Xəbər lenti

Rusiyadakı hərbi akademiyalardan birinin divarından asılmış şəkil İngiltərədə keçmiş casus Sergey Skripal və onun qızını Noviçok adlı maddə ilə zəhərləməkdə ittiham olunan şəxsin Rusiya kəşfiyyatının zabiti olduğuna dair ehtimali daha da gücləndirib.

Oktyabrın 2-də Azadlıq Radiosunun rus xidmətinin və açıq mənbələr vasitəsilə təhqiqat aparan Bellingcat təşkilatının saytlarında dərc edilmiş bu foto Britaniya hakimiyyət orqanlarının Ruslan Boşirov kimi müəyyən etdikləri şübhəlinin həqiqi kimliyinə bir qədər də aydınlıq gətirib.

Britaniya hakimiyyət orqanları Boşirovu və onunla birlikdə ötən mart ayında İngiltərənin Solsberi şəhərinə səfər etmiş Aleksandr Petrovu Skripalların zəhərlənməsində əsas şübhəli kimi tanıyıb.

Adları mediaya çıxdıqdan sonra sözü gedən bu iki nəfər Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT telekanalına çıxmışdı. Onlar İngiltərəyə turist kimi getdiklərində israr edirdilər. Lakin Bellingcat təşkilatının topladığı pasport sənədlərindən bu iki nəfərin Rusiyanın “QRU” kimi tanınan Baş Kəşfiyyat İdarəsinə mənsub olduqlarını göstərirdi.

Bundan sonra üzə çıxmışdı ki, Boşirov kimi tanınan şəxs əslində Rusiya Federasiyasının qəhrəmanı, Uzaq Şərqdəki Hərbi Akademiyanın məzunu və QRU polkovniki Aleksandr Çepiqa ola bilər.

Bunun ardınca Çepiqanın doğma şəhərindən olan bəzi sakinlər Rusiya və Qərb mediasına yeni məlumatlar veriblər. Azadlıq Radiosu və Bellingcat bunun vasitəsilə Çepiqanın fotosunun akademiyanın divarından asıldığını aşkar edib. 2014-cü illə 2016-cı il arasında postlanmış fotolardan biri Çepiqa adlandırılıb. Bu fotodakı şəxs RT-nin müsahiblərindən biri olan Boşirova oxşayır.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Çepiqa barədə iddiaları “anti-Rusiya kampaniyasının” bir hissəsi adlandırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 183          Tarix: 3-10-2018, 14:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma