Xəbər lenti

 
NATO müttəfiqləri Rusiya ilə sərhəddə müdafiə xəttini gücləndirmək üçün Şərqi Avropaya əlavə gəmi və reaktiv təyyarələr göndərməyə qərar verib.
 
Ovqat.com xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.
 
Məlumata görə, Danimarka bu məqsədlə Baltik dənizinə freqat və NATO-nun regionda uzun müddətdir davam edən hava polisi missiyasını dəstəkləmək üçün Litvaya 4 ədəd F-16 qırıcısı təyyarəsi göndərməyə hazırlaşır. İspaniya öz növbəsində Bolqarıstanı himayəsinə alacaq, NATO dəniz qüvvələrinə qoşulmaq üçün bu ölkəyə gəmilər və döyüş təyyarələri göndərəcək. Fransa isə NATO komandanlığı altında Rumıniyaya qoşun göndərməyə hazır olduğunu bildirib.  Hollandiya NATO-nun bölgədəki hava polisi fəaliyyətlərini dəstəkləmək üçün aprel ayında Bolqarıstana iki F-35 qırıcı təyyarəsi göndərəcək və NATO-nun Cavab Qüvvələri üçün gəmi və quru bölmələrini hazır vəziyyətə gətirəcək. ABŞ da Alyansın şərq hissəsində hərbi mövcudluğunu artırmağı nəzərdən keçirdiyini açıq şəkildə bildirib.
 
NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqlərin bu qərarını şərh edərkən deyib: “Mən NATO-ya əlavə qüvvələr verən müttəfiqləri alqışlayıram. NATO bütün Müttəfiqləri qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək, o cümlədən Alyansın şərq hissəsini gücləndirəcək. Biz həmişə təhlükəsizlik mühitimizin pisləşməsinə kollektiv müdafiəmizi gücləndirməklə cavab verəcəyik”.



Rəsmi məlumatda həmçinin xatırladılır ki, NATO müdafiə alyansıdır: “2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqına cavab olaraq NATO alyansın şərq hissəsində, o cümlədən Estoniya, Latviya, Litva və Polşada dörd çoxmillətli döyüş qrupu ilə mövcudluğunu artırdı. Böyük Britaniya, Kanada, Almaniya və ABŞ-ın rəhbərlik etdiyi bu çoxmillətli bölmələr döyüşə hazırdır. Onların mövcudluğu göstərir ki, istənilən müttəfiqə edilən hücum bütün Alyansa hücum sayılacaq”.
 
Qeyd edək ki, Rusiya bu yaxınlarda ABŞ və NATO qüvvələri ilə apardığı danışıqlarda Ukrayna və Gürcüstanı alyansa qəbul edilməməsi ilə yanaşı alyansdan 1997-ci il sərhədlərinə qayıtmağı tələb edib. Bu isə Rumıniya, Macarıstan, Çexiya, Bolqarıstan, Polşa və Baltikyanı ölkələrin alyansdan çıxarılmasını tələb etmək deməkdir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 795          Tarix: 24-01-2022, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma