Xəbər lenti


“Ötən gün səhər saatlarında Krımda soydaş Krım tatar türklərinin evlərinə edilən basqınları və tutulma qərarlarını narahatlıqla qarşılayırıq”. “Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Krım yarımadasında yerli nümayəndə olan Krım tatarlarına qarşı bu cür tədbirlərə son verilməsinə çağırırıq.

Kırımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında olmağa davam edəcək”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, son 2 gündə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın işğal altındakı Krım yarımadası daxil olmaqla ölkənin bir çox regionunda terrorçuluğa qarşı əməliyyatlar keçirib. Əməliyyatlar zamanı saxlanılan şəxslər terrorçu təşkilatla əlaqədə olmaqda ittiham olunurlar.

Qeyd edək ki, yarımadanın işğalından sonra Krım Tatar Milli Məclisinin “ekstremist təşkilat” olaraq fəaliyyəti yasaqlanıb. Bununla da Məclislə birbaşa əlaqəsi olan 2 500-dən çox tatar ekstremist təşkilat üzvü vəziyyətinə salınıb. Minlərlə tatar yarımadanı tərk edib.

Krım tatarlarının evlərinə, məscidlərə, uşaq evlərinə edilən təzyiqlər və “terror təşkilatına üzv olma” iddiası ilə saxlanılmalar davam edir.

Yalnız 2019-cu ildə Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarına aid evlər, məscidlər və məktəblərdə 86 əməliyyat keçirib. Bu basqınlarda 157 nəfər saxlanılıb, 194 nəfər sorğuya çəkilib, 335 nəfər isə həbs edilib.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.



Ana səhifəyə qayıt        Baxış: 3 226          Tarix: 18-02-2021, 17:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma