Semih İdiz
“Əl-Monitor”
Ankaranın Qərblə ziddiyyətli əlaqələri prezident Rəcəb Tayyip Ərdoğanın iyunun 24-də keçiriləcək prezident və parlament seçkilərinə dair çağırışından sonra daha da gərginləşir. Avstriya, Almaniya və Niderlandda türk siyasətçilərinin türklər arasında təbliğat aparmasına yasaq qoyulub. Digər Aİ ölkələrinin də bu qadağanı qüvvəyə mindirməsi ehtimalı var.
Avstriya, Almaniya və Hollandiyanın mövqeyi Avropada yaşayan 3,5 milyondan çox türkün əksəriyyətinə ev sahibliyi etdiyindən çox əhəmiyyətlidir. Ankaranın bu dövlətlərlə əlaqələri 2017-ci ilin aprel ayında konstitusiya referendumundan əvvəl hökumət üzvləri, o cümlədən Hollandiyadakı qüvvələrin mitinqlər keçirməsinə maneə törədilməsi ilə gərginləşib.
Hökumətin təklif etdiyi dəyişikliklər referendumda səs çoxluğu qəbul edilib və Türkiyənin parlament demokratiyası prezident üsul-idarəsi ilə əvəzlənib.
Türkiyə və Avropadakı tənqidçilər iradlarını prezidentlik sistemində qüvvələr balansının yoxluğu ilə əlaqələndirərək, yeni üsul-idarəni paternalist adlandırırlar.
Yeni sistem 2019-cu ilə planlaşdırılan prezident və parlament seçkilərindən sonra qüvvəyə minməli idi. Amma Ərdoğanın seçkinin tarixini dəyişməsi Türkiyənin yeni və mübahisəli idarəçilik sisteminə keçidinin vaxtını qabağa salıb.
Ərdoğan seçkiləri udacağına əmin görünür. Amma Avropada milyonlarla türkün dəstəyi vacibdir, çünki o, bütün xalqın lideri olma iddiasına mənəvi legitimlik verən əksəriyyətlə ortaya çıxmaq istəyir.
Seçkilərlə bağlı gərginlik Avropa ilə məhdudlaşmır. Ankara, eyni zamanda, ədalətli seçkilərin üçün vacib şərtlərin olmadığını düşünən Vaşinqtonda da “söyülür”. Aprelin 19-da Dövlət Departamentinin sözçüsü Hizer Noyert jurnalistlərə açıqlamasında “Fövqəladə vəziyyətdə tamamilə azad, ədalətli və şəffaf seçki keçirmək çətin olacaq”, – deyib.
Fövqəladə vəziyyət, Ərdoğana və Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı baş verən 2016-cı ilin iyul çevriliş cəhdindən sonra qüvvəyə minib və hökumətin onu ləğv etmək niyyəti yoxdur. Noyert vurğulayıb: “Biz azad və ədalətli seçkiləri görmək istərdik, lakin buna dair narahatlıq var”.
Bununla yanaşı, Aİ Komissiyası və ABŞ Dövlət Departamenti tərəfindən illik hesabatların son buraxılışları da Ankaranın qəzəbinə səbəb olub. Ankaranın məqbul bilmədiyi hər iki hesabatda Türkiyədə demokratiyanın davamlı pisləşməsi vurğulayır.
Hökümətyönlü KİV-in şərhçiləri iyun seçkilərinə dair mövqeyinə görə Qərbə ləkələmə kampaniyasına başlayıblar. Ərdoğanın tərəfdarları şübhə etmir ki, avropalılar türk siyasətçilərinə yenə məhdudiyyətlər tətbiq edəcək. Ərdoğan maneə törətdiklərinə görə ötən dəfə avropalı liderləri nasistlərə bənzədib.
Türkiyəni Aİ-dən kənarda saxlamağı təşviq edən Avstriya kansleri Sebastyan Kurz növbədənkənar seçkilər elan edildikdən sonra ölkəsinin mövqeyini izah etmək üçün vaxtı boşa verməyib. Aprelin 21-də bir radio müsahibəsində Kurz ötən il Avstriyadakı ictimai yığıncaqlarla əlaqədar qanunlara edilən düzəlişləri əsas gətirib, türk siyasətçilərinin mitinqlər keçirilməsinə maneə törədiləcəyini söyləyib. Kurz, Ərdoğanı “Avropadakı Türk cəmiyyətlərini illərdir alətə çevirdiyi”ni sözlərinə əlavə edərək deyib ku, “Türkiyənin iltihab atmosferini Avstriyaya gətirmək istəmir”.
Kurzdan bir gün sonra danışan Hollandiyanın baş naziri Mark Rutte türk siyasətçilərinin Hollandiyada da qarşılanmayacağını açıqlayıb. Rutte bunu “ictimai asayişə təhdid”lə əlaqələndirib.
Almaniyanın xarici işlər naziri Heyko Maas aprelin 23-də ümumi xora qatıldığını ifadə edərək, türk siyasətçilərinin Almaniyaya gələ bilməyəcəyini ifadə edib. “Bu mövzuda mövqeyimiz qətidir, – deyə Maas Torontoda G-7 xarici işlər nazirlərinin görüşündə jurnalistlərə bildirib. Seçkilərdən üç ay qalmış Almaniyada xarici ölkələrin kampaniyasına icazə verilmir”.
Buna baxmayaraq Ərdoğan yenə də usanmır. Aprelin 22-də Türkiyə NTV-sinə verdiyi məlumatda Avropada türklərə müraciət etməsi üçün hazırlıqların getdiyini bildirib. Onun sözlərinə görə, bu, “beynəlxalq təşkilatın görüşündə” baş tutacaq, lakin Ərdoğan həmin ölkənin adını çəkməkdən imtina edib.
Ankara, həmçinin türk siyasətçilərinə qadağalarla demokratik dəyərlərə zərbə vurmaqda günahlandırdığı Avstriya, Almaniya və Hollandiyaya qarşı kampaniya aparır. Türkiyənin Aİ naziri Ömər Çelik onları “qeyri-demokratik” və ikiüzlü adlandırıb. Çelik, Kurz və Rutteni ölkələrindəki Avropa dəyərlərini rədd edən irqçi qrupların böyüməsinə qatqını təmin etməkdə günahlandırıb.
Ərdoğanın xarici siyasət məsləhətçisi İlnur Cevik Qərbin Türkiyə seçkilərinə müdaxilə etməyə çalışdığına inanır. Cevik hökumətyönlü “Daily Sabah”a deyib: “Qərb liderləri öz ölkələrində, məsələn, Fransada fövqəladə rejimdə seçkilərə keçirib. Beləliklə, Türkiyənin fövqəladə halda seçkilər keçirməkdə ittiham etmək gülüncdür”.
“Sabah”ın şərhçisi olan Bercan Tutar və “Hurriyet”in köşə yazarı Fatih Cekirge seçkilərə “xarici müdaxilələr” olacaqlarını yazıb. Bu sayaq şərhlər Ərdoğanın və AKP planının xeyrinədir.
Bir çox şərhçilərin fikrincə, Avropadakı qadağalar Ərdoğana üstünlük verir.
Avropanın dilemması budur ki, əgər Ərdoğan seçkilərdən daha güclü çıxsa, Türkiyədəki geosiyasi və iqtisadi maraqlar nəzərə alınmaqla, məyus olacaqlar. İlnur Çevik də bunu deyir:
“Qərb özünü Ərdoğandan xilas etmək əvəzinə, Ərdoğanla yaşamaq perspektivlərinə nəzər yetirəcək”.
Tərcümə: Strateq.az
Paylaş: