Çin Ukraynada müharibənin başlamasından bir il sonra bu gün sözügedən müharibə ilə bağlı öz movqeyini açıqlayan sənəd yayımlayıb.
Ovqat.com-un məlumatına görə, “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlı sənəd 12 bənddən ibarətdir.
Sənəd bu gün səhər saatlarında Çin Xarici İşlər Nazirliyinin saytında Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzünün birinci ildönümü münasibətilə dərc edilib.
Sənəddə deyilir: “Biz Rusiya və Ukraynanı bir-birinə yaxınlaşmağa və mümkün qədər tez birbaşa dialoqu bərpa etməyə təşviq etməli və gərginliyin tədricən azaldılması ilə hərtərəfli atəşkəsi dəstəkləməliyik".
Sənəddə Ukrayna münaqişəsində vasitəçilik rolunu oynamaq istəyən Çin nüvə silahından istifadəyə qarşı açıq mövqe nümayiş etdirilib.
Nüvə təhlükəsizlik konvensiyaları və digər beynəlxalq qaydalara riayət edərək, nüvə stansiyaları kimi dinc nüvə obyektlərinə hücumlardan qaçınmaq, insan tərəfindən törədilən nüvə fəlakətindən uzaq olmaq xəbərdarlığını ehtiva edən sənəddə nüvə silahları ilə bağlı aşağıdakılar qeyd edilib;
“Nüvə silahından istifadə edilə bilməz, nüvə müharibəsi aparıla bilməz. Nüvə silahının istifadəsinə və təhdidinə qarşı çıxmalıyıq. Nüvə silahının yayılmasının qarşısını almalıyıq və nüvə böhranından qaçmalıyıq”.
Sənəddə bildirilir ki, Çin istənilən şəraitdə kimyəvi və bioloji silahların hazırlanmasına və istifadəsinə də qarşıdır.
Bir ölkənin təhlükəsizliyinin digər ölkənin təhlükəsizliyi hesabına təmin edilə bilməyəcəyi, hərbi blokların genişləndirilməsi ilə regional təhlükəsizliyin təmin oluna bilməyəcəyi vurğulanan sənəddə soyuq müharibə məntiqindən imtina edilməli və bu təhlükəyə lazımi cavablar verilməli olduğu vurğulanıb. Çinin fikrincə, bütün ölkələrin qanuni təhlükəsizlik maraqları və narahatlıqları nəzərə alınmalıdır.
Sənəddə vurğulanıb ki, dünyanın uzunmüddətli təhlükəsizliyi yalnız davamlı təhlükəsizliyin ümumi, hərtərəfli və əməkdaşlıq anlayışı ilə əldə edilə bilər.
Bundan əlavə, “Avropa və Asiyada sülh və sabitliyi təmin etmək üçün milli təhlükəsizliyi digər ölkələrin etibarsızlığı üzərində qurmaq cəhdlərinə qarşı çıxılmalı, bloklar arasında qarşıdurmanın qarşısı alınmalı və balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının qurulması təşviq olunmalıdır".
Müharibə və qarşıdurmaların yaratdığı humanitar böhranların aradan qaldırılması üçün bütün təşəbbüslərin təşviq edilməsi və dəstəklənməsinə diqqət çəkən sənəddə mülki əhaliyə və mülki yaşayış məntəqələrinə qarşı hücumların qarşısının alınması, mülki əhalinin təhlükəsizliyi üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyi vurğulanır.
Pekin administrasiyası öz mövqe sənədində Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxıl dəhlizi sazişinin həyata keçirilməsinə çağırıb, ərzaq böhranına qarşı ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Sənəddə Ukraynada döyüş bölgələrinin bərpası üçün beynəlxalq ictimaiyyət tərəfindən həyata keçiriləcək tədbirlərin əhəmiyyəti qeyd edilib, Çinin bu sahədə köməklik göstərməyə və konstruktiv rol oynamağa hazır olduğu bildirilir.
Paylaş: