Rusiya və Çin “çoxqütblü dünya nizamı” çərçivəsində siyasi və iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə çalışır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu məsələ Çin Dövlət Şurasının rəhbəri Li Tsyan ilə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Moskvada keçirilən görüşündə müzakirə olunub.
Görüş zamanı Çin Dövlət Şurasının rəhbəri vurğulayıb ki, Pekin növbəti mərhələdə əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq məqsədilə mühüm vəzifələri müəyyən etməyə çalışır.
“Rusiya Federasiyası və Çin Xalq Respublikası arasında enerji sahəsində əməkdaşlığın həm keyfiyyəti, həm də həcmi artır”, - o bildirib.
Öz növbəsində, Rusiyanın Baş naziri qeyd edib ki, Moskva ilə Pekin arasında yaxınlaşma tempi Qərbin “qlobal dominantlığını qorumaq” istəyinin təsiri ilə artır.
“Qərb ölkələri uydurma bəhanələrlə qeyri-qanuni sanksiyalar tətbiq edir, qlobal hökmranlıqlarını qoruyub saxlamağa, eləcə də Rusiya və Çinin iqtisadi və texnoloji potensialının qarşısını almağa çalışır”, – o əlavə edib.
Danışıqların yekunları üzrə iki ölkə arasında hökumətlərarası və idarələrarası sazişlərin imzalanacağı gözlənilir.
Paylaş: