ABŞ administrasiyası Çinin telekommunikasiya korporasiyası “Huavey” üçün lisenziyanı daha 90 günlüyə uzadır.
Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu, Çin şirkətinin Amerika müəssisələrindən avadanlıq almasına imkan yaradacaq.
ABŞ-ın ticarət naziri Uilbir Ross telekanala müsahibəsində deyib:
“Kənd yerlərindəki bir sıra telekommunikasiya kompaniyaları “Huavey”dən asılıdır. Ona görə də biz onlara bir qədər də vaxt veririk”.
Nazir qeyd edib ki, indi “Huavey”in lisenziyasının müddəti təxminən noyabrın 19-da başa çatacaq. Onun sözlərinə görə, “böyük xəbər” isə ondan ibarətdir ki, ABŞ hakimiyyət orqanları Çinin telekommunikasiya nəhənginin 46 törəmə şirkətini qara siyahıya salmaq barədə qərar qəbul edib.
Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huavey” kompaniyasını qara siyahıya salıb.
Paylaş: