Xəbər lenti

 
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell ötən bazar günü şəxsi həftəlik bloqunda Rusiyaya qarşı yeni sanksiyalar üzərində işlədiyini bəyan edib. Baş diplomatın sözlərinə görə, hazırlanacaq yeni sanksiyalar Rusiyanı “strateji ambisiyalarını” yerinə yetirmək üçün tələb olunan mallardan məhrum edə biləcək: “Rusiya əsəb müharibəsi aparır, ona görə də biz özümüzü xilas etməliyik. Rusiya ilə bu qarşıdurmada biz bütün yollardan faydalanaraq diplomatiyanın işləməsi üçün mümkün olan hər şeyi edirik”, - Borrell bəyanatında bildirib.
 
Göründüyü kimi, cənab Borrell üzərində işlədikləri sanksiyaların həyata keçirilməsini Rusiyanın Ukraynanı işğalı şərtinə bağlamayıb. Sadəcə Rusiyanı “strateji ambisiyalarını yerinə yetirmək” imkanından məhrum etməyin başlıca məqsəd olduğunu açıqlayıb. Elədirsə, sual ortaya çıxır: “Strateji ambisiyaları yerinə yetirmək” deyərkən nəzərdə tutulan nədir?


 
Ovqat.com-un məlumatına görə, Rusiyanın iqtisadçı eksperti və sahibkarı Anton Lyubiç bu termini ilk növbədə “texnoloji məhsulların istifadəsi” kimi alqılayıb: 
 
Bu - turbin avadanlığı, yüksək dəqiqlikli dəzgahlar, mikroelektronika deməkdir. Bütün bunları biz əsasən Almaniya və Fransadan alırıq. Buna görə də avropalılar bizim idxalımızı həqiqətən məhdudlaşdıra bilərlər”, Lyubiç belə deyib.
 
Ekspertin fikrincə, bu kimi sanksiyalar təkcə hansısa iş adamının fəaliyyətinə yox, həm də Rusiya əhalisinin geniş təbəqəsinə təsir edəcək: “Çünki Rusiyada demək olar ki, bütün kiçik və orta biznes xaricdən gətirilən avadanlıqlarla işləyir. Səhər qəhvə aldığınız kustar qəhvəxanalar belə xaricdən gətirilən avadanlıqlardan istifadə edir. Ət emalı zavodları da ətdoğrayan maşınları xaricdən gətirirlər. Əcnəbi kombaynlar tarlaları şumlayır. İnkubasiya edilən toyuq yumurtalarının əksəriyyəti belə xaricdən gətirilir. Yəni bu məhsulun tədarükünü dayandırsanız, Rusiya sadəcə olaraq toyuqsuz qalacaqBeləliklə, istəsələr, bir çox sənayenin inkişafını çox ciddi şəkildə dayandıra bilərlər”.
 
İqtisadçının sözlərinə görə, Aİ-nin atacağı bu addım nə qədər qanuni görünsə, əslində “tam hüquqlu müharibə” deməkdir və Rusiyanın sözügedən sanksiyalara cavab vermək imkanları da çox məhduddur: “Təbii ki, (qarşılıqlı sanksiyalar zamanı) Aİ-yə də müəyyən ziyan dəyəcək, amma məsələ bundan ibarətdir ki, biz 1 milyard dollar itirəndə onu 1,5 trilyon dollarlıq iqtisadiyyatımızdan itiririk. Avropa isə bunun müqabilində öz iqtisadiyyatından 1 milyard dollar itirə bilər. Yəni 18-20 trilyon dollar müqabilində 1 milyard dollar”.


 
İqtisadçının fikrincə, planlaşdırılan sanksiyalar həyata keçiriləcəyi təqdirdə, Rusiya Aİ ölkələrinin yüksək texnologiyalı məhsullar üzrə əqli mülkiyyət hüquqlarını tanımaqdan qismən və ya tam imtina edərək Çin yolunu izləyə bilər: “Bu, patentlərdən asılı olmayaraq əlimizdə olan çipləri və mikroelektronikləri köçürməyə imkan verəcək. Biz dəzgahlarla da eyni şeyi edə bilərik. Əslində, Çin 90-cı illərdə bu strategiyadan istifadə etdi – bütün qınaqlara baxmayaraq, hər şeyi ardıcıl olaraq kopyaladı. Yeganə problem odur ki, bu, bir qədər vaxt aparacaq və ilk növbədə aviasiya və dronların istehsalında bizim imkanlarımızı məhdudlaşdıracaq. Bu, həm də Krımı şirin su ilə təmin etməyimizi məhdudlaşdıracaq, çünki biz bu problemi həll etmək üçün alman texnologiyasından çox asılıyıq”, - deyə ekspert bildirib.
 
Məsələ burasındadır ki, Rusiyaya qarşı sanksiyaların təkcə Aİ tərəfindən həyata keçirilməsi planlaşdırılmır. Eyni zamanda digər Qərb ölkələri və ABŞ da bu sanksiyalara qoşulacaq. Üstəlik, sanksiya tələbləri Aİ-dan çox, digər Qərb ölkələri tərəfindən irəli sürülür. Təbii ki, bu fakt həmin ölkələrin sanksiyalarda daha maraqlı olduğunu göstərir və onların bu işə daha ciddi cəhdlə qoşulacağı şübhə doğurmur
 
Rusiyaya qarşı sanksiyalarda ən maraqlı ölkələrdən biri Böyük Britaniyadır. Bu gün Böyük Britaniyanın Nazirlər Kabinetindəki mənbələrdən "The Times" nəşrinə bildiriblər ki, rəsmi London Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Sözügedən sanksiyalar əsasən Rusiyanın enerji şirkətlərinin aktivlərinə təsir göstərə bilər. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də “Şimal axını 2”yə qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etməmişdi. “Şimal axını 2”yə qarşı sanksiyaların tətbiqinə Almaniyanın xarici işlər naziri Annalena Berbok da müsbət reaksiya vermişdi. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland isə Rusiyanın Ukraynaya “işğal” edəcəyi təqdirdə “Şimal axını-2”nin “metal parçası” olaraq qalacağını bildirmişdi. Verilən son məlumata görə, Avropa Komissiyası artıq “Şimal axını-2” layihəsindən imtina etməyin son mərhələsinə yaxınlaşıb. Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskisin bu gün verdiyi bəyanat da bunu təsdiqləyir. Dombrovskis bildirib ki, “Şimal axını 2” qaz kəməri layihəsində digər məsələlərlə yanaşı, dekarbonizasiyaya yönəlmiş artan enerji tətbiqi siyasəti nəzərə alınmayıb. O, Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib: “Bu layihə Avropa İttifaqının enerji siyasətinin tələblərinə cavab vermir”.


 
Rusiyaya qarşı ən ağır sanksiya isə SWIFT-ə giriş məhdudiyyətləri ola bilər. İddialara görə, Qərb ölkələri artıq bu tədbirlər planı üzərində işləyirlər. 
 
Qərb ölkələrinin planlaşdırdıqları bu sanksiyalar Rusiyanı da ciddi narahat edir. Ölkənin Xarici İşlər naziri Sergey Lavrov Ukraynaya planlaşdırılan “hücum”a görə Rusiyanı “cəzalandırmaq” ehtimalından danışaraq Qərbin “hərbi çılğınlıq” içində olduğunu vurğulayıb. O, Rusiyanın heç kimə hücum etmək niyyətində olmadığını bildirərək, müharibə ideyasını qəbuledilməz adlandırıb.
 
Qərb isə Rusiyanın bu fikirlərini yaxına buraxmır, onun Ukraynaya hücuma hazırlaşdığında israr edir. Görünən budur ki, Rusiyanın təcavüz niyyətində olub-olmaması Qərb üçün o qədər vacib məsələ deyil. Rusiyanı çökdürmək üçün bu sanksiyaları həyata keçirmək istəyir. “Ukraynanın işğalı” iddiaları isə sadəcə bəhanədir.


Ana səhifəyə qayıt        Baxış: 6 732          Tarix: 1-02-2022, 00:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma