Xəbər lenti

“Ruslar Ukrayna Silahlı Qüvvələrini darmadağın etmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq və digər tapşırıqları yerinə yetirmək məqsədlərinə nail ola bilməyiblər”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin müharibənin 20-ci günü ilə bağlı operativ məlumatında vurğulanıb ki, Rusiya qoşunlarının Nikolayev istiamətində hücumunun qarşısı alınır.

“Qarşı tərəf orduya muzdlu döyüşçüləri cəlb edir. Belarus Silahlı Qüvvələrinin Şimal-Qərb Əməliyyat Komandanlığının 120-ci Əlahiddə Motoatıcı Briqadasının (MINSK) bölmələri Ukrayna ilə sərhəd rayonlara köçürülüb. Ruslar ciddi itki verirlər. Odur ki, beynəlxalq humanitar hüquq normalarını pozaraq, dinc əhali üçün təhlükə yaradırlar. Ruslar şimal istiqamətində əsas səylərini kəşfiyyat işlərinə yönəldiblər”, - qurumdan bildirilib.

Rəsmi informasiyaya görə, Rubijne, Severodonetsk, Lisıçansk yaşayış məntəqələri istiqamətlərində rusların cəhdləri uğirsuz olub: “Ən gərgin durum Mariupol ərazisindədir. Ukrayna Silahlı Qüvvələrinin səmərəli fəaliyyəti nəticəsində qarşı tərəfin 7 döyüş helikopteri məhv edilib. Rusiya Ukraynaya yeritdiyi Silahlı Qüvvələrinin 40 faizə qədərini itirib. Onlar ya məhv edilib, ya da döyüş qabiliyyətini tamamilə itirib”.

Qeyd edək ki, Rusiya ordusu indiyədək Ukraynada 4 general-mayor, 3 polkovnik, 3 polkovnik-leytenant itirib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.



Ana səhifəyə qayıt        Baxış: 3 776          Tarix: 16-03-2022, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma