Dünya ictimaiyyəti İranın atom problemi ilə bağlı Tehranla “altılıq” (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında imzalanan Əhatəli Birgə Fəaliyyət Planı Müqaviləsindən sonra bir az arxayınlaşmışdı. Ancaq ABŞ prezidenti Donald Tramp bu arxayınlığı pozdu. O, hələ seçkiqabağı kampaniya zamanı İranla bağlanan müqavilədən şübhələndiyini, sənədin Tehranın xeyrinə olduğunu bildirirdi. Donald Tramp prezident olandan sonra ilk bəyanatlarından biri İranla imzalanan sənəd oldu. ABŞ prezidenti Tehranın nüvə proqramından şübhələndiyini və ölkəsinin həmin müqavilədən çıxacağını dəfələrlə elan edib.
Son zamanlar İranın nüvə proqramı ilə bağlı vəziyyət daha da ciddiləşib. ABŞ-la Avropa İttifaqına üzv ölkələr, xüsusilə Almaniya və Fransa arasında ciddi fikir ayrılığı yaranıb. ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo bildirib ki, mayın 12-də İrana verilən möhlət başa çatır: “Rəsmi Tehran bu müddət ərzində nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətədn gizlətdiyi sənədləri üzə çıxarmalıdır. Bu tarixədək ABŞ müqaviləni imzalayan Avropa ölkələrilə görüşlər keçirəcək. Prezident Tramp açıq şəkildə razılığın yararsız olduğunu söyləyib”. Mayk Pompeo İsraildə səfərdə olarkən deyib ki, keçmiş administrasiyadan fərqli olaraq prezident Tramp İran təhlükəsinin aradan qaldırılması üçün əhatəli strategiyaya malikdir. Bir neçə gün əvvəl isə Donald Tramp İranın nüvə arsenalı hazırlamasına icazə verilməyəcəyini bildirmişdi. Bu məsələdə ABŞ-ı da daha çox İsrail dəstəkləyir. Daha doğrusu, ABŞ və İsrailin mövqeyi üst-üstə düşür.
Ötən gün İsrailin baş naziri Binyamin Netanyahu xalqa müraciəti zamanı ölkəsinin təhlükəsizliyindən danışarkən bir neçə həftə əvvəl İsrail kəşfiyyatının İranda “Əhməd” adlı layihənin həyata keçirilməsinin sübutu olaraq ölkənin nüvə proqramı haqqında 183 CD-də toplanan 55 min səhifəlik gizli məlumat əldə etdiklərini bildirib: “Bu qovluqlar İranın 2015-ci ildə yalan danışdığını, AEBA-da sövdələşmənin tələbi olaraq hər şeyi etiraf etmədiyini sübuta yetirir. İran həmin vaxt hərbi nüvə proqramının olmadığını yalan deyib”. Binyamin Netanyahu İranı nüvə sövdələşməsindən sonra “hərbi nüvə “know-how”sunu saxlamaq və genişləndirməkdə” ittiham edib: “İranın nüvə silahı var”. O, İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü iddiaları təsdiqləmək üçün Almaniya və Fransaya mütəxəssislərdən ibarət heyət göndərəcəyini də açıqlayıb.
Yeri gəlmişkən, 2015-ci il iyunun 15-də məlum sənəd imzalananadək ABŞ-la Avropadakı müttəfiqləri arasında, demək olar ki, anlaşılmazlıq olmurdu. Düzdür, 2002-ci ildə Avropa İttifaqı İranla danışıqlara başlamaq haqqında qərar qəbul edəndə ABŞ və İsrail buna qarşı çıxmışdı. Vaşinqton və Təl-Əviv avropalılara bildirmişdi ki, İranın müəmmalı nüvə proqarmı var və bu ölkədəki hakimiyyət insan haqlarını davaml olaraq pozur. Onda Avropa İttifaqının təmsilçiləri hər iki məsələni görüşlər zamanı rəsmi Tehranın diqqətinə çatdıracaqlarını vurğulamışdılar. Ancaq sonralar Avropa İttifaqı ABŞ-ın variantını dəstəklədi. Çin və Rusiya isə birmənalı olaraq, İranın atom proqramının dinc xarakterli olduğunu iddia etsələr də, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı tətbiq etdiyi üç qətnamənin lehinə səs veriblər. Başqa sözlə, onlar da nəticə etibarilə Ağ evin irəli sürdüyü plana qarşı çıxmayıblar.
İndi isə vəziyyət dəyişib. Az qala, müstəvilər müəyyənləşib. Onda Rusiya ilə İran indiki kimi bir-birinə yaxın deyildilər. Məsələn, həmin illərdə İslam Respublikasına qarşı sanksiya tətbiq edildiyindən Rusiya “S-300” zenit-raket kompleksini Tehrana satmaqdan imtina etdi. Suriyadakı vəziyyət, oradakı rejimin başçısı Bəşşar Əsəd bu dövlətlərin ortaq maraqlarının sayını artırdı. Odur ki, BMT Təhlükəsizlik Şurasında İrana qarşı yeni sanksiyalarla bağlı sənədlərin qəbul olunmayacağını ehtimal etmək olar. Əgər ABŞ və İsrailin iddiaları öz təsdiqini taparsa, Rusiyaya qarşı da yeni məhdudiyyətlərin tətbiqi istisna edilmir. Çünki İranın nüvə silahına malik olmasının təsdiqlənməsi Moskvanın ikinci dəfə çıxılmaz vəziyyətlə üzləşməsidir. Yeri gəlmişkən, ötən ay Bəşşar Əsədin kimyəvi silah obyektlərinin bombalanması Kremlin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirdi. Çünki Rusiya bu məsələdə təminatçı olaraq çıxş etmişdi.
Beləliklə, İranın nüvə proqramı məsələsinin yenidən gündəliyə gəlməsi bölgədə yeni hadisələrin başlanmasına işarədir. Ona görə də ABŞ-ın mayın 12-dək Avropa İttifaqına, sənədi imzalamış avropalı dövlətlərə iddiasını qəbul etdirəcəyini düşünmək olar. Əks halda, ABŞ və İsrailin İrandakı hakimiyyətə qarşı mübarizələri istənilən səmərəni verməz. Heç Vaşinqtonun da müttəfiqlərinin iştirakı olmadan bu addımı atması inandırıcı görünmür. Bu baxımdan, İrana qarşı müttəfiqlərin yenidən birləşməsi üçün yeni müzakirələrə ehtiyac yaranıb.
strateq.az
Paylaş: