Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də bu münasibətlər pisləşməkdə davam edir. Paşinyanın hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə növbəti məlumat “İravnuk” (“Haqq”) qəzetində dərc edilib.
Qəzeti məlumatlandıran mənbənin bildirdiyinə görə Rusiya rəhbərliyi KTMT-nin Baş katibi Yuri Xaçaturovun İrəvana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb. Xəbər verildiyi kimi Xaçaturovun barəsində ev dustaqlığı qərarı verilib, amma Rusiyanın güclü təzyiqlərindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər.
Mənbənin bildirdiyinə görə Xaçaturova görə qəzəbdən əlavə Rusiyada işlərən erməni oliqarxlara ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.
Rusiyada yaşayan bir çox erməni biznesmenlər hələ bu xəbərdarlıqdan əvvəl Ermənistandakı proqramlarını dondurublar. “Bu günlərdə erməni biznesmenlər kifayət qədər narahat və hiddətlidir, dar çərçivədə deyirlər ki, hələ heç kim onlarla bu tonda danışmamışdı”-mənbə bildirib.
“168 jam” qəzeti isə Ermənistan hakimiyyətinin Rusiyanı hiddətləndirəcək daha bir addım atmağa hazırlaşdığını yazır. Qəzetin yazdığına görə hakimiyyət keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Birliyinin “hökumətinin”-Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sərkisyanın barəsində cinayət işi qaldırmaq üçün materiallar toplayır.
“Mənbələr deyir ki, Sərkisyana qarşı proses daha əvvəl başlamalı idi, amma Rusiyanın KTMT Baş katibi Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsinə qızğın reaksiyası buna mane oldu. Rusiya Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin KTMT-ni nüfuzdan salması kimi qiymətləndirib”-məlumatda deyilir. (virtualaz.org)
Paylaş: