Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri Ağdam-Xankəndi yoludur. Azərbaycan tərəf təklif edir ki, Qarabağda yaşayan erməni əhaliyə humanitar yüklər bu marşrutla daşınsın.
Globalinfo.az mövzunu Ovqat.com saytının baş redaktoru Heydər Oğuzla müzakirə edib.
– Bakı Qarabağa humanitar yüklərin Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edir. Qarabağda erməni əsilli sakinlər isə bir tərəfdən “humanitar böhran” çağırışları edir, digər tərəfdən isə bu yola betonlar düzür, bütün vasitələrlə açılmasının qarşısını almağa çalışırlar. Bəs bu yolun əsas mahiyyəti nədir?
– Ağdam-Xankəndi yolu Qarabağda yaşayan ermənilər üçün humanitar dəhliz, Azərbaycan üçün isə suverenlik yoludur. Bilirsiniz ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquqda ən ali dəyər hesab olunur. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz əksini tapan bu prinsiplərə daha sonra ATƏT-in bir çox sənədlərində və Helsinki Yekun Aktında geniş yer verilib. İstənilən dövlətin ərazi bütövlüyünə qəsd müharibə səbəbi sayılır və indiyədək baş verən müharibələrin əksəriyyəti bu səbəbdən çıxıb. Bu baxımdan ermənilərin Ağdam-Xankəndi yolunun açılmasına qarşı göstərdiyi dirəniş və alternativ olaraq Laçın sərhəd keçid məntəqəsini ön plana çəkmə çalışmaları Azərbaycanın ərazi bütövlüyünü bərqərar etmək uğrunda apardığı mübarizəsini əngəlləmək cəhdidir ki, bu kimi təxribatlar iki dövlət arasında yeni müharibəni qızışdıra bilər. Prinsip etibarilə Azərbaycan XİN də yaydığı son bəyanatlarında bu təhlükədən açıq-aşkar bəhs etmişdir.
– Xankəndidəki qondarma rejimin təşəbbüsü ilə bu yolun açılmasına qarşı çıxılır, vəzinə Laçın yolu ilə daşımalar vurğulanır. Hətta dünyanın bir çox ölkəsində, beynəlxalq təşkilatlarda erməni təbliğat maşını bunun üçün hərəkətə keçib, ciddi kampaniyalara başlayıb. Bakının Ağdam-Xankəndi yolu təklifi mövcud proseslərə necə təsir edə bilər?
– Qarabağ ermənilərinin Ermənistanla birbaşa əlaqə yaratmaq üçün bəhanə kimi istifadə etdikləri humanitar böhran arqumentlərinə qarşı rəsmi Bakının irəli sürdüyü Ağdam-Xankəndi yolu variantı Azərbaycanın diplomatik masalarda əlini gücləndirir. Bilirsiniz ki, ermənilər hətta Laçın yolunun yük maşınlarına bağlamasını belə “soyqırım” kimi göstərib “xalqların öz müqəddaratını təyin etmək” hüququndan yararlanmağa çalışırdılar. Azərbaycan isə Qarabağ ermənilərinə qarşı hər hansı kin-küdurətinin olmadığını, onların ölkəmizə reinteqrasiya olunacağı təqdirdə digər vətəndaşlarımız kimi kontitusion hüquqlardan yararlana biləcəyini vurğulayır. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Ağdam-Xankəndi yolunun açılması ola bilər.
– Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında Bakı ilə Qarabağda yaşayan erməni sakinlər arasında növbəti görüşün planlaşdırıldığı, lakin onlar tərəfindən təxirə salındığı bildirilib. İrəvanın bu məsələyə qarışdığı iddia edilir. Ermənistan hakimiyyətinin burada məqsədi nədir?
– Məncə buna Qarabağ uğrunda gedən mübarizənin ümumi konteksindən yanaşılsa, mahiyyət tam aydın olar. Bilirsiniz ki, ABŞ-ın və Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Ermənistan danışıqlarında tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb və Paşinyan bunu dəfələrlə rəsmən bəyan edib. Bu isə o deməkdir ki, Ermənistan Qarabağa iddiasından əl çəkir. Amma bu addım İrəvan üçün o qədər də asan deyil. 30 ildir işğal etdikləri Qarabağı öz əraziləri bilən ermənilər bu reallıqla barışmaq istəmirlər. Fəqət ondan imtina etmək şansları da yoxdur. Əks halda, bu, müharibəyə səbəb ola bilər.
Üstəlik, iki dövlət arasında müəyyənləşdirilməmiş sərhəd problemi var. Xəritələr müxtəlifdir və onlardan bəzilərində Zəngəzur bölgəsi belə, Azərbaycan ərazisi kimi görünür. Məsələn, 1920-ci ilə aid xəritələrdə. Azərbaycan “SSRİ-yə hansı ərazilərlə girmişəm, məntiqlə o ərazilərlə ayrılmalı idim” arqumentinə əsaslanıb Zəngəzuru öz tarixi mənbəyinə qaytara bilər. Odur ki, İrəvan Azərbaycanın torpaq bütövlüyünü şifahi şəkildə tanıdığı halda, bu barədə hər hansı sənədə imza atmır, müxtəlif bəhanələrlə vaxt uzadır. Əsas bəhanəsi isə Qarabağ erməniləridir.
Heydər Oğuz
– Reinteqrasiya prosesinin bir parçası kimi Bakının nümayəndə heyəti ilə Qarabağ erməniləri arasında keçirilməsi planlanan görüş neçəndi dəfədir təxirə salınır. Bəs bu danışıqların nə zaman və harada baş tutacağı mümkün görünür?
– Ermənilərin formal olaraq Qarabağ iddialarından çəkilməsi danışıqlar masasında istər-istəməz bəzi suallar meydana gətirib. Məsələn, “Qarabağ Azərbaycanındırsa, o zaman orada yaşayan ermənilərin vəziyyəti necə olacaq” sualı. İrəvana görə, bu problem Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq himayə altına alınması ilə çözülə bilər. İstər rəsmi Bakı, istərsə də beynəlxalq birlik bu sualın ən doğru cavabını Qarabağ ermənilərinin Azərbaycan toplumuna reinteqrasiyasında görürlər. Reinteqrasiya tədbirlərinin həyata keçirilməsi üçün isə Qarabağ erməniləri ilə rəsmi Bakı danışıqlar aparmalıdır. Amma harda? Zənnimcə, məsələnin ikinci ən canalıcı məqamı bu sualın altında yatır.
Qarabağ ermənilərinin və İrəvanın fikrincə, bu danışıqlar yalnız üçüncü dövlətin ərazisində aparıla bilər. Azərbaycan isə haqlı olaraq bunu öz suverenliyinə qəsd kimi qiymətləndirir. Məhz bu səbəbdən reinteqrasiya danışıqlarını öz ərazimizdə aparmağı təklif edir. Yevlaxda görüş barədə təklif də məhz bu zərurətdən doğub. Di gəl ki, Qarabağ erməniləri və dini rəhbərlər Azərbaycana reinteqrasiya addımlarını öz “milli dövlətçilik” maraqlarına zidd hərəkət kimi qiymətləndirirlər və bu ünsiyyəti pozmağa çalışırlar. Yevlaxda görüşün baş tutmaması da bu basqılar nəticəsində baş verdi.
– Həm Xankəndidəki qondarma rejim, həm də rəsmi İrəvan Bakının təklifinin icrasına maneələr yaradır. Ağdam-Xankəndi yolu nə zaman və hansı halda açıla bilər?
– Ağdam-Xankəndi yolunun nə zaman açılması Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentindən asılıdır. Fikrimcə, rus sülhməramlıları nə qədər Qarabağdadır, Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərqərar etməsi və o bölgədə yaşayan ermənilərin ölkəmizə reinteqrasiyası baş tutmayacaq. Çünki Rusiya bu proseslərə özünün Cənubi Qafqazdakı varlığının sonlandırılması cəhdi kimi baxır və haqsız da deyil. Azərbaycan ərazilərində başqa dövlətin ordusunun varlığı bizim suverenliyimizə açıq-aşkar qəsddir və rəsmi Bakı rus sülhməramlılarının ordan çıxarılmasının yolunu axtarmalıdır. Faktlar da sübut edir ki, ruslar ölkəmizin Qarabağda yürütdüyü siyasəti sıfırlamaqla məşğuldurlar. Məsələn, biz Laçın yolunu ona görə bağlamışıq ki, Qarabağdakı erməni separatçıları İrəvandan bizim ərazilərə silah keçirməsin. “Caliber”in bu yaxınlarda yaydığı videodan aydın olur ki, separatçılar indi belə rus sülhməramlılarının müşayiəti altında Qarabağın bir bölgəsindən digərinə silah daşıyır. Belə çıxır ki, ermənilərə silahı rus sülhməramlılarının özləri verirlər. Eynilə rus sülhməramlılar Qarabağ sakinlərinə istənilən miqdarda gündəlik tələbat malları verib onların reinteqrasiya prosesinə mane ola bilərlər.
– Elə rusların ərazidən çıxarılması ən çox müzakirə edilən məsələlərdəndir. Hətta Türkiyə Prezidenti də bu istiqamətdə açıqlama vermişdi. Sülhməramlıların Qarabağı 2025-ci ildə səssiz şəkildə tərk etməsi nə dərəcədə reallığa uyğun görünür?
– Ümumiyyətlə, Azərbaycan xalqının əksər hissəsi ilə onun erməni vətəndaşları arasında “qara tikan” kolu kimi bitmək reinteqrasiya prosesinə nəinki xidmət etmir, əksinə, onu əngəlləyir. Rusiya bu prosesin tamamlanmasından sonra özünə ehtiyac duyulmayacağını və Qarabağ ərazilərindən birdəfəlik gedəcəyini anladığı üçün heç zaman bu məsələdə maraqlı olmayacaq. Çünki Qarabağ Cənubi Qafqazın məcazi mənada desək, “qulpu”dur və Rusiya bölgəni itirməmək üçün bu “qulp”dan mümkün olduğu qədər bərk yapışacaq. Hətta 2025-ci ildə səlahiyyət müddəti bitəndən sonra belə, müxtəlif bəhanələrlə orda qalmağa çalışacaq. Onun xoşluqla bölgəni tərk etməsi yalnız Ukraynada uğrayacağı ağır məğlubiyyətlə mümkündür. Rəsmi Bakı məhz bu səbəbdən Ukraynanı bacardığı qədər dəstəkləməyə çalışır. Kim bilir, bəlkə də 1-2 il ərzində biz də öz torpaqlarımızı yadelli hərbi qüvvələrdən təmizləmə savaşına başlaya bilərik. Çünki ruslar yalnız bu təqdirdə Qarabağdan çıxa bilərlər. Bu isə Rusiyanın Ukraynada daha ağır məğlubiyyətə uğraması və Azərbaycan Ordusu ilə döyüşə girməyi gözə ala bilməməsi ilə mümkündür. Rəsmi Bakının təmkinlə o zəifləmə anını gözləməsi bu mənada təsadüfi deyil.
Ayşən Mustafa
Globalinfo.az
Paylaş: