Xəbər lenti

Suriya münaqişəsi Yaxın Şərq regionunda yeni geosiyasi reallıq yaratdı.

Bu reallıq Suriyanın vahid dövlət kimi parçalanmasını, İŞİD, Ən-Nüsrə Cəbhəsi kimi radikal qruplaşmaların qısa müddətdə önəmli gücə çevrilməsinə, Avropanı terror dalğası və suriyalı qaçqınların kütləvi axını ilə üz-üzə qoydu.

Rusiya və ABŞ-ın fərqli maraqları isə Suriya münaqişəsinin hədsiz uzanmasına və yeni faciələrə yol açdı. 2011-ci ildən başlayan qanlı müharibə tarixçəsi hazırda öz apogeyinə çatıb.

İŞİD və Ən Nüsrə Cəbhəsi kimi radikal qruplaşmalar Suriya və İraqdakı hakimiyyət vaakumundan yararlanaraq ələ keçirdikləri torpaqları sürətlə itirməyə başlayıb, dünənə qədər qonmuş vəziyyətdə olan kürd faktoru isə aktivləşərək müharibənin əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu gün Suriya kürdləri ölkənin şimalında kompakt yaşadıqları və Rojava adı verdikləri regionda de fakto müstəqil dövlət qurublar.

Kobani, Afrina və Cizre kantonlarını birləşdirən Rojava YPG və PKK qruplaşmalarının faktiki nəzarəti altındadır. ABŞ-ın dəstəyi ilə kürd qüvvələri yeni taktiki təlim keçir və İŞİD-in paytaxtı Rakkanı 2 tərəfdən mühasirəyə alaraq yaxın aylarda onu azad etməyi planlaşdırır.

Oxşar ssenari 2003-cü ilin martında İraqa ABŞ-ın müdaxiləsi zamanı da baş vermişdi. Səddam Hüseyn rejiminin son günlərində minlərlə kürd Mosul və Kərkükü qısa müddətdə ələ keçirərək İraqda önəmli qüvvəyə çevrilmişdi. Həmin hadisələr İraqda Kürdüstan dövlətinin yaradılması ilə nəticələnmişdi.

Daxilində uzun illərdir ki, həll olunmamış kürd problem qalan Türkiyə Suriyada da İraqdakı ssenarinin təkrarlanmasından qorxur. Təsadüfi deyil ki, Türkiyə rəhbərliyi terrorçu təşkil adlandırdığı YPG-ni PKK-nın Suriya qanadı sayır və ABŞ administrasiyasından Rakka əməliyyyatlarına onları cəlb etməməyi istəyir.

“Əgər terror təşkilatları (YPG, PKK) Rakkanın azad olunması üçün yaradılan beynəlxalq koalisiya güclərinə daxil edilsələr, onda Türkiyə bu əməliyyatlarda iştirak etməyəcək” – deyə baş nazir Binəli Yıldırım açıqlama verib.

Lakin Qərb analitikləri Türkiyənin dirəniş göstərəciyi təqdirdə Rakka əməliyyatının Ankarasız keçiriləcəyini düşünür. Onların fikrincə, Tramp administrasiyası ilə Ərdoğan arasında münasibətlər normal qurulsa da, kürd amili bu münasibətlərin gərgin qalmasında əsas səbəbdir. Vaşinqton kürdləri Yaxın Şərqdə ən etibarlı tərəfdaş görür və 40 milyonluq kürd xalqının xidmətlərindən imtina etmək niyyətində deyil.

İstənilən halda, Rakkanın azad olunması hələ Suriya münaqişəsinin başa çatması demək olmayacaq. Əksinə, İŞİD təhlükəsinin aradan qalxması ilə ortaq düşmənə qarşı vuruşan YPG, Əsəd rejimi və Türkiyə bir-birilə üz-üzə gələcək.

 

Vüqar İSMAYILOV/

Modern.az




Ana səhifəyə qayıt        Baxış: 1 056          Tarix: 3-05-2017, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma