Fransanın daxili işlər naziri Gerald Darmanin ictimai asayişi pozmaq üçün əhəmiyyətli risklərin olduğu fikrini irəli sürüb.
Musavat.com xəbər verir ki, Darmanin xaricdən gələn radikal ünsürlərin Fransa şəhərlərini hədəf alacağını iddia edib.
Nazirin xəbərdarlığında Paris, Lion, Renn, Nant, Dijon, Bordo və digər şəhərlərin adı qeyd olunub.
Darmanin sözügedən qruplar üçün "məqsədlərinin Fransaya atəş və qan gətirmək olduğunu" deyir. O, təhlükəsizlik qüvvələrinə zirehli maşınlar və ehtiyat hərbi birliklərlə dəstək veriləcəyini açıqlayıb.
Britaniyanın "Daily Mail" qəzeti bu gün Fransanın öz tarixinin ən böyük təhlükəsizlik əməliyyatlarından birini keçirəcəyini yazıb.
Paris Polis Departamentinin rəhbəri Loran Nunes də oxşar bəyanatla çıxış edərək polisin hazır olmasının vacibliyini vurğulayıb. "Biz insanların kəşfiyyat xidmətləri tərəfindən izlənməsindən danışırıq, çox diqqətli olmalıyıq" - Nunes deyib.
Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat bütün ölkədə etirazlara səbəb olub. Sözügedən qanunun qəbulu üçün Fransanın baş naziri Elizabet Borne konstitusiyadakı xüsusi maddədən istifadə edərək Fransa parlamentini prosesdən kənarlaşdırıb. Daha sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt Parisdə keçirilən yürüşdə 120 min insan iştirak edib. Fransa Ümumi Əmək Konfederasiyasının (CGT) məlumatına görə isə, Parisdəki nümayişlərdə 800 min insan iştirak edib.
Paylaş: