Türkiyənin axtarış-xilasetmə təyinatlı sualtı qayığı 65 il əvvəl dənizdə batmış sərnişin təyyarəsinin qalıqlarını aşkarlayıb.
Azərtac xəbər verir ki, Euronews telekanalının yaydığı məlumata görə, 1953-cü ildə Paris-Tehran reysi ilə uçan “Air France” kampaniyasına məxsus təyyarə Türkiyənın Qızılada adasının sahillərində qəzaya uğrayaraq batmışdı. Şahidlərdən biri həmin hadisəni xatırlayaraq deyib ki, qəzaya uğrayan təyyarənin sağ qalmış 16 sərnişinin üzərək sahilə necə çıxdığını öz gözləri ilə görüb. Xoş təsadüfdən 32 sərnişin və 8 ekipaj üzvü qəzadan sağ qurtara bilmiş, yalnız 4 nəfər həlak olmuşdu.
Texniki nasazlıq səbəbindən qatı qaranlıqda təcili eniş etməyə məcbur qalan kapitanın köməyinə bu gün də fəaliyyət göstərən mayak çatmışdı. Maraqlıdır ki, sərnişinlərin və ekipaj üzvlərinin həyatını xilas edən həmin mayak fransız memar tərəfindən tikilib.
Sualtı qayıq təyyarəni təxminən 250 metr dərinlikdə aşkarlayıb. Mühərriki istisna olmaqla, layner, demək olar, zədələnməyib.
Paylaş: