Xəbər lenti

Dünəndən etibarən Qafqazda daha bir təhlükəli milli münaqişə alovlanıb. Rusiya KİV-lərinin yaydığı məlumata görə, Kabardin-Balkar muxtar respublikasının Kendelen kəndində XVIII əsrdən qalma ədavətə görə başlayan münaqişə cəmi bir sutka ərzində Nalçikə, daha sonra qonşu Baskan kəndinə qədər yayılıb. “Rosqvardiya”nın qüvvələri münaqişəni yatırmağa çalışır və silah tətbiq edir. Çoxsaylı insanın saxlanıldığı bildirilir.

Münaqişə sentyabrın 19-da başlayıb. Yerli sakinlər-balkarlar Kanjal döyüşünün 310 illiyini qeyd etmək istəyən və atların belində Kanjal dağının zirvəsinə yürüş etmək istəyən kabardinləri Kendelen kəndinə buraxmayıb. Nəticədə atlı kabardinlər kənar yollarla dağa qalxmaq istəyiblər, bu zaman iğtişaş başlayıb, silahlar işə düşüb.

Yerli sakinlərin sosial şəbəkələrdə yaydığı görüntülərə əsasən “Rosqvardiya”nın döyüşçüləri atəş səsləri altında “Qafqaz” şose yolundakı Yol Patrul Polisi postu qarşısına toplaşan sakinləri uzaqlaşdırmağa çalışır. Ötən gecə Kendelendə, Nalçikdə və Baksanda onlarla adamın saxlanıldığı bildirilir. Nalçikdə yüzlərlə etirazçı şəhərin mərkəzinə toplaşıb və şüarlar səsləndirir.

Milli münaqişə alovlanan Kendelen kəndinin sakinləri kənddəki vəziyyət haqda danışıblar. “Region Online” portalının yaydığı xəbərə görə, sakinlərdən biri təxribat barədə danışıb.

“Baş verənləri yada salanda hələ də tir-tir əsirəm. Çox dəhşətli idi. Hər şey saat 11 radələrində başladı. Kendeleni OMON-çular mühasirəyə almışdı, giriş-çıxış bağlanmışdı, ancaq sakinləri buraxırdılar. Pasport göstərəndən sonra, ancaq piyada gedə bilərdilər”-sakin danışıb.

Adını açıqlamaq istəməyən qadın əlavə edib ki, insanlar kəndin ətrafında toplaşmışdılar. Bir tərəfdən dar yolda yerli sakinlər dayanmışdı, o biri tərəfdə kabardinlər. Arada isə OMON-çular. “Biz ümid edirdik ki, OMON-çular qarşı duran tərəfləri ayıracaqlar və münaqişəni yatıracaqlar, axı hakimiyyət nümayəndəsinə hücum etməyə hər adam risk etməz. Lakin əvəzində onlar sakitcə kənara çəkildilər və çağırılmamış qonaqları kəndə buraxdılar”-sakin deyib.

Kənd daxil olan kabardinlər dini şüarlar səsləndiriblər. “Bilirsiniz, bu adamların məqsədi Kanjal dağına qalxmaq yox, təxribat törətmək idi. Odur, orada qar yağır, yəni dağa qalxmaq üçün palto, isti paltar, botinka, papaq lazımdır. Amma kəndimizə soxulanlar “futbolka”larda və rezin çəkələklərdə idi, bunlarla ancaq evdə gəzmək olar. Və onlar özlərini çox saymazyana aparırdılar, sanki heç kimi saymırdılar”-Kendelen sakini bildirib.

Münaqişənin alovlanmasına səbəb olan hadisələr isə 1708-ci ildə baş verib. Çərkəzlər knyaz Atajukinin başçılığı altında Krım xanı Kaplan-Gireyin qoşunlarını qəfil gecə hücumu ilə Kanjal dağında məğlub ediblər. Buna səbəb kabardinlərin Krım xanına və Osmanlı sultanına xərac verməkdən imtina etməsi idi  Krım tatarları və osmanlılar Kaplan-Gireyin başçılığı altında 20 minlik qoşunla kabardinləri özlərinə tabe etmək üçün Kabardaya daxil olublar. Lakin kabardinlər əvvəlcə düşmənin sıralarında yanğın törədiblər, bunun ardınca Kabarda knyazı Kurqoko Atajukinin başçılığı ilə 7 minlik kabardin ordusu qəfil hücuma keçərək bir gecəyə türk-krım qoşunlarını darmadağın edib. Təkcə Kaplan-Gireyin başçılığı ilə azsaylı qrup qaçıb canını qurtara bilib. (virtualaz.org)

 

 




Ana səhifəyə qayıt        Baxış: 277          Tarix: 20-09-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma