Xəbər lenti

FETÖ terror təşkilatının rəhbəri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən “The Washington Post” qəzetində məqalə ilə çıxış edib. Məqalə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri və prezident Donald Trampla görüşünə həsr olunub. Bəzi məlumatlarda həmin danışıqlarda prezident Ərdoğan amerikalı həmkarından 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan F.Gülənin saxlanılaraq təhvil verilməsini istəyib. 

Dövlət başçılarının görüşünün keçirildiyi gün yazılmış və mayın 18-də adıçəkilən qəzetdə dərc olunmuş məqaləni olduğu kimi oxucuların nəzərinə çatdırırıq: 

“Bu gün Ağ Evdə mənim vətənim olan Türkiyənin prezidenti mənim 20 ildir yaşadığım ABŞ-ın prezidenti ilə görüşür. Həm ABŞ-ın, həm də Türkiyənin xeyli ümumi məsələləri var. Bunlar ilk növbədə İŞİD-lə mübarizə, Suriyanın gələcəyi və qaçqınlarla bağlıdır. Amma görünən odur ki, prezident hakimiyyəti əlində cəmləşdirmək və müxalifəti özünə tabe etdirmək üçün əlindən gələni edir. Demokratiyanın və dünyəviliyin möhkəmləndirilməsinə nə vaxtsa olan ümidlər tanınmaz dərəcədə dəyişib. Qərb Türkiyəyə demokratik yola qayıtmaqda kömək etməlidir (Guya ki, Gülən demokratiya tərəfdarıymış, yaxud demokratik quruluş istəyirmiş. Əslində Gülən özünün teokratik düşüncəsini Türkiyədə hərbi çevrilişlə hakimiyyətə gətirmək istəyirdi. Sadəcə, Ərdoğanın iradəsi bunu əngəllədi - red.). Bugünkü görüş və NATO-nun gələn həftə keçiriləcək sammiti bu məqsədə yaxınlaşmaq üçün imkan kimi nəzərdən keçirilməlidir. Ötən il iyulun 15-də iyrənc hərbi çevriliş (Bunu sanki bir başqası təşkil edib. Halbuki, həmin çevriliş cəhdinin arxasında birbaşa Gülən və onun ordunun içinə yerləşdiridiyi tərəfdarları dururdu - red.) cəhdinin ardınca Ərdoğan sistemli şəkildə günahsız insanları təqib etməyə başladı. Kürdlər, ələvilər, dünyəvilər, solçular, jurnalistlər, alimlər və ya humanitar “Hizmət” hərəkatının iştirakçıları, mən də daxil olmaqla 300 min nəfərdən artıq Türkiyə vətəndaşı həbs edilərək, saxlanılıb, işdən qovulmaqla pərən-pərən salınıb. 

Dövlət çevrilişinə cəhd baş verəndə mən onu qətiyyətlə pisləmişdim və mənim iştirakım olduğuna dair deyilənləri inkar etmişdim. Bundan başqa demişəm ki, çevrilişdə iştirak edənlər mənim ideallarıma xəyanət edib. Buna baxmayaraq, Ərdoğan sübut olmadan məni beş min mil uzaqdan qiyam planlaşdırmaqda ittiham edib. 

Növbəti gün hökumət min nəfər insanın adının daxil olduğu siyahı hazırladı. Onlar bank hesablarının açılmasına, tədris ocağında aldığı təhsilə və qəzetdəki işinə görə “Hizmət”lə əlaqələndirilrdilər. Bu insanlarla elə rəftar edilirdi ki, sanki hərəkatla əlaqədə olmaq cinayətdir və onların həyatını məhv etməyə başladılar. NATO-nun Avropadakı qərargahında xidmət etmiş şəxslər də bir neçə ay əvvəl həyatını itirmiş adamlar siyahısında göstərilib. Beynəlxalq müşahidəçilər çoxsaylı adam oğurluqları, işgəncələr və ölüm halları ilə bağlı məlumat veriblər. Ərdoğan hökuməti Türkiyənin xaricində günahsız insanları təqib edirdi. Malayziyada təzyiq göstərərək, 15 ildir orada işləyən məktəb direktoru da daxil olmaqla “Hizmət” hərəkatının üç nəfər tərəfdarını deportasiya etdirdi. Həmin adamların Türkiyəyə təhvil veriləcəyini, həbs ediləcəyini və lazım gəlsə, işgəncəyə məruz qalacağını başa düşmək çətin deyil. 

Aprel ayında prezident ciddi pozuntular barədə ehtimalları fonunda cüzi üstünlüklə referendumda qalib gəldi və hakimiyyətin hər üç qoluna prezidentin nəzarət etməsinə imkan verən sistemi tətbiq etdi. Əslində təmizləmə və korrupsiya nəticəsində səlahiyyətlərin böyük hissəsi onun əlində idi. Avtoritarizm burulğanının bu yeni mərhələsində mən türk xalqına görə qorxuram. Baxmayaraq ki, onlar belə başlamamışdılar. Ədalət və İnkişaf Partiyası 2002-ci ildə hakimiyyətə gələndə Avropa İttifaqına üzvlük üçün demokratik islahatlar vəd edirdi. Ancaq zaman keçdikcə, Ərdoğan başqa cür düşünürdü və dözülməz olurdu. Dövlətin tənzimləyici orqanları vasitəsilə o, bir çox kütləvi informasiya vasitələrinin öz tərəfdarlarına verilməsinə kömək edib. 2013-cü ilin yayında o, Gəzi parkındakı etiraz aksiyalarını zorla boğdu. Həmin ilin dekabr ayında onun hökumətinin üzvlərinin geniş korrupsiya qalmaqalında əli olduğu aşkara çıxanda o, məhkəmə və KİV qarşısında aciz duruma düşmüşdü. Ötən il iyulun 15-dən sonra elan edilən müvəqqəti fövqəladə vəziyyət hələ də davam edir. “Amnesty International” haqlı olaraq qeyd edir ki, dünyada həbsdə olan jurnalistlərin üçdə biri Türkiyə həbsxanalarında saxlanılır. 

Ərdoğanın öz xalqını təqib etməsi artıq sadəcə olaraq, daxili məsələ deyil. Vətəndaş cəmiyyətinin, jurnalistlərin, alimlərin, kürdlərin davamlı təqibi ölkədə uzunmüddətli sabitliyi poza bilər. Hazırda cəmiyyət ƏİP-nın tərəfdarlarından və əleyhdarlarından ibarət iki qütbə bölünüb. Türkiyə diktatorun rəhbərliyi ilə bir tərəfdən zorakılığı legitim hesab edərək radikallara qollarını açır, bu da Yaxın Şərqin təhlükəsizliyi üçün qorxulu olan kürdləri son həddə çatdırır. Demokratiyanın bərpası üçün türk xalqı özünün avropalı müttəfiqlərindən və ABŞ-dan dəstək gözləyir. 1950-ci ildə NATO-ya daxil olan Türkiyə əsl çoxpartiyalı seçkilər keçirməyə başladı. NATO üzvlükdən irəli gələn öhdəlikləri və alyansın demokratik normalarına sadiqliyini Türkiyədən tələb etməlidir. Türkiyəni demokratiya yolundakı bu tənəzzüldən döndərmək üçün iki mühüm məsələyə dair təşəbbüs göstərilməlidir. 

Birincisi, cəmiyyətin bütün təbəqələrinin iştirakı və beynəlxalq hüquq müdafiəçilərinin müşahidəsi ilə uzunmüddətli Qərb demokratiyasından dərs götürülərək humanitar normalar və demokratik prosedurlar əsasında yeni vətəndaş konstitusiyası hazırlanmalıdır. 

İkincisi, demokratik və plüralist dəyərlərə xüsusi yer verən, tənqidi təfəkkürü inkişaf etdirən təhsil proqramı hazırlanmalıdır. Hər bir şagird dövlət hakimiyyətinin tarazlaşdırılmasının vacibliyini, hakimiyyət bölgüsünü, müstəqil məhkəmə sistemini, fərdi hüquqları, mətbuat azadlığını, ultramillətçiliyin təhlükəsini, dinin siyasiləşməsi və dövlət hakimiyyətinin və ya liderin sakralizasiyasını bilməlidir. Amma bunlar edilməzdən öncə Türkiyə hakimiyyəti öz xalqına qarşı repressiyalara son qoymalı, haqsızlığa məruz qalmış vətəndaşların hüquqlarını bərpa etməlidir”. Mən artıq yəqin ki, öz əsrimdə Türkiyənin demokratiya nümunəsi olacağını görməyəcəyəm. Ancaq dua edirəm ki, o, nə qədər ki, gec deyil, mövcud avtoritarizm burulğanından çıxsın”. 

Müşfiq Abdulla

P. S. Qeyd edək ki, bu məqalədəki fikirlər Fətullaha Gülənə məxsusdur və “Washington Post”dan tərcümə olunub. Lakin “Cümhuriyət” qəzeti olaraq, onu bilirik ki, Gülən və tərəfdarları nəinki Türkiyədə, təhsil adı altında, digər dövlətlərdə də “dövlət içində dövlət” qurmaqda maraqlı idi. Bunu onun şəbəkəsinə bağlı olan təhsil müəssisələrində “qardaşlıq” adı altında aparılan təbliğat sübut edirdi. Yeniyetmələri və gəncləri “Hizmət”ə qoşmaq və Gülənin tərəfdarına çevirmək üçün qazancdan çox məsrəf sərf edilirdi. Türkiyədə nail olduğunu digər ölkələrdə də həyata keçirməkdə israrlı və maraqlıydı. 2016-cı ilin 15 iyulunda Ərdoğanın qəti müqaviməti Gülənin ideyalarının qarşısını almağı bacardı və bununla da Türkiyə, eləcə də Gülənin təhsil proqramı ilə “dövlət içində dövlət qurmaq taktikası” digər dövlətlərdə də baş tutmadı. 

Ərdoğanın ABŞ-a səfəri və Trampla görüşməsi zamanı bu məqalənin dərc olunması özünü sığortalamaq cəhdi və ABŞ-a özünün hələ də yararlı ola biləcəyi fikrini təlqin etmək cəhdidir.

 




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 20-05-2017, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma