Xəbər lenti


Serbiya Prezidenti Aleksandar Vuçiç ölkə əhalisini dərindən narahat edən müəmmalı bəyanat verib.

 

Ovqat.com-un məlumatına görə, prezident özünün İnstagram səhifəsində yaxın günlərdə bütün ölkənin həyati maraqlarını təhdid edəcək hadisənin yaşana biləcəyini bildirib.

 

"Serbiyanı çətin günlər gözləyir. Hazırda son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək mənim üçün asan deyil. Bu xəbərlər həm Serbiyanın, həm də Serb Respublikasının həyati maraqlarına birbaşa təhdidlər yaradır. Yaxın günlərdə mən serb xalqını Serbiyanın üzləşdiyi bütün çətinliklərlə tanış edəcəyəm. Hər zamankindən daha çətin vəziyyətdəyik. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, “Serb Respublikası” deyərkən Bosniya və Hersoqoniyanın eyni adlı subyektini nəzərdə tutur.

 

Yuqoslaviyanın dağılmasından sonra böyük etnik savaşlara səhnə olan Kosova nəhayət, 1999-cu ildə BMT-nin nəzarətinə keçdi. 2008-ci ildə müstəqilliyini elan etdi. Kosovanın bu qərarını qəbul etməyən Serbiya indiyədək onun müstəqilliyini tanımır. 

 

Sahəsi təqribən 11 min kvadrat km. (Naxçıvan MR-dən 2 dəfə böyük) olan Kosovada 2 milyona yaxın əhali yaşayır. Əhalinin 93%-ni albanlar, 5%-ni isə serblər təşkil edir. Bununla belə, Kosova serbləri bu bölgədə böyük imtiyazlara sahibdirlər. Onlar dövlətə vergi ödəmir, Serbiyadan maddi dəstək alırlar. İddiaları da böyükdür. Daha geniş torpaqlara nəzarət etmək, faktiki olaraq Serbiyanın bir parçasına çevrilmək istəyirlər. Serblərin kompakt yaşadığı ərazilərdə birləşmiş bələdiyyə ittifaqı yaradıb öz niyyətlərini reallaşdırmağa çalışırlar. Bu da istər-istəməz onlarla alban çoxluq aralasında ziddiyyət yaradır. 

 

Ötən il dekabr ayında keçirilən seçkilərdə iştirak etməyən Kosova serbləri separatçı tələblərini açıq şəkildə dilə gətirdilər. Bundan əlavə, onlar öz maşınlarına Serbiya dövlət rəmzlərinin əks etdirən nömrələr taxdılar. Ukrayna savaşı ərəfəsində bu mövqeni tutmaları serb separatizminin arxasında Rusiyanın dayandığı ehtimalını ağla gətirir. Nədən ki, serblər təkcə Kosovada deyil, digər Balkan ölkələrində də separatçı mövqe sərgiləyir və açıq şəkildə Rusiyanı dəstəkləyirlər. Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikası bunun ən bariz örnəyidir. “Respublika”nın rəhbəri Milorad Dodik Putinin ən yaxın dostlarından biri kimi tanınır. O, Avropada Krımı Rusiyanın torpağı kimi tanıyan, Ukraynanın işğalını açıq şəkildə dəstəkləyən nadir liderlərdəndir.

 


 Şəkildə: Milorad Dodik və Vladimir Putin

Şərqi Avropada yerləşməsinə baxmayaraq hələ də Avropa Şurasına və Aİ-yə üzv ola bilməyən Kosovanın Avropa strukturlarına inteqrasiyası əsasən Serbiya və Rusiya tərəfindən əngəllənirdi. 2022-ci il mayın 12-də Rusiyanın AŞ-dan üzvlüyündən çıxarılmasından sonra Kosova bu istiqamətdə ilk addımı ata bildi, AŞ-ya üzvlük barədə rəsmi müraciət göndərdi. Avropa Şurasının Nazirlər Komitəsi 24 may 2023-cü il tarixində Kosovanın Şuraya üzvlük müraciətini təsdiqlədiyini və onu Avropa Şurası Parlament Assambleyasına (AŞPA) göndərdiyini və Kosovanın müraciəti ilə bağlı yekun rəyin AŞPA tərəfindən hazırlandığını elan etmişdi. Ölkənin Avropa Şurasına üzvlük müraciəti ilə bağlı yekun qərarın yaxın aylarda veriləcəyi gözlənilirdi. 

 

Bəzi ekspertlərin fikrincə, Serbiya prezidentinin narahat edən də budur. Çünki Kosova Avropa Şurasına üzvlüyü nəticəsində onun ərazisi rəsmən tanınanacaq və serblərin bu diyari ələ keçirmək sevdası da bitmiş olacaq.

 

P.S. Azərbaycanın tanımadığı bu ölkəyə serblər Kosovo, albanlar isə Kosova deyirlər. Biz də ölkə əhalisinin böyük əksəriyyətinin mövqeyinə hörmətlə yanaşıb onun albanca adından istifadə etdik.

 




Ana səhifəyə qayıt        Baxış: 5 170          Tarix: 27-03-2024, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma