Xəbər lenti


"Bizim sahillərimizin yaxınlığında Amerika hərbi gəmilərinin qətiyyən heç bir işi ola bilməz. Bunlar sırf təxribat xarakterli fəaliyyətlərdir. Gücümüzü sınayırlar, əsəblərimizlə oynayırlar. Amma istədiklərinə nail ola bilməyəcəklər”. 
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Qara dənizə 2 gəmi göndərməsini şərh edərkən belə deyib.
 
O, jurnalistlərə verdiyi açıqlamada ABŞ-ı Qara dənizdən uzaq durmağa çağırıb.
 
ABŞ donanmasının öz bazasından minlərlə kilometr məsafədəki manevrlərini "jeopolitik vasitə" olaraq xarakterizə edən Ryabkovun fikrincə, ABŞ özünü dənizlərin hökmdarı kimi aparır.

“O, bir zamanların İngiltərəsini nümunə kimi götürməsinə baxmayaraq, bəzi hərəkətlərin risklərinin çox yüksək olduğunu anlamalıdır. Bu il tamamilə fərqli bir hövzədə bənzər hadisələr müşahidə etdik", - Ryabkov belə deyib.
 
ABŞ-a “Qara dəniz sahillərindəki Krımdan uzaq dayanmağı” məsləhət bilən rus diplomat bunun onlar üçün daha faydalı olacağını düşünür.
 
Açıqlamasında Ukrayna ilə Rusiya arasındakı gərginliklərə də aydınlıq gətirən Ryabkov Ukraynaya xaricdən silah tədarükünün davam etdiyini və bu yardımların həcminin artdığını bildirib. Ryabkov, ABŞ və digər NATO ölkələrinin Ukraynanı bilərəkdən “barıt çəlləyinə" çevirdiklərini vurğulaylb.
 
ABŞ dövlət katibi Antoni Blinkenin Rusiyanın Ukraynaya qarşı "aqressiv və ya ehtiyatsızlıqla" hərəkət edəcəyi təqdirdə, bunun bədəlinin və nəticəsinin ağır olacağı barədə xəbərdarlığını cavablandıran Ryabkov bəyan edib ki, Moskva Donbasdakı rusdilli əhalinin və öz vətəndaşlarının maraqlarını qoruyacaq.
 
"Birincisi, onların bu günə qədər etdiklərini dərindən araşdırdıq. İkincisi, bu cür təxribatlara çox yaxşı uyğunlaşa bildik. Üçüncüsü,"bədə" və "ödəmə" kimi terminologiyanın həyata keçirilə biləcəyini zənn etmirik”, - deyən diplomat bu cür təhdidlərin Rusiyanın doğru yolda olduğuna inamını gücləndirdiyinə inanır "ABŞ, Rusiyanın beynəlxalq aləmdəki mövqeyini pozmaq üçün əlindən gələni edən düşmənimizdir. Bizə yanaşmalarında başqa bir element görmürük”.
 
Qeyd edək ki, Rusiyada ciddi narahatlıqla qarşılanan iki ABŞ gəmisindən biri sabah, digəri isə o biri gün Qara dəniz sularına daxil olacaq. Son zamanlar ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin tez-tez Qara dənizdə lövbər salması adi hala çevrilsə də, budəfəki dislokasiya digərlərinə bənzəmir. Nədən ki, indiyədək Pentaqon gəmilərini hərbi təlimlərə göndərildiyini desə də, bu dəfə məqsədin Ukraynanı Rusiya təcavüzündən qorumaq olduğunu açıq şəkildə vurğulamışdı. Hətta Ağ ev yetkililəri Rusiyaya xəbərdarlıq göndərmişdi ki, birdən ya bilməməzlikdən, ya da qəsdən Ukraynaya atəş aça, yaxud təsadüfən sərhəddini keçərlər. Belə “zarafat”ın bədəli Moskva üçün ağır ola bilər.
 
Ukrayna rəsmilərinin bildirdiyinə görə, Vaşinqtondan onlara Rusiya təcavüzünə məruz qalarlarsa, ABŞ-ın da müharibəyə qoşulacağına dair zəmanət verilib. Görünür, Vaşinqtonun bu vədinə həddindən artıq arxayın olan Kiyev də çəkinmədən Rusiyanın üzərinə gedir. Amma onu da unutmaq olmaz ki, həmin Vaşinqton bir zamanlar Suriya müxaliflərinə də bənzər zəmanətlər vermis, 2015-ci ildə Rusiyanın bu ölkəyə müdaxiləsindən sonra isə vədinə əməl etməmişdi. Hətta müxaliflər Hələbdən sıxışdırılıb çıxarılanda Cenevrə və Vyanada aparılan danışıqlar zamanı bu vədi yada salan Suriyalı nümayəndələrə Rusiyanın nüvə dövləti olduğu xatırladılmış, dolayısıyla onlara görə özlərini təhlükəyə atmayacaqları çatdırılmışdı. Odur ki, Ukrayna da bu cür vədlərə çox bel bağlamamalıdır.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 695          Tarix: 13-04-2021, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma