“Məndən tez-tez soruşurlar: Ukrayna Krımı azad etmək üçün hücuma başlayacaqmı? Xeyr, hələ başlamayacaq. İndi başqa məsələlər önəmlidir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ukraynalı hərbi ekspert, “Strategiya XXI” Qlobalistika Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiyçuk deyib.
Ekspert bildirib ki, cəbhənin şərq istiqamətində qarşı tərəfin logistika marşrutu qısadır, eyni zamanda, işğal olunmuş rayonlarla Rusiya Federasiyasının ərazisi arasında sıx əlaqə mövcuddur:
“Söhbət bir neçə kilometrdən gedir və arxada artıq Voronej bölgəsi yerləşir. Cənubda isə məsafə uzaqdır, silah, sursat və şəxsi heyətin təchizatında çətinlik yaşanır. Ukrayna ordusu da hücumları bu istiqamətdə həyata keçirir. Logistika baxımından Rusiya ordusunun burada iki yolu var - ya atəş altında Mariupoldan keçən yol, ya da Krım istiqamətindəki yol. Bir daha təkrar edim ki, bu, silah-sursatın və şəxsi heyətin Rusiyanın cənubundan, Krım körpüsü, yaxud digər yollarla, məsələn, Novorossiyskdən Krıma, oradan da Çonqar, ya da Perekop bərzəxləri vasitəsilə çatdırılması üçün həddən artıq uzaq və narahat yoldur.
Məlum məsələdir ki, Ukrayna Silahlı Qüvvələrinin zərbələri, onsuz da, problemli olan bu logistikanı məhv etmək və ya əngəlləmək üçün nəzərdə tutulub. Bu, Krım körpüsünə, Perekopa, Çonqara həyata keçirilən hücumlara da aiddir. Çonqar körpüsü artıq ciddi zədələnib, orada ponton körpülərdən istifadə olunur. Zərbələr Krım dəmiryoluna, yarımadada hərbçilərin yerləşdikləri məntəqələrə endirilir, hava hücumundan müdafiə sistemi və Rusiya Federasiyasının Qara dəniz donanmasının yerləşmə strukturları dağıdılır. Yeri gəlmişkən, orada Rusiyanın Şimal və Baltik donanmalarından hərbi yüklərin daşınmasını təmin edə biləcək bir neçə bölməsi var. Baxın, Krım körpüsünün 6-12 saatlıq bağlanması, onsuz da, sursatların çatdırılmasının ləngiməsi deməkdir, yəni Zaporojyedəki Rusiya ordusunun bəzi hissələri 10 saatdan sonra sursat qıtlığı yaşayacaqlar. Ona görə də bütün bunlar Ukraynanın hücum əməliyyatının elementləridir”.
Nair Əliyev
Paylaş: