Orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilənin (RSMD) pozulmasına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilə bilər.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Nümayəndələr Palatasının xarici işləri üzrə komitənin başçısı Ed Roys deyib.
Roys Konqresə 2018-ci il milli təhlükəsizlik haqqında qanuna müvafiq düzəlişi təqdim edib. O bildirib ki, prezident Vladimir Putin RSMD müqaviləsi üzrə öhdəliklərə açıq şəkildə məhəl qoymur.
“Qadağan edilmiş nüvə döyüş başlıqları ilə raketlərin yerləşdirməsi ABŞ-ın milli təhlükəsizlik maraqları üçün ciddi təhlükə təşkil edir”, - deyə Roys vurğulayıb.
Ötən ay isə Nümayəndələr Palatasının silahlı qüvvələri üzrə komitəsi Rusiyanın hərbi irəliləyişinin qarşısının alınması üçün qanun layihəsi hazırlayıb. “Rusiya təcavüzünə qarşı birliyin möhkəmləndirilməsi haqqında” qanun layihəsi ABŞ Müdafiə Nazirliyini (Pentaqon) Rusiyaya qarşı tammiqyaslı strategiyanı hazırlamağa məcbur etməyi nəzərdə tutur.
Qanun layihəsində Rusiyanın orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqaviləsi (RSMD) xatırlanır. Qanun layihəsinin müəllifləri müqavilənin pozulmasına görə Moskvaya qarşı sanksiyaları hazırlamağı təklif edirlər. Amma məhz hansı sanksiyalardan söhbət getdiyi bildirilmir.
Qeyd edək, dünən Almaniya keçirilən G20 çərçivəsində ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı ilə görüşüb.
Paylaş: