“Ermənilərin məqsədi Azərbaycanı məhkəməyə vermək yox, Aİ-yə üzvlük şansını qapatmaqdır”.
Bunu siyasi şərhçi Heydər Oğuz Ermənistanın 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olması (BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ilə qarışdırmamalı) xəbərinə münasibət bildirərkən belə deyib. Onunla bu mövzuda söhbət erdik.
-Heydər bəy, Ermənistan BCM-ə tam hüquqlu üzv olduqdan sonra Azərbaycanı məhkəməyə verə bilərmi? İrəvan artıq rəsmi olaraq Roma Statutunu ratifikasiya etdiyini təsdiq edən sənədləri quruma təqdim edib. Bu Ermənistan üçün nə demək olacaq, onun ölkəmizə qarşı əsassız iddialarına əlavə “qapı” açılacaqmı?
-Əslində Ermənistan parlamentinin Roma Statutunu qeyd-şərtsiz ratifikasiya etməsinin əsas səbəbi də elə bu idi - Azərbaycanı beynəlxalq məhkəməyə vermək imkanı qazanmaq. Bunu Ermənistan liderləri gizlətmir, açıq şəkildə dilə gətirirdilər. Amma məsələ burasındadır ki, Azərbaycan Roma Statutunu qəbul etməyib və elə həmin sənədə görə, ölkəmizin siyasi rəhbərliyi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsində qaldırdığı ittihamlarla yarğılana bilməzlər. Başqa sözlə, Ermənistanın bu təşəbbüsdəki məqsədi Azərbaycan siyasi liderlərinin beynəlxalq məhkəmədə yarğılanması deyil. Məqsəd Azərbaycanı Roma Statutunu qəbul etməmək məcburiyyətində buraxmaq və ölkəmizin BCM-nin üzvlərinə tanınan üstünlüklərdən faydalanmasının qarşısını almaqdır. Məlum olduğu kimi, Avropa İttifaqına üzv olmaq istəyən ölkələrin qarşısına Roma statutunu qəbul etməsi şərti qoyulub. Ermənistan Azərbaycana qarşı haqsız ittihamlarla BCM-nə müraciət edərsə (bu ehtimal yüksəkdir), təbii ki, rəsmi Bakı ermənipərəst hakimlərin çıxaracağı hökmün ədalətsiz məsuliyyətindən yayınmaq üçün məcburən həmin sənədi qəbul etməyəcək. Nəticədə Avropa İttifaqına üzv olmaq imkanını da itirəcək. Fikrimcə, Ermənistanın əsas məqsədi ölkəmizi bu avantajdan məhrum etmək və demokratikləşməsinə maneələr yaratmaqdır. Yəqin razılaşarsınız ki, İrəvanın bu addımı əslində Rusiyanın işinə yarayır. Bu mənada, İrəvanın Roma Statutunu qəbul etməsinin Rusiya liderinə qarşı yönəldiyi barədə mülahizələrin heç bir əsası yoxdur. İrəvanın Roma Statutunu ratifikasiya edərkən belə, əsas hədəfi Azərbaycan idi, Rusiya prezidenti Putin yox. Sadəcə Rusiya rəsmiləri ilə Ermənistan siyasiləri ilk baxışdan Avropaya xoş gələn məkrli oyun oynayırdılar.
-Elədirsə, BCM-nin yurisdiksiasını tanımayan Azərbaycan (Türkiyə, Rusiya, ABŞ, İsrail kimi ölkələr də tanımayıb) Ermənistanın bu qurumda təmsil olunması tarixdən sonra nəyi nəzərə almalı və nəyə hazırlaşmalıdır?
-Dünya getdikcə qütbləşir. Artıq Qərb və Şərq qütblərinə bölünən dünyada Azərbaycanın istər-istəməz yeri Türkiyənin yanında olmalıdır. Qərb dövlətlərinin Şərq xalqlarına qarşı təcridetmə siyasəti bizə başqa seçənək də tanımır. Hesab edirəm ki, yaranmış münbit şəraitdən faydalanaraq, rəsmi Bakı Türk dünyasının qurulması layihəsində aktiv yer almalı və Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanı daha da dərinləşdirərək, Qərb-Şərq arasında körpü rolu oynamalıdır. Təbii ki, bunu edərkən də demokratikləşmə prosesindən yayınmamalıdır. Çünki demokratiya dövlətləri inkişaf etdirən bir formuldur və Azərbaycanın bu prosesdən geri qalması perspektivdə ciddi mənfi nəticələr doğura bilər.
Sözsüz ki, dərdimizi dünyaya anlatmaqda və xristian təəssübkeşliyinin Qərb dünyasına, xüsusilə də Ermənistana ciddi zərər verdiyini beynəlxalq ictimaiyyətə çatdırmaqda diplomatiyamızın üzərinə də böyük məsuliyyətlər düşür. Azərbaycan Türk dünyası ilə inteqrasiyanı yalnız regional müstəvidə məhdudlaşdırmamalı və Avropada, Amerikada yaşayan Türk dövlətlərinin vahid diaspora şəklində fəaliyyət göstərməsinə nail olmalıdır. Əlbəttə, bütün bunları həyata keçirmək üçün digər Türk dövlətlərinin liderlərinin də eyni məxrəcə gəlməsi vacibdir. Zənnimcə, bu zərurət Türkiyə və digər qardaş ölkələrin rəhbərləri tərəfindən də qəbul olunur və qüvvələrimizi mütləq birləşdirməliyik. Təbii ki, bu sahədə müsəlman ölkələri ilə də yaxın münasibətlər qurmalıyıq. Müsəlman və Türk dövlətləri yalnız bu halda Qərb ölkələrində təsirli gücə çevrilə bilərlər.
-Maraqlıdır ki, ermənilərin bizə beynəlxalq müstəvidə hücumları yalnız BCM vasitəsilə həyata keçirilmir. Eyni zamanda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) tərəfindən də hücumlara məruz qalırıq. Bu iki qurum arasındakı fərq nədən ibarətdir?
-BMT-nin Ədalət Məhkəməsi onun əsas qurumlarından biridir. 1945-ci ildə BMT-nin tərkibində yaradılıb. Üzv dövlətlərin bu qurumda təmsil olunması vacibdir. Bundan fərqli olaraq Beynəlxalq Cinayət Məhkəməsi isə yeni yaradılan qurumdur. 2002-ci ilin 1 iyun tarixində təsis olunub və 2003-cü ilin martında fəaliyyətə başlayıb. Hər iki məhkəmənin baş ofisi Haaqa şəhərində yerləşir. Təyinat etibarilə bir-birinə çox bənzəsələr də, bu iki məhkəmə arasında çox önəmli fərqlər var. Əsas fərqləri bunlardır: BƏM-nə üzvlük məcburidir. İstənilən dövlət BMT-yə üzv olursa, avtomatik olaraq BƏM-in mühakimə sahəsinə girir. BCM-də isə elə bir məcburiyyət yoxdur. İstənilən dövlət Roma Statutunu qəbul edə və ondan ayrıla bilər. Roma Statutundan ayrılan dövlət BCM tərəfindən mühakimə oluna bilməz. Düzdür, son zamanlar BCM-nin bu şərtə əməl etmədiyi görünür. Məsələn, Rusiya bu statutdan ayrılsa da, BCM Putin barədə hökm çıxartdı. Bu faktın özü də BCM-nin öz nizamnaməsinə sadiq qalmadığına işarədir.
Digər önəmli fərq ondan ibarətdir ki, BƏM dövlətləri mühakimə edir. BCM-nin isə elə bir səlahiyyəti yoxdur. BCM ancaq fərdləri mühakimə edə bilər. BƏM-in səlahiyyət sahəsinə bir çox beynəlxalq qanunların necə icra olunub-olmamasına hüquqi qiymət verməkdən ibarətdir. BCM-nin isə yalnız 4 cinayət növünə baxır. Bunlar, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətləridir.
BƏM-in çıxardığı qərarlar BMT-nin TŞ tərəfindən təsdiqlənməlidir. Bu da veto hüququ olan dövlətləri məsuliyyətdən yayındırır. BCM-nin çıxardığı hökmlərə isə BMT TŞ veto qoya bilməz. Məhz bu səbəbdən də ABŞ, Çin, Rusiya kimi veto hüququna malik dövlətlər Roma Statutunun qəbul etməyiblər və BCM-ni tanımırlar.
-Ermənistan bizi Qarabağda törətmədiyimiz cinayətlərə görə BCM-nə şikayət etmək istəyir. Bəs, biz niyə erməniləri 1990-cı illərdə Qərbi Azərbaycanda və Qarabağda törətdikləri cinayətlərə görə bu məhkəməyə şikayət etmirik?
-Məsələ burasındadır ki, BCM-nin Əsasnaməsinə görə, bu məhkəmə yalnız qurulduğu vaxtdan sonra törədilmiş cinayət işlərinə baxa bilər. Siz dediyiniz hadisələr isə həmin məhkəmənin qurulmasından çox-çox əvvəl baş verib. Yəni Xocalı qırğını, Qarabağda və Qərbi Azərbaycanda baş vermiş insanlığa qarşı cinayətlər BMC-nin yuridistikasına şamil olunmur. Bununla belə, Azərbaycan Ermənistanı BƏM-ə şikayət edə bilər. Zənnimcə, bu istiqamətdə ciddi işlər gedir. Son zamanlar Azərbaycan hüquq mühafizə orqanlarının, o cümlədən DTX-nın erməni separatçıları ilə bağlı apardığı araşdırmalar da bundan xəbər verir. Yəqin ki, bu istintaq prosesi başa çatdırılandan sonra rəsmi Bakı BƏM-ə müraciət edəcək və Ermənistana qarşı təzminat davası açacaq. Amma bu şikayətlər konkret fərdlərə qarşı deyil, dövlətə qarşı yönələcək. Görünür, ermənilərin son zamanlar canfəşanlığı da bu təhlükədən doğur. Onlar “qara məni basınca mən qaranı basım” məntiqilə hərəkət edib beynəlxalq məhkəmələrin qapısını döyməkdən usanmırlar. Baxmayaraq ki, bu istiqamətdə ciddi uğur da əldə bilməyiblər. Ümid edirəm ki, Azərbaycan məhkəmə-hüquq sistemi daha tutarlı dəlillərlə Ermənistanı Haaqa məhkəməsi qarşısında oturda biləcək.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Paylaş: