Xəbər lenti
 

Avstraliya Fransa ilə sualtı müqaviləsini ləğv edib ABŞ və Böyük Britaniya ilə yeni müqavilə bağlayıb. 
 
Ovqat.com-un məlumatına görə, ləğv edilən müqavilədə Fransadan 56 milyard avro dəyərində sualtı gəmilərinin alınması nəzərdə tutulurmuş.
 
2016-cı ildə Fransa ilə Avstraliya arasında bağlanan və hər iki ölkə tərəfindən “əsrin müqaviləsi” kimi qiymətləndirilən bu sənədə əsasən, Avstraliya Fransadan 2023-cü ilə qədər 12 ədəd dizel yanacağı ilə işləyən sualtı gəmisi almalı idi. Sualtıların təhvil verilməsinə 2 il qalmış Avstraliya müqaviləni ləğv edib həmin hərbi texnikaları Böyük Britaniya və ABŞ-dan almağa qərar verib. Artıq Avstraliya ilə bu dövlətlər arasında yeni müqavilə də imzalanıb. Yeni müqavilədə 12 yox, 8 sualtı alınması nəzərdə tutulur. Belə aydın olur ki, Fransa 5 il ərzində öz müştərisinə cəmi 4 sualtı hazırlaya bilib. 4 ədəd sualtının qiymətini müqavilənin ümumi dəyərindən çıxanda Avstraliyanın ləğv qərarı ilə Fransanı 40 milyard dollardan məhrum etdiyi anlaşılır.


 
Rəsmi Kanberranın Parislə bağladığı müqaviləni ləğv edib ABŞ və Böyük Britaniya istehsalı olan sualtılara üstünlük verməsinin haqlı səbəbləri də var. Ən əsas səbəb Fransa sualtılarının dizel, ABŞ və Böyük Britaniya sualtılarının isə nüvə yanacağı ilə işləməsidir. Digər səbəb isə, Avstraliyanın son anda üstünlük verdiyi sualtıların Qərbi Çin dənizinə və sahillərinə qədər uzun məsafələrdə kəşfiyyat apara bilməsidir. Bu texnoloji üstünlük isə yalnız Böyük Britaniya və ABŞ-da var.
 
Paris isə problemi öz hərbi texnologiyalarının yarasızlığında görmək əvəzinə, günahı Avstraliya, ABŞ və Böyük Britaniyada axtarır, onların bağladığı hərbi sövdələşməyə olduqca kəskin reaksiya verib. 


 
Fransanın Xarici İşlər naziri Jan İv Le Drian bu addımı “arxadan vurulan müttəfiq zərbəsi” və “xəyanət” kimi qiymətləndirib. Nazir “France Info” radiosuna verdiyi müsahibəsində deyib: "Avstraliya ilə etibarlı əlaqələrimiz vardı və Avstraliya tərəfi bu etimada xəyanət etdi. Bu, Parisi arxadan vurmaqdır. Mən əsəbiləşirəm, çünki müttəfiqlər arasında belə bir şey olmamalıdır". 
 
Qəzəb köpünü Avstraliyanı tənqid atəşinə tutmaqla yatıra bilməyən Le Drian ABŞ və Böyük Britaniyaya da “ilişib”. "Bu birtərəfli, müttəfiqliyə yaraşmayan, gözlənilməz qərar bizə cənab Trampın etdiklərini xatırladır", - deyən fransız nazir Co Baydeni zindeyi-zəhləsi getdiyi sələfinə bənzətməyi də yaddan çıxarmayıb.
 
Fransa XİN-in və Müdafiə Nazirliyi də “müttəfiq xəyanət”inə laqeyd qalmayıb. Nazirliklərin verdiyi birgə bəyanatda deyilir: "Müqaviləni ləğv etmək qərarı, siyasi cəhətdən xarakterizə olunan etimad münasibətinə və müdafiə səviyyəsində yüksək səviyyəli sənaye və texnoloji bazanın inkişafına əsaslanan Fransa ilə Avstraliya arasındakı əməkdaşlığın ruhuna və şərtlərinə ziddir”. Bəyanatda həmçinin vurğulanır ki, “Fransa Avstraliya və digər müttəfiqlərinin bu hərəkətindən xəyal qırıqlığına uğrayıb və öz yaddaşına yazıb”.


 
Parisin bu qədər emossional əsib-coşmasına Kanberrranın cavabı xeyli təmkinli olub. Avstraliyanın Baş naziri bəyanat verərək bildirib ki, o, Fransa ilə bağladıqları müqaviləni ləğv edəcəkləri barədə Emmanuel Makronu əvvəlcədən məlumatlandırıb və səbəblərini də ətraflı şəkildə ona başa salıb: "Parisdə onunla uzun bir şam yeməyi yeyərkən bunu Makrona açıq şəkildə dedim. Qarşılaşdığımız yeni strateji mühitdə adi sualtı qayıqların imkanları ilə bağlı narahatlığımız barədə uzun-uzadı danışdıq". Morrisonun eyhamlarından belə çıxır ki, özəl söhbətlərində Makron da Avstraliyanın iradları ilə razılaşıb.
 
Morrison onu qeyd edib ki, həmin şam yeməyində Makrona Avstraliyanın milli maraqlarına uyğun qərar verməli olduğunu da söyləyib. Baş nazirin fikrincə, Avstraliya ABŞ və İngiltərə ilə əlaqələrini gücləndirmək istəyir, xüsusən də bölgədə artan Çin təsirinə qarşı. Məhz bu zərurətlər də onun Fransa ilə müqaviləni ləğv edib, ABŞ və Böyük Britaniyadan daha müasir texnologiyaya və sürət imkanına malik sualtılar almağa həvəsləndirib. 
 
Avstraliya Baş nazirinin bu açıqlaması belə, Parisin köpünü yatırtmağa kifayət etməyib. Fransanın Vaşinqtondakı səfirliyi dünən axşam keçirilməyi planlaşdırdığı “Fransa-ABŞ Dostluq Qalası”nı ləğv edib. Tədbir ABŞ -ın müstəqillik savaşında Fransanın İngilislərə qarşı dəstəyi ilə qazandığı Çesapik döyüşünün 240 -cı ildönümünə həsr olunmalı idi. Səfirlik bu addımı ilə sanki bundan sonra ABŞ-la dost olmayacaqları mesajını verib.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 501          Tarix: 18-09-2021, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma