Xəbər lenti

 Son dövrlər Azərbaycan elm ictimaiyyətində ən ciddi müzakirələrdən biri tədqiqatçı Nazir Əhmədlinin “Haqq nahaq seçilər haqq divanında” kitabı üzərində gedir. Tədqiqatçının araşdırmasını süngüylə qarşılayanlar onu təhqir etməkdən də çəkinmirlər. Məlumata görə, Nazir Əhmədli artıq bununla bağlı polisə belə müraciət edib. Bəs, görəsən, bir çoxlarını narahat edən həmin kitabda nə var ki, bu qədər böyük sensasiya yaradıb?

Nazir Əhmədliylə söhbətmiz də məhz bu sual ətrafında oldu. Tədqiqatçının Ovqat.com-a müsahibəsini təqdim edirk:

-Nazir bəy, Sizin qələmə aldığınız "Haqq-nahaq seçilər haqq divanında" kitabı cəmiyyətdə əməlli-başlı ajiotaj yaradıb. İlk öncə, oxucularımız üçün kitab barədə məlumat verməyinizi xahiş edərdim. Əsər nədən bəhs edir, hansı qaynaqlara əsaslanır və bu qaynaqlar nə qədər sağlamdır?

-Sualınıza cavab vermək üçün tarixə ekskurs etmək istəyirəm. Bilindiyi kimi, hələ Hülakilər zamanında Qazan xanın islahatları nəticəsində vergi sistemi təkmilləşdirilmişdi. Məhz bundan sonra yaşadığımız coğrafiyanın sakinləri siyahıya alınmış, onların mülkiyyəti barədə müfəssəl siyahılar tutulmuşdu. Qazan xandan Osmanlı işğalına qədər hakimiyyətdə olan bütün sülalələrin də, yəqin ki, eyni sistemlə vergitoplama ənənəsi mövcud olub. Təəssüf ki, həmin hakimiyyətlərin tutduğu siyahılar barədə əlimizdə ciddi heç bir məlumat yoxdur. Çox güman ki, həmin sənədlər bu gün İran arxivlərində saxlanılır. Çünki Səfəvilər dövləti də, Qaraqoyunlu, Ağqoyunlu hakimiyyəti də indiki İran dediyimiz ərazidə formalaşıb.  Lakin İran hökuməti həmin arxivlərin qapısını bizim tədqiqatçılara açmırlar. Alimlərimizin müraciətinə, adətən, elə bir sənədin olmadığını cavabı verilir. Mən bu versiyanı da inkar etmirəm. Ola bilər ki, İranın səhlənkarlığı nəticəsində həmin sənədlər həqiqətən də tarixdən silinib, ya da bizimkilərə qəsdən vermirlər. Amma bizim yaşadığımız ərazilər, məlum olduğu kimi, 1583-ci ildə və 1724-ci ildə dəfələrlə Osmanlı istilasına məruz qalıb.  Osmanlı dövləti isə bu ərazilərdə vergi yığmaq üçün 1590, 1727-1728-ci illərdə müvafiq sənədlər tərtib edib. Osmanlıların tərtib etdiyi həmin sənədlərə “Təhrir dəftərləri” deyirlər.

“Təhrir dəftərləri” iki qismə ayrılıb. Birinci qismə “İcmal dəftəri” deyilirdi ki, siyahıda hər bir kənddin adı yazılır və yığılan verginin miqdarı göstərilirdi. “Müfəssəl dəftər”də isə həmin kəndlərdə nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Osmanlı arxivlərində saxlanılan bu “Təhrir dəftərləri”nin çapı hazırda Kanadada yaşayan Hüsaməddin Məmmədov Qaramanlı adlı bir tarixçinin adıyla bağlıdır. Hüsaməddin müəllim Türkiyə arxivlərində işlədiyi zaman həmin sənədləri əldə edib, surətlərini çıxarıb Bakıya gətirib və mərhum akademik Ziya Bünyadovla birlikdə çap ediblər.

 Əlimizdə olan belə sənədlərdən biri 1727-ci ilə aid “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”dir. Digər bir müfəssəl dəftər Naxçıvan sancağıyla bağlıdır. Hüsaməddin Məmmədov tərəfindən çap etdirilən bir başqa sənəd isə “İrəvan əyalətinin 1728-ci ilə aid icmal dəftəri”dir.  Hazırda Şərqşunaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini akademik Şahin Mustafayev də öz mənsub olduğu ərazinin – Tiflis əyalətinin 1727-ci ilə aid müfəssəl dəftərini Osmanlı arxivlərindən çıxarıb yayımlayıb.  Elmlər Akademiyasının Tarix İnstitutunda iki müfəssəl dəftər də çapa hazırlanır. Onlardan biri 1590-cı ildə, digəri isə 1727-ci ildə tərtib olunmuş İrəvan əyalətinin müfəssəllər dəftərləridir. Həmin dəftərlər ərəb əlifbasının siyaqət xəttiylə yazıldığından və bu əlifbanı oxuya biləcək mütəxəssis çatışmazlığından, onları oxumaq da asan deyil. Bütün texniki çətinliklərə baxmayaraq, mütəxəssislərimizin bu səyləri tariximizə işıq tutan böyük fəadakarlıqlar sayəsində ərsəyə gəlib.

  Mənim araşdırmam isə əsasən Dərələyəz mahalının kameral təsviriylə başladı. Məlum olduğu kimi, Çar Rusiyası da 1828-ci iidə Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra əhalini siyahıya almışdı. Yenə də məqsəd vergiyığımıyla bağlı idi. Çar Rusiyası həm istila etdiyi bölgəni tam öyrənmək, həm də vergitorplamaq üçün coğrafiyanın tam kameral təsvirini yaradır və əhalinin tərkibini öyrənirdi.

Kameral təsvir sənədlərinin ilki 1831-ci ildə Naxçıvan və İrəvan xanlıqları üzərində yaradılmış erməni vilayəti üzrə inzibati idarənin müşaviri milliyyətcə fransız olan İvan Şopenin rəhbərliyi ilə tərtib olunub. Şopen bu sənəd üzərində 3 il dayanmadan işləmiş və kameral təsvirlərin biri Tiflis canişinliyinə, digər nüxsəsi isə Sank-Peterburqa Çar dəftərxanasına göndərilmişdi. Daha sonra İvan Şopen həmin sənədlər əsasında bir kitab yazıb. Həmin kitabın adı belədir: “Erməni vilayətinin Rusiya İmperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə aid tarixi abidə”. Həmin əsər 1852-ci ildə Sank-Peterburqda nəşr olunub. Bu kitab o qədər qiymətli sayılıb ki, Şopen bu xidməti sayəsində Rusiyanın 4000 gümüş pul və “Demidov” mükafatına layiq görülüb. 

Şopenin bu kitabı bütün tarixçilərin istifadə etdiyi ən mötəbər qaynaq hesab olunur. Bizim Elmlər Akademiyasında da o kitabın bir nüxsəsi saxlanılır və tədqiqatçılar onun üzünü çıxarıb istifadə edirlər. Mən də o kitabdan faydalanmışam. Sizə bir fakt deyim: 2010-cu ildə Elmlər Akademiyasının Tarix İnstitutu  Şopenin həmin əsərinə əsaslanaraq, “İrəvan xanlığı” adlı kitab hazılayıb. Həmin kitab da dövlət mükafatına layiq görülüb. Mənim əsərimdə istifadə etdiyim mənbələr həm Şopenin haqqında danışdığımız əsəri, həm də “İrəvan xanlığı” kitabında da mövcuddur. İndi məni tənqid edən adamlara üzümü tutub deyirəm: necə olur, eyni mənbəyə Tarix İnstitutu istinad edəndə dövlət mükafatı alır, mən istifadə edəndə isə təhqir olunuram?

-Nazir bəy, fransızların ermənilərə münasibəti bəllidir. Bəlkə opponentləriniz bu  fakta əsaslanıb sizin ermənipərəstlərin qaynaqlarına istinad etməyinizdən qıcıqlanıblar?

-Qətiyyən elə deyil. Şopenin və ya Rus imperiyasının həmin kameral siyahını tutanda yeganə məqsədi əhalindən vergi toplamaq olub. O dövrlərdə ruslar coğrafiya əhalisindən kifayət qədər yüksək vergi toplayırdılar. Bizim pulla hesablasaq, hər adamdan 120 manat “baş pulu” alırdılar.  Özü də “baş pulu” vergisinə kişi cinsindən olanlardan tabe tutulurdular. Qadınlar və uşaqlar  isə vergilərdən azad idilər. Ona görə də, adamların adı, yaşı dəqiq göstərilirdi. Adına “Şopen siyahıları” da deyilən həmin sənədlər həm Naxçıvan, həm də İrəvan xanlığına aid olan ərazilərin hər bir mahalı üzrə tərtib olunub. Həmin vaxt Naxçıvan əyaləti 5, İrəvan əyaləti isə 15 mahala bölünmüşdü. Çarın məmurları Şopenlə bərabər kəndlərə gəlir, kəndxuda ilə bərabər ev-ev gəzir və ailə başçılarının iştirakı ilə əhali siyahıya alınırdı. Odur ki, bu sənədlərdə heç bir saxtakarlıq ola bilməz. Çünki məqsəd tarix yazmaq yox, vergiödəyicilərinin siyahısını tutmaq idi. Bu siyahılar dövlət sənədiydi və İnzibati idarənin müşavirinin nəzarəti altında tərtib olunurdu. Ola bilər ki, uşaqların yaşında bir-iki il səhv edilə bilər. Amma ciddi səhvlərin olması mümkün deyildi. Bu, ilk növbədə Çar Rusiyasının iqtisadi mənfəətinə cavab vermirdi. Çünki o dövrün qanunlarına görə, oğlan uşaqları 15 yaşına qədər vergidən azad olunurdular. 15 yaşından ömürlərinin  sonuna qədər isə “baş pulu” verməli idilər. Dövlət də məhz kimin yaşının nə qədər olduğunu aydınlaşdırmaq üçün bu siyahını tuturdu. Bir yaşın az göstərilməsi belə, Çar büdcəsinə xeyli zərər vururdu.

 -Deyirsiniz ki, o vaxt yalnız kişilərdən vergi alınırdı. Belə çıxır ki, qadınlar siyahıya salınmırdılar?

-Bəzi mahallarda salınıblar, bəzi mahallarda yox.

-Bəs, etirazçıları qıcıqlandıran nədir?

-Mənə əsasən Aşıq Ələsgərin yaşını guya kiçiltdiyimə görə etiraz edirlər. Halbuki,  mən kameral siyahılara əsaslanaraq, tarixə alınmış faktları ortaya çıxartmışam. Başqa heç nə etməmişəm. Mənim incələdiyim sənədlərdə Aşıq Ələsgərin adı 1859-cu ildə tərtib olunan kameral siyahıya salınıb və orda 7 yaşında göstərilibdir. Mən də bu sənədə istinad edərək, Aşıq Ələsgərin 1852-ci ildə anadan olduğunu təsbit etmişəm. Bir də təkcə Aşıq Ələsgərdən söhbət getmir, axı. O siyahılarda Aşıq Ələsgərlə yanaşı, onun qardaşlarının, əmisi uşaqlarının da adı var. Və göstərilən təvəllüdlər bir-birinə münasibdir. Siyahıda bir nəfərin yaşı səhv göstərilsəydi, sistem tamamilə pozula bilərdi. Eyni zamanda 1973-cü ilin kameral siyahısında yenə bu adamların hamısının adı var və yaşları da əks olunur. Aradan keçən 14 il ərzində onların yaş artımları da 14 il olub. Aşıq Ələsgər 21, kiçik qardaşı Salah 18 yaşında göstərilir və s. Kimsə heç bir tarixi sənədə əsaslanmadan Aşıq Ələsgərin doğum tarixini 1821-ci il olduğunu irəli sürürsə, zəhmət çəkib bunu sübuta yetirməlidir. Tədqiqatçını təhqir etməklə bu iş yürüməz. Üstəlik, mən təkcə Aşıq Ələsgərin həqiqi doğum tarixini ortaya çıxarmamışam. Yazdığım kitabda Ələsgərdən başqa 5 məşhur aşıqdan söhbət gedir və onların yaşları da indiyə qədər bizə öyrədilən ədəbiyyat tarixi kitablarında təhrif olunub. Aşıq Alı, Ağ aşıq Allahverdi, şair Məmməd Hüseyn, Göyçəli Aşıq Musa və nəhayət, Şəmkirli Aşıq Hüseyn də mənim tədqiqat obyektlərim olublar.  Niyə onların qohum-əqrəbaları buna görə qəzəblənmirlər? Aşıq Ələsgərin qohumları isə, az qala, məni dara çəkirlər. Elə tufan qoparırlar ki, guya Aşıq Ələsgər 105 il yox, 74 il yaşasa, onun böyüklüyünə, dahiliyinə kölgə düşəcək, dünya dağılacaq. Mən isə bu adamlara dəfələrlə izah edirəm ki, hər bir aşığın, şairin sənətkarlığı onun yaşıyla yox, başıyla; yaratdığı əsərlərin keyfiyyətilə ölçülür. Bu mənada Aşıq Ələsgər doğrudan da dahidir, aşıq poeziyasının ən böyük zirvəsidir. Ölümündən keçən 91 il ərzində hələ bu zirvəyə yaxınlaşan heç kim olmayıb. Amma Aşıq Ələsgərin qohumlarının tutduğu mövqe “sən nə çalırsan çal, mən heyvagülü oynayacağam” deyimini xatıladır. Bu məntiqlə məsələyə yanaşan bir qrup adam qərəzçilik edir, ictimaiyyəti aldadaraq, düzgün olmayan məlumatlar yayırlar. Mən, dediyim kimi, “Dərələyəz mahalının kameral təsviri: 1831-1842-ci illər” kitabını bu ilin əvvəllərində çap edəndən sonra Göyçə mahalını araşdırmağa başladım.  Yenə eyni tarixlərin kameral təsviri tədqiq obyektim idi. Araşdırma zamanı gözüm ilk növbədə, təbii olaraq, Aşıq Ələsgəri axtardı. Siyahıları gözdən keçirərkən məlum oldu ki, Aşıq Ələsgərin, Aşıq Alının  və digər məşhurların doğum tarixi təhrif olunubmuş. Mən də bunları araşdırıb “Haqq, nahaqq seçilər Haqq divanında” kitabını yazdım. Onu da deyim ki, kameral təsvir siyahılarını araşdıran hər iki kitabım Tarix İnstitutunun ən tanınmış alimləri tərəfindən incələnib, onların elmi redaktorluğunu, məsləhətçiliyini bu institutun elmi işlər üzrə direktor müavinləri Cəbi Bəhrəmov və Tofiq Nəcəfli kimi alimlər ediblər. Onlar isə çox savadlı, tələbkeş elm adamlarıdır. Hər iki alim kitablara ciddi diqqətlə yanaşıb və dəyərli məsləhətlərini məndən əsirgəməyiblər.

 -Mənə bir məsələ qaranlıq qalır.  Adətən, insan öz babalarının başqaları tərəfindən araşdırılmasından və tarixi həqiqətlərin üzə çıxarılmasından məmnuniyyət duyar. Yaşın böyüklüyü-kiçikliyində nə var ki, bu qədər qıcıq yaratsın? Bəlkə Sizin kitabınızda Aşıq Ələsgərin böyüklüyünə kölgə salacaq hansısa ifadə işlənib?

(Ardı var)

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 413          Tarix: 4-08-2017, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma