26 il əvvəl Kremlin açarı Vladimir Putinə təqdim edildi. Sovet kəşfiyyatının (KQB) gizli agenti olan Putin birbaşa Rusiyanın mərhum prezidenti Boris Yeltsin və yaxın çevrəsi tərəfindən seçilmişdi. Bəs niyə Putin?
Teleqraf.com xəbər verir ki, Valentin Yumaşyev Vladimir Putinin Rusiya prezidenti seçilməsində açar rol oynayan bir fiqurdur.
Keçmiş jurnalist olan Yumaşyev bu gün Kremlin önəmli səlahiyyətlilərindən sayılır və nadir çıxışları ilə tanınır. Yumaşyev Boris Yeltsinin ən etibar etdiyi müşavirlərindən biri idi. Yeltsinin qızı Tatyana ilə evlənərək əvvəlcə kürəkəni, sonra müşaviri oldu. 1997-ci ildə Kremldə Putinə ilk vəzifəni verən şəxs də o idi.
Putin və Yumaşyevi Boris Yetltsin tanış etmişdi:
“Yeltsin məni Vladimir Putinlə tanış etdi və birlikdə işləməyə başladıq. Putinin yaxşı bir iş görəcəyini dərhal anladım. Yaradıcı fikirlər irəli sürməkdə, analitik düşüncədə və inandığı bir şeyi müdafiə etməkdə onun kimisi yoxdur”.
Bəs Yumaşyev bu adamın bir gün Rusiyanın prezidenti olacağını düşünmüşdümü? O bu haqda belə deyir:
“Yeltsinin nəzərində bir neçə nəfər vardı: Boris Nemtsov, Sergey Stepaşin, Nikolay Aksenenko. Yeltsinlə xələfinin kim olacağı haqda danışanda Putindən də söz açdıq.
Yeltsin məndən Putin haqda soruşdu, mən də “möhtəşəm bir namizəd olardı” cavabını verdim. Onu gözdən qaçırmaq olmazdı, Yeltsinə dedim ki, o, daha ağır işlərin məsuliyyətini üzərinə götürməyə hazırdır”.
Bəs Putinin keçmiş KQB agenti olması onun üçün bir şans idimi? Yumaşyev hesab edir ki, onun keçmiş KQB agenti olmasının heç bir önəmi olmayıb:
“Putin kimi bir çox agent KQB sıralarından istefa vermişdi. Putin bir liberal və demokrat olduğunu dəfələrlə sübut edib”.
Hakimiyyətin gizli təslim edilməsi
1999-cu ildə Boris Yeltsin Vladimir Putini baş nazir təyin etdi. Bu, Yeltsinin Putini prezidentliyə hazırlaşdırdığı iddiasının yayılmasına yol açdı. Yeltsinin bundan sonra bir il də hakimiyyətdə qalacağı gözlənilsə də, həmin ilin dekabrında sürpriz bir formada istefa verdi. Yumaşyev belə davam edir:
“Yeni ilə üç gün qalmış Yeltsin Putini iqamətgahına çağırdı. Görüşdə mən və yeni müşavir Aleksandr Voloxinin də iştirak etməsini istədi. Putinə iyula qədər hakimiyyətdə qalmayacağını, dekabrın 31-də istefa verəcəyini dedi. Bu, cəmi dörd nəfərə məlum idi: mən, Putin, Voloxin və Yeltsinin qızı Tatyana. Yeltsin həyat yoldaşına belə bu haqda deməmişdi”.
1999-cu il Yeni İl gecəsi Boris Yeltsin Kremldə prezident kimi xala sonuncu dəfə müraciət etdi. Baş verənlər hər kəsi təəccübləndirdi, üç ay sonra Putinin gözlənilmədən prezident seçkisində qalib gəlməsi isə Rusiya ilə yanaşı, dünya miqyasında da şok effekti yaratdı.
Valentin Yumaşyev isə çox vaxt “Ailənin bir üzvü” kimi xatırlanır. “Ailə” anlayışı isə 1990-cı illərdə Rusiya prezidentinin qərarlarına təsir edə bilən şəxslər üçün işlədilirdi. Lakin Yumaşyev bu “ailə” iddiasının bir mif olduğunu deyir.
Politoloq Valeri Solovey isə Yeltsindən fərqli olaraq, Putinin ətrafında onun qərarlarına təsir edə biləcək bir “ailə”nin olmadığını bildirib.
Putinin fikirlərini öyrəndiyi iki qrup var: biri Rotenberq qardaşları kimi uşaqlıq dostları, digərləri də vaxtilə KQB-də xidmət etmiş şəxslər. Lakin Putin bu insanların sədaqətini də gözlərində çox böyütmür. Yeltsin ailə üzvlərinə güvənirdi, Putinin isə güvəndiyi kimsə yoxdur.
Putin Rusiyası
Putin 20 ildir Rusiyada hakimiyyəti əlində saxlayır. Bu müddət ərzində iqtidarın tamamilə ona tabe olmasını təmin edən sistem qurdu. Onun hakimiyyəti altında olan Rusiya getdikcə avtoritarlaşan, demokratiya və azadlıqlardan uzaqlaşan bir ölkəyə çevrildi.
Soloveyin sözlərinə görə, Yeltsin kimi Putin də xüsusi missiyasının olduğuna inanır.
“Yeltsin Musa olduğuna inanırdı, ölkəsini kommunizmin köləliyindən xilas etmək istəyirdi. Putinin missiyası isə keçmişi geri gətirməkdir. “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırdığı SSRİ-nin çöküşünün qisasını almaq istəyir. O, SSRİ-ni Qərb kəşfiyyatının çökdürdüyünə inanır”.
Paylaş: