daşıyır. Amma gec-tez Fransa bunun hesabını verməli olacaq. Onlar başa düşməlidirlər ki, qonşuları ilə dost olmalı, təkəbbür göstərməməli, konstruktiv dialoq aparmalıdırlar. Əhəmiyyətli hissəsini Məğrib ölkələrindən: Əlcəzairdən, Tunisdən, Mərakeşdən olan insanların təşkil etdiyi fransa xalqının gələcəkdə özünə müdrik siyasətçi seçəcəyinə ümid edirəm. Əsas odur ki, belə Makronlar gələcəkdə nə sizi, nə də bizi qıcıqlandırsınlar.
Nair Əliyev
Paylaş: