İraq və Suriyanın şimalında Ərbil-Haseke xəttindən istifadə edərək PKK terror təşkilatına minlərlə TIR silah-sursat göndərən ABŞ Türkiyə sərhədindəki Fiş Habur bölgəsinin tamamilə Bağdadın nəzarətinə keçməsinə mane olmağa çalışır.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqurk (Türkiyədə PKK-nın ali idarəçisi hesab olunur - red.) bu istiqamətdə aktiv iş aparır.
Eyni zamanda, müstəqillik referendumundan sonra bütün qapılar üzünə bağlanan Şimali İraq Kürd Muxtariyyəti və onun keçmiş rəhbəri Məsud Bərzani ABŞ-ın dəstəyi ilə yeni bir planı işə salmağı planlaşdırır. Bağdadın sərhəd-keçid məntəqələrini təhvil aldığını görən Ərbil “peşmərgə və İraq ordusundan ibarət ortaq güc” modelini gündəmə gətirib. Modelə görə ABŞ-in liderlik etdiyi koalisiya qüvvələri müşahidəçi statusunda olmalıdır.
Türkiyə nəşrinin yazdığına görə, PKK/PYD-yə (PYD PKK-nın Suriya qanadı hesab olunur - red.) gedən quru yolun saxlanılmasına hədəflənən bu plan İraq ordusu və “Mehmetcik”in “ildırım sürətli” hərəkatı ilə sıradan çıxarıla bilər. Bağdad sərhəd-keçid məntəqələrinin təhvil verilməsini gecikdirən Ərbilə qarşı əməliyyatın hər an başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Zaho-Fiş Habur bölgəsinin Bağdadın nəzarətinə keçməsi ABŞ-ın İraqın şimalına gətirdiyi silahların quru yolla Suriyaya çatdırılmasının qarşısını alacaq. Vaşiqnton bu ehtimalı aradan qaldırmaq üçün isə İraqın şimalında “müşahidəçi” statusu ilə qalmaq istəyir. Amma bunun üçün Bağdad təkliflə çıxış etməli və Birləşmiş Millətlər Təşkilatı (BMT) qərar verməlidir.
Türkiyə nəşri qeyd edir ki, ABŞ “müşahidəçi” həmləsi ilə bir daşla iki quşu vurmağı planlaşdırır. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) həm PYD-nin təchizat xəttini qorumaq, həm də Türkiyənin bölgədə həyata keçirməyi planlaşdırdığı əməliyyatın qarşısını almaq istəyir. Hərbi mənbələr xəbərdarlıq edir ki, Habur sərhəd-keçid məntəqəsinin qarşısındakı İbrahim Xəlil sərhəd-keçid məntəqəsində ABŞ əsgəri müşahidəçi statusu alacağı halda, ABŞ Suriyada olduğu kimi, İraqda da Türkiyənin hərəkətlərini məhdudlaşdıracaq. ABŞ müşahidəçi statusu alsa, Türkiyənin Şimali İraqdakı qoşunlarının təchizatı da yalnız Pentaqonun icazəsi ilə mümkün olacaq.
Paylaş: