Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə tüğyan edən işsizlik, sosial problemlər, iqtisadi böhran fonunda əhalini şirnikləndirməyə cəhd edir.
Fakt budur ki, Ermənistanın hökumət başçısı ölkəyə investisiya cəlb edə bilmir, bu isə demoqrafik böhranı daha da dərinləşdirir.
Ölkədə işsizlik səviyyəsinin yüksəldiyi bir zamanda xalq gözünü xarici investorlara dikib, amma dünya şirkətləri Ermənistanı investisiya qoyuluşu üçün etibarlı ölkə hesab etmir.
Bu yaxınlarda N.Paşinyan ölkənin xaricdəki səfirləri ilə keçirdiyi görüşdə də erməni diplomatlara qəzəblənib. O deyib ki, Ermənistanın xaricdəki səfirləri ölkəyə investorlar cəlb edə bilmirlər.
Digər sahələr kimi investisiya mühitinin də uçurumda olduğu bir zamanda N.Paşinyan ötən ay "Ermənistan 2050 - İnkişaf Strategiyası" adlı konsepsiya açıqladı. Burada qeyd edilən məsələlərdən biri də əhalinin artımının təmin edilməsidir. Belə ki, N.Paşinyan 2050-ci ildə əhalinin sayının beş milyon nəfər olacağını deyib. Bu vəd isə ekspertlər və müxalifət funksionerləri tərəfindən qeyri-ciddi qiymətləndirilir.
Dünya Bankının məlumatına görə, Ermənistan əhalisinin sayı 1991-ci ildə 3 505 258 nəfər olsa da, 2018-ci ildə 2 951 776 nəfərə enib. Bu, Ermənistan Statistika Komitəsinin göstəricilərinə əsasən hazırlanıb. Ancaq o da bəllidir ki, Ermənistan hökuməti rəsmi rəqəmlərdə maksimum şəkildə gerçəklikləri ört-basdır etməyə çalışır.
N.Paşinyan demoqrafik vəziyyətlə bağlı nə qədər optimist fikirlər irəli sürsə də, BMT öz proqnozları ilə bunu alt-üst edir. Belə ki, BMT-nin İqtisadi və Sosial Münasibətlər Departamentinin əhali bölgüsü haqqında açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı təxminən 2 milyon 397 min nəfər olacaq. Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, Ermənistanda əhali sayı ən nikbin halda üç milyona yaxınlaşa bilər.
BMT proqnozlaşdırır ki, 2015-2020-ci illər ərzində hər min nəfərə düşən təbii artım 14.5 olduğu halda, 2045-2050-ci illərdə bu rəqəm 9.6-ya enəcək. 2045-2050-ci illərdə hər min nəfərə düşən ölüm sayı isə ən yaxşı halda 9.7-dən 11.3-ə, ən pis proqnoza görə isə 13.9-a qədər qalxacaq.
Proqnozlara görə, 2020-2050-ci illərdə 0-14 və 15-64 yaş qruplarının sayında ciddi azalma baş verməsi fonunda, 64 və yuxarı yaş qruplarında artım yaşanacaq. Bu da əhalinin getdikcə qocalmasına və əmək qabiliyyətli kütlənin xeyli azalmasına yol açacaq.
Ermənistanda əhalinin azalması daha çox şəhərlərdə müşahidə edilir. Ermənistandan başlayan böyük köç Dağlıq Qarabağ münaqişəsi, Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması səbəbindən iqtisadi təcrid, hakimiyyətin korrupsioner mahiyyəti, gömrük inhisarı ilə bağlıdır.
Ekspert Levon Şirinyan açıqlamalarının birində demişdi ki, mühacirət davam edəcəyi halda, Ermənistanı ağır günlər gözləyir.
"Artıq neçə ildir ki, hamı mühacirətdən danışır. 20 ildən sonra əldə olunmuş müasir silahları kim tətbiq edəcək? Ona görə də Ermənistan hakimiyyəti ya nəyisə dəyişməlidir, ya da yerlərini gənc kadrlara verməlidir", - deyə L.Şirinyan bildirmişdi.
N.Paşinyanın demoqrafiya strategiyası ilə bağlı çıxışını demoqraf Artak Markosyan ifşa edib.
Ekspertin hesablamalarına görə, 2019-cu ilin ilk altı ayında ölkə əhalisi 3,7 min nəfər azalıb.
A.Markosyan qeyd edib ki, bu göstərici ölkəni tərk edən altı min vətəndaş və doğum göstəricilərindəki 2,3 min nəfərlik müsbət saldo arasındakı fərqdən yaranıb.
"Son vaxtlar ölkəni tərk edənlər Ermənistan pasportundan imtina edərək, yaşadıqları ölkənin pasportuna üstünlük verir”, - deyən A.Markosyan əlavə edib ki, təkcə 2019-cu ilin aprel-iyul ayları ərzində ölkəni 500 sakin tərk edib.
Demoqraf doğum göstəricilərinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,9%, yaxud 150 körpə daha az olduğunu dilə gətirib.
Ermənistanda əhalinin sayının kəskin azalmasının digər səbəblərindən biri də 1990-cı illərdə doğulmuş az sayda insanın hazırda reproduktiv yaşda olmasıdır.
Daha yuxarı yaşda olan insanların da nikaha girməsinə baxmayaraq, onların reproduktiv mərhələsi keçdiyindən valideyn ola bilmirlər, nəticədə əhali artımı baş vermir.
Bütün bunlar Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin nəticələridir. Yəni işğalçılıq siyasəti, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Yerevanın sərgilədiyi qeyri-konstruktiv mövqe Ermənistanı regional və beynəlxalq layihələrdən kənarda saxlayır. Bu isə Ermənistan iqtisadiyyatını daha da bərbad hala salır, nəticədə isə əhali arasında işsizlik və sosial böhran dərinləşir.
"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, N.Paşinyanın ideya və fikirləri məntiqsizdir.
"Paşinyan deyirdi ki, Ermənistan futbol üzrə dünya çempionatında qalib olmalıdır, hərbi büdcəsini 10 dəfə artırmalıdır. Həmçinin bildirir ki, ölkə əhalisinin sayı 2050-ci ilə qədər beş milyona qədər qalxacaq. Əhali sayının artımından qətiyyən söhbət gedə bilməz. Bunlar hamısı məntiqsiz və cəfəng fikirlərdir", - deyə E.Şahinoğlu bildirib.
Ekspertin fikrincə, N.Paşinyanın indidən 2050-ci ilin hədəflərini açıqlaması o deməkdir ki, bu illər ərzində verdiyi vədləri yerinə yetirə bilməyəcək:
"Paşinyan erməni cəmiyyətinə mesaj verir ki, onlar ümidlərini 2050-ci ilə bağlamalıdırlar. O ilə qədər isə Paşinyanın hakimiyyətdə qalacağı sual altındadır".
E.Şahinoğlu əlavə edib ki, N.Paşinyandan Qarabağ münaqişəsinin həlli ilə bağlı nəsə gözləmək əbəsdir:
"Paşinyanın çıxışları Azərbaycanın manevr imkanlarını artırır. Biz Ermənistana təzyiqləri daha da artıra bilərik. Dünya gücləri də görür ki, Paşinyanın mənasız açıqlamaları vəziyyəti daha da gərginləşdirir. "Qarabağ Ermənistanındır" fikrini səsləndirmək o deməkdir ki, Ermənistan danışıqlardan çıxır".
Paylaş: