Maltanın paytaxtı Valettanın yaxınlığındakı Mosta şəhərində jurnalist və bloqer Dafna Karuana Qalisiyanın dəfn mərasimi keçirilib.
Daily Mail bildirir ki, dəfn mərasiminə rəhbərlik edən arxiyepiskop Çarlz Şikluna deyib: "Qatillərə səslənirəm: siz bu dünyada ədalət məhkəməsindən yayına bilərsiniz, amma Tanrının ədalətindən yayına bilməyəcəksiniz".
Mosta şəhərindəki Rotunda kilsəsinin qarşısına toplaşmış minlərlə maltalı jurnalisti son mənzilinə yola salıblar.
Mərasimdə Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans da iştirak edib.
"Biz bir daha israrla bildiririk ki, Maltanın hakimiyyət dairələri bu qətli tam təfsilatı ilə araşdırmalıdır. Qətlin sifarişçilərinin məqsədi bəllidir: onlar jurnalistlərin "narahat" suallar vermələrini, hakimiyyətdəki insanların fəaliyyətlərini araşdırmalarını istəmirlər. Bu olmayacaq, Avropa Komissiyası buna yol verməyəcək", - F.Timmermans deyib.
Maltanın ən məşhur jurnalisti və bloqeri Dafna Karuana Qalisiya oktyabrın 16-da həlak olub. 53 yaşlı jurnalist Maltanın paytaxtı Valettanın yaxınlığındakı Mosta şəhərindəki evindən çıxaraq Peugeot 108 avtomobilinə oturub və yola düşüb.
Şəhərdən çıxış yolunda onun maşını partladılıb.
İngilis dilində bloqu olan Qalisiya, əsasən, korrupsiyadan yazırdı. Onun bəzi postlarının auditoriyası 400 min sakini olan Maltanın əhalisinin sayından da çox olurdu.
Qalisiyanın jurnalist təhqiqatlarının obyektləri kiçik məmurlardan tutmuş baş nazirədək ən müxtəlif dövlət qulluqçuları idi. Çox aqressiv stildə yazan Qalisiyanın ölümündən 2 saat əvvəl dərc etdirdiyi materialın başlığı belə idi: "Bu fırıldaqçı Skembri bu gün yenə məhkəmədə idi və fırıldaqçı olmadığını deyirdi. Fırıldaqçılar hər yandadır. Hara baxırsan, fırıldaqçıdır".
Qalisiyanın "Skembri" adlandırdığı şəxs Maltanın baş nazirinin administrasiyasının rəhbəri Kit Skembri idi.
Oğlu Mettyu ilə birlikdə Beynəlxalq Tədqiqatçı Jurnalistlər Konsorsiumuna (İCİJ) daxil olan Dafna Karuana Qalisiya "Panam arxivləri" ilə məşğul olaraq "Mossack Fonseca" şirkətinin sənədlərini araşdırmış və yazmışdı ki, Maltanın baş naziri Cozef Muskatın offşor şirkətləri var.
Daha sonra o, Muskatla bağlı çoxsaylı məqalələr yazmışdı.
Bu məqalələrdən sonra Maltada növbədənkənar seçkilər keçirilmiş, Cozef Muskat qalib gələrək postunda qalmışdı.
Qalisiyanın ölümü siyasi sifarişli qətl sayılıb. Maltanın bütün siyasətçiləri, o cümlədən Cozef Muskat qətli pisləyiblər.
Hazırda jurnalistin ölümü ilə bağlı təhqiqata ABŞ-ın Federal Təhlükəsizlik Bürosu və Hollandiyadan müstəntiqlər də qatılıblar.\\Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: