Xəbər lenti

Hindistanın xarici işlər naziri Suşma Svarac mayın 28-də bildirib ki, bu yaxınlarda ABŞ tərəfindən İran və Venesuela üzərinə qoyulmuş sanksiyaların pozulması ilə bağlı cərimə hədələrinə baxmayaraq, Dehli bu iki ölkə ilə ticarətini olduğu kimi davam etdirəcək. Strateq.az bu barədə  “Azadlıq” radiosuna istinadən xəbər verir.

Hindistan hazırda İran neftinin ən böyük idxalçılarından biridir. Mətbuat konfransında ABŞ-ın İranla nüvə sazişindən çıxması və İran üzərinə yeni sanksiyalar qoyması barədə suala cavab verərkən nazir deyib ki, Hindistanın siyasəti fərdi ölkələrin yox, yalnız BMT sanksiyalarının icrasını tələb edir.

Svaraj bu bəyanatı İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Nyu Dehlidə görüşməzdən əvvəl verib. Bu görüşdə onlar ABŞ-ın nüvə sazişi ilə bağlı qərarının nəticələrini müzakirə ediblər. Hindistan hökumətinin rəsmi bəyanatında deyilir ki, Zərif Svaraca özünün Avropa, Rusiya və Çin liderləri ilə görüşləri barədə məlumat verib.

Hindistan ABŞ-ın İrana qarşı bundan əvvəlki sanksiyalarına baxmayaraq Tehranla ticarəti davam etdirib. Lakin 2006-cı ildə İran üzərinə BMT sanksiyaları qoyulduqdan sonra bu əlaqələri dayandırıb. Buna səbəb Hindistanın bank kanallarının bağlanması və neft tankerlərinin sığortasız qalması idi.

Avropa İttifaqı ölkələri 2015-ci il nüvə sazişinin şərtlərinə uyğun olaraq İranın sanksiyalardan azad olunacağını vəd etsələr də, ABŞ Tehran üzərinə yeni və daha sərt sanksiyalar qoymağa hazırlaşır. ABŞ bildirib ki, İranla işləyən xarici şirkətlər ağır cərimələrlə üzləşə bilər.

Avropanın Total və Allianz kimi neft-qaz nəhəngləri Birləşmiş Ştatlardan istisna lisenziyası ala bilmədikləri təqdirdə Tehranla imzalanmış sazişlərdən çıxacaqlarını bildiriblər.

Lakin Svaraj deyib ki, Nyu Delhi başqa ölkələrin diqtəsi ilə hərəkət etməyəcək. Hindistanla İran arasında ticarətin həcmi 2016-2017-ci illərdə 12, 9 milyard dollara çatıb. Hindistan bu müddət ərzində böyük qismi neft olmaqla, İrandan 10, 5 milyard dollarlıq mal alıb. Hindistan İrana əsasən material xammalından ibarət 2, 4 milyard dollarlıq mal ixrac edib. Hindistanın İranda başqa maraqları da var. Bu, Oman körfəzində İranın Çabahar dəniz portunu tikməlidir.

Bu port Hindistana özünün ticarət marşrutlarını rəqib Pakistandan yan keçirmək imkanı verəcək. Bəzi media xəbərlərinə görə, Hindistan ixracatçıların ABŞ sanksiyalarından qorunması üçün İranla ticarətdə rupi-rial mübadiləsinə keçməyi planlaşdırır.

Vaşinqton habelə prezident Maduronun təkrar seçilməsi ilə bağlı Venesuela üzərinə sanksiyalarını sərtləşdirib. Svarajcdeyib ki, Hindistan Venesuela ilə ticarəti davam etdirəcək, lakin Karakasın təzəcə yaratdığı kriptovalyutanı qəbul etməyəcək. Nazirin sözlərinə görə, Hindistanın Mərkəzi Bankı kriptovalyuta ilə hesablaşmaları qadağan edib.

 




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 29-05-2018, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma