Xəbər lenti


Kreml 2013-2014-cü illərin əvvəllərində Kiyevdəki hakimiyyət-müxalifət qarşıdurmasından istifadə edərək Krıma hərbçilərini göndərdi, sonra isə “referendum” keçirib yarımadanı rəsmən ilhaq etdi. Ukrayna Krım uğrunda döyüşə bilmədi, çünki ruspərəst Prezident Viktor Yanukoviçin ölkədən qaçması ilə kağız üzərində olan ordu da dağıldı.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, bəlkə də Ukrayna yaşadığı xaosa rəğmən Krım uğrunda əlindəki imkanlar daxilində döyüşsə və müqavimət göstərsəydi, Rusiya yarımadanı asanlıqla ram etməzdi:

“Ancaq onda da Kreml sahibi Ukraynanı ikiyə parçalamağı əmr edər və “Novorossiya” (Donetsk və Luqanskla yanaşı, Maripol, Dnepr, Odessa, Nikolayev, Xerson, Xarkov şəhərlərinin ələ keçirilməsi) planını işə salardı.

Ukraynada bir-birini dəyişən hakimiyyətlərin başqa bir səhvi Krım tatarlarına güvənərək 1990-ci illərin başından Krımda onların sayının artırılmasına yaratdığı maneələrdir. Mənə Kiyevdə rəsmilərdən biri etiraf etmişdi ki, onlar Krımda nə vaxtsa separatçılığa məhz tatarların başlayacağını zənn edirmişlər. Tam əksi oldu, tatarlar Krımda Ukraynanın bütövlüyünə və bayrağına sadiq qaldılar, yarımadadakı ruslar isə Moskvaya sığındılar. Kiyevdəki siyasətçilər yanıldıqlarını Krımın ilhaqından sonra anladılar, ancaq artıq gec idi. Əlbəttə, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ukraynalı siyasətçilər tərəfindən hörmət edilən şəxsdir, hər prezident onu yanında görmək istəyir, ancaq Mustafa bəyin məsləhətlərini daha əvvəl eşitmək lazım idi. Mustafa bəylə Kiyevdə bu mövzuda çox söhbətlərimiz olub, o vaxtında atılmalı olan addımların gecikdirildiyini deyirdi”.

Politoloq qeyd edib ki, Ukrayna üçün Krımı geri qaytarmaq çətin olacaq:

“Rusiyada Prezident nə vaxtsa dəyişsə, hətta Navalnı kimi siyasətçinin Kreml sahibi olacağını ehtimal etsək belə, şimal qonşumuzun Krımı Ukraynaya qaytaracağını zənn etmək çətindir. Buna baxmayaraq, Kiyev müqavimət göstərir və Donbasla yanaşı, Krımı da unutmadığını göstərir. Misal üçün Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkə-ölkə gəzərək dünya liderlərini avqust ayında Kiyevdə keçiriləcək “Krım platforması”na dəvət etmək istəyir.

ABŞ, Türkiyə və Avropa dövlətləri toplantıda iştirak edəcəklərini bəyan ediblər. Əlbəttə, bu təşəbbüs Krımın ilhaqına son qoymayacaq, ancaq ən azı dünyanın diqqətini yarımadaya yönəldəcək, Qərbin Rusiyaya qarşı sanksiyalarını sərtləşdirəcək. Kiyevdə ümid edirlər ki, nə vaxtsa Rusiya zəifləməsə və bu ölkədə mərkəzdənqaçma proseslər başlasa, Krımı geri qaytarmaq mümkün olacaq".



Ana səhifəyə qayıt        Baxış: 2 638          Tarix: 17-03-2021, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma