Xəbər lenti

Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov bildirib ki, bu ölkənin NATO-ya üzv olub-olmamaq barədə qərar vermək hüququ var, lakin Moskva belə vəziyyətə reaksiya vermək hüququnu özündə saxlayır.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Bosniya telekanalının efirində bildirib.
"Əgər o, (Bosniya və Herseqovina) nəyinsə iştirakçısı olmaq qərarına gəlsə, bu onun daxili işidir. Amma bizim reaksiyamız isə tam başqa məsələdir. Biz Ukrayna nümunəsində öz gözləntimizi göstərdik. Təhdid olarsa, reaksiya verəcəyik. ", - Kalabuxov bildirib.

O qeyd edib ki, "fantaziyalarda, hansısa reallıqda Bosniya və Hersoqovinanın NATO-ya üzv olacağını" düşünmür, çünki "ölkədə konsensus yoxdur və Bosniya və Hersoqovina bu şəraitdə belə asanlıqla qərar qəbul etməyəcək".

Rusiya səfirinin sözlərinə görə, Rusiyanın hələlik Bosniya və Hersoqovina ilə bağlı fəaliyyət planı yoxdur və Moskva buna "strateji və geosiyasi vəziyyəti təhlil etməklə” reaksiya verəcək.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin rəhbəri Zeljko Komşiç Rusiyanın Bosniya və Herseqovinadakı səfirinin bəyanatını pisləyib.
"Rusiya Federasiyasının Bosniya və Herseqovinadakı səfirinin təhdidlərini qətiyyətlə pisləyirəm", - Komşiç Bosniya və Herseqovinanın NATO-ya daxil olma ehtimalını şərh edərkən deyib. "Rusiya səfirinin Rusiyanın təcavüz etdiyi Ukraynanı misal gətirərək Rusiyanın reaksiyasının davam edəcəyi barədə mesajı birmənalı, lakin eyni zamanda Bosniya və Herseqovina üçün qəbuledilməzdir. Bosniya və Herseqovinadakı Rəyasət Heyətinin rəhbəri kimi mənim təkcə Bosniya və Herseqovina üçün deyil, həm də Qərbi Balkanlarda sülh və sabitliyə təhlükə olan təhdidləri pisləmək və rədd etmək öhdəliyim var", - o, əlavə edib. 

Qısa arayış: Keçmiş Yuqoslaviya Federasiyası parçalanandan sonra Bosniya və Hersoqovina ərazisində orada yaşayan xalqlar arasında (bosniyalılar, xorvatlar və serblər) Serbiya və Xorvatiyanın aktiv iştirakı ilə müharibə başladı. Bir çox qətliamlar və NATO-nun Bosniya serblərinə qarşı hərbi əməliyyatından sonra 1995-ci ildə Bosniya və Hersoqovina, Xorvatiya və Serbiya prezidentlərinin imzası ilə Deyton və Paris razılaşması əldə olundu. 1995-ci il konstitusiyasına görə Bosniya və Herseqovina dövləti iki qurumdan ibarətdir: Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası. Mühüm dövlət məsələləsinə görə hər bir xalqın veto hüququ vardır. Rusiya, Bosniya və Hersoqovinada məhz bosniya serblərinin əli ilə öz maraqlarını həyata keçirir. 



Ana səhifəyə qayıt        Baxış: 6 030          Tarix: 17-03-2022, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma