Böyük Yeddilər Qrupu şənbə günü Çinin artan hərbi və iqtisadi təhlükəsizlik təhdidlərini pisləyib və Pekini aqressiyasına son qoyması və qoşunlarını Urkaynadan geri çəkməsi üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Hiroşimada keçirilən Böyük Yeddilər sammitinin kommünikesində qrup Çini “iqtisadi məcburiyyət”dən istifadə etdiyinə, Cənub Çin dənizini hərbiləşdirdiyinə və diplomatların təhlükəsizliyinə, demokratik institututların bütövlüyünə və iqtisadi rifahın xələl gətirmək məqsədi daşıyan “müdaxilə əməllərinə” görə tənqid edib.
Bundan əlavə Böyük Yeddilər yenidən “Rusiyanın qeyri-qanuni işğalçılıq müharibəsi fonunda Ukraynanı dəstəkləyəcəyinə” söz verib.
Birləşmiş Ştatlar, Birləşmiş Krallıq, Kanada, Fransa, İtaliya, Yaponiya və Avropa İttifaqından ibarət qrup bildirib ki, onun yanaşması nə Çinə zərər vermək nə də onun iqtisadi tərəqqi və inkişafının qarşısını almaq məqsədi daşıyır. Qrup Pekini iqlim dəyişikliyi, həssas ölkələrin borclarının yenidən strukturlaşdırılması, qlobal sağlamlıq və makroiqtisadi sabitlik məsələlərində Böyük Yeddilərlə işləməyə çağırıb.
Qrup Şərq və Cənub Çin dənizlərindəki vəziyyətlə bağlı narahatlıqlarını təkrarlayıb və Pekini Ukraynada “hərtərəfli, ədalətli və davamlı sülhü” dəstəkləməyə çağırıb.
Bu bəyanat qrupunun 2021-ci ildə Birləşmiş Krallığın Kornuol şəhərində keçirilən sammitindən bəri Pekinə qarşı ən sərt tənqidirir.
Bundan əvvəl isə Böyük Yeddilər liderləri “İqtisadi Məcburiyyət üzrə Koordinasiya Platforması”nı açıqlayıblar. Bu, siyasi məqsədlər üçün cəzalandırıcı ticarət təcrübələrinin istifadəsinə qarşı mübarizə məqsədi daşıyan yeni təşəbbüsdür. Onun konkret bir ölkə adı açıqlanmasa da, Çini hədəf aldığı güman edilir.
Böyük Yeddilər bəyanatında bildirib ki, təşəbbüs onların müvafiq hüquq sistemlərinə uyğun olaraq “koordinasiyalı cavab tədbirləri araşdırmaq, qarşısını almaq və lazım gəldikdə iqtisadi məcburiyyətlərə qarşı çıxmaq” üçün qrupun “kollektiv qiymətləndirməsini, hazırlığını, çəkindirmə və reaksiyasını” artıracaq.
“Bu iqtisadi təhlükəsizlik vasitələri alətləri tədarük zəncirlərimizdə dayanıqlığı artırmaq üçün addımları əhatə edəcək. Onlara həmçinin ixrac nəzarəti və xaricə investisiya tədbirləri kimi həssas texnologiyaları qorumaq üçün addımlar daxil olacaq,” Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan şənbə günü Hiroşimada mətbuat brifinqində deyib.
Bu tədbirlər Qərb texnologiyalarının ixracına geniş məhdudiyyətlər qoymaqdansa, ən qabaqcıl texnologiyaları hədəf alır.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin isə cümə günü planlaşdırılan tədbirlərə cavab verib. “Əgər Böyük Yeddilər Sammiti iqtisadi məcburiyyət məsləsini müzakirə etmək istəyirsə, bəlkə də birinci Birləşmiş Ştatların necə digər altı ölkəni məcbur etdiyini müzakirə etməlidir,” o deyib.
“Amerikanın səsi”
Paylaş: