Xəbər lenti

 

Yezid ibn Müaviyə Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur. Hicri 25-ci ildə (miladi 645-ci il) doğulmuşdur. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun idi. Bəni-Kəlb qəbiləsi bədəvi qəbilələrdən sayılırdı.

Buna görə, Yezid anasının tərbiyəsi altında böyüyərək, bədəvilərə xas olan adət-ənənələrə (ov və şeirə meylilik, əyləncəyə aludəlik və s.) yiyələndi. Zahiri görünüşcə kök, bədəni tüklü idi.

Ovqat.com islam.az-a istinadən bildirir ki, Yezid cavanlığından eyş-işrətə, içkiyə, musiqiyə, zinaya, meymunbazlıq və itbazlığa həvəsli idi. Hətta xəlifə olduqdan sonra da bu adətlərindən əl çəkməmişdi. Tarix kitablarında yazırlar ki, o, öz meymununa insan kimi Əbu Qeys adını vermişdi. Meymuna bahalı paltarlar geyindirir, başına papaq qoyur, məclislərdə yanında saxlayır, onunla eyni qabdan içki içir, hətta öz qədəhinin dibində qalan şərabı meymuna içizdirirdi. Cıdır yarışlarında Əbu Qeysi bir vəhşi qatırın belinə mindirib yarışa buraxırdı. (Məsudi. Mürucüz-zəhəb, III, 67-68). Cıdır yarışlarının birində Əbu Qeys qatırın belindən yıxılıb atların tapdağı altında qalaraq öləndə Yezid onun üçün mərsiyə söyləyib ağladı. Yezid deyirdi ki, Əbu Qeys əslində Bəni-Israil qövmündən qoca bir kişi olub, sonra Allah onu meymuna döndərib (Bəlazuri. Ənsabül-əşraf, V, 300).

Yezidin zamanında günah və fisq açıq-aşkar edilən əmələ çevrildi, Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə haram məclislərə xas əyləncə səsləri eşidilməyə başladı. Məhz bundan istifadə edən Abdullah ibn Zübeyr Məkkədə qiyam qaldırdı və bütün Hicazın hakimiyyətini ələ keçirdi.

Yezid şair idi, əsasən, kef məclislərinə aid olan mövzularda şeir deyirdi. Bəzi şeirlərində Islam dinini, vəhyi inkar edir, Peyğəmbərlə və nəsli ilə düşmənçiliyini açıq-aşkar şəkildə dilə gətirirdi.

Həsən Bəsri deyirdi ki, camaatın taleyini iki nəfər zay etdi. Birincisi, Əmr ibn Asdır ki, Siffeyn savaşında Quran səhifələrini nizələrin ucuna taxmağı Müaviyəyə məsləhət gördü. Nəticədə xəvaric tayfası meydana çıxdı, həkəmeyn hadisəsi baş verdi və qiyamət gününə kimi bunun ziyanını çəkəcəyik. Ikincisi isə, Müğeyrə ibn Şöbədir ki, Müaviyəyə özündən sonra Yezidi vəliəhd etməyi məsləhət gördü. Müğeyrə Kufə valisi idi. Müaviyə ona məktub yazıb vəzifədən azad etdiyini bildirdi. Müğeyrə də Müaviyənin qəzəbini soyutmaq və vəzifədə qalmaq üçün bu hiyləni fikirləşdi, Şama gəlib Müaviyəyə məsləhət verdi ki, hakimiyyəti əldən buraxmamaq üçün camaatdan Yezidin adına beyət alsın. Müaviyə soruşdu ki, sən özün bu işə rəhbərlik edə bilərsənmi? Müğeyrə razılığını bildirdi və həqiqətən bu işin öhdəsindən uğurla gəldi. Həsən Bəsri deyirdi ki, məhz bu hadisədən sonra hakimiyyətin atadan oğula keçməsi adət halına keçdi və şura ənənəsi yaddan çıxdı (Süyuti. Tarixül-xüləfa, səh. 164).

Yezid atasının sağlığında hakimiyyət işlərinə qarışmadan, eyş-işrət içində gününü keçirirdi. Müaviyə onu dövlət işlərinə alışdırmaq üçün ardıcıl cəhdlər göstərirdi. Hətta Bizans yürüşlərinin birinə Yezidi sərkərdə təyin etmişdi. Bu missiya Yezidin ürəyincə olmasa da, atasının sözündən çıxa bilmədi. Bəzi böyük səhabələrin (məsələn, Əbu Əyyub Ənsarinin) də qatıldığı yürüş Konstantinopolun qala divarlarının qarşısında sona çatdı və müsəlmanlar şəhəri uzun müddət mühasirədə saxladıqdan sonra nəticəsiz halda geri qayıtmağa məcbur oldular.

Müaviyə can verəndə belə, Yezid sarayda deyildi, ova getmişdi. Atasının ölümündən sonra o, hakimiyyətə keçdi və ilk növbədə ona beyət etməmiş şəxsləri özünə ram etmək uğrunda tədbirlər görməyə başladı. Yezid təqribən 3 il yarım davam etmiş xəlifəlik dövründə üç böyük cinayətə imza atdı. Hakimiyyətə gəldikdən təqribən altı ay sonra Kərbəla səhrasında Peyğəmbərin əziz nəvəsi Imam Hüseyni (ə), ailə üzvlərini və yaxın silahdaşlarını görünməmiş qəddarlıqla qətlə yetirdi.

Bundan iki il sonra - hicri 63-cü ildə Yezid ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Mədinəlilər Şama nümayəndə heyəti göndərmişdilər ki, sarayda baş verən hadisələri izləyib xəbər gətirsinlər. Onlar Şamda olduqları müddətdə Yezidin və əlaltılarının dindən uzaq bir adam olduqlarını müşahidə etdilər, Əməvilər soyunun hakimiyyətə layiq olmadığı qənaətinə gəldilər. Şəhər əhalisi Hənzələ qəsilül-məlaikənin (yəni mələklərin qüsl verdiyi Hənzələnin) oğlu Abdullaha beyət etdi. Abdullahın atası Hənzələ Ühüd savaşında cənabətli halda şəhid olmuşdu. Peyğəmbər onun şəhadətindən sonra buyurmuşdu ki, indi behiştdə mələklər Hənzələnin cənazəsinə qüsl verirlər.

Abdullahın başçılığı altında mədinəlilər Yezidin valisini şəhərdən qovdular. Yezid hadisədən xəbər tutan kimi Müslim ibn Əqəbə adlı sərkərdəni böyük qoşunla Mədinə üzərinə yolladı. Şəhər kənarındakı Hərrə adlı daşlıq məkanda tərəflər arasında toqquşma baş verdi. Mədinəlilər şücaətlə savaşsalar da, qüvvələrin qeyri-bərabərliyi döyüşün taleyini həll etdi. Qalib gəlmiş Şam qoşunu Mədinəyə daxil oldu. Müslim ibn Əqəbənin əmri ilə Mədinə şəhərindəki hər şey - sakinlər də daxil olmaqla - əsgərlərə halal elan edildi. Tarixçilər yazırlar ki, Şam qoşunu Mədinədə misli görünməmiş qətlü qarət törətdi. Öldürülənlərin sayını minlə on min nəfər arasında qeyd edirlər. Hətta Peyğəmbər məscidinə pənah gətirənlərə də aman verilmədi. Qətlə yetirilənlərin arasında 700-dən artıq elm əhli və Quran qaresi vardı ki, bunların bir hissəsi səhabə idi. Peyğəmbərin əmisi oğlu Abdullah ibn Cəfəri-təyyarın iki oğlu, Peyğəmbərin əmisi Əbu Ləhəbin oğlu Abbas, Peyğəmbərin digər əmisi Harisin nəslindən olan bir neçə nəfər, o cümlədən, səksən nəfərə yaxın səhabə bu faciə zamanı şəhid oldular. Ibn Kəsir, Ibn Qüteybə kimi məşhur tarixçilər yazırlar ki, vaxtilə Bədr savaşında iştirak etmiş qocaman səhəbələrin hamısı Hərrə faciəsində qətlə yetirildilər. Əsgərlər Mədinə camaatını ya öldürür, ya da işgəncəyə məruz qoyurdular. Əbu Səid Xüdrinin evinə soxulan Şam ordusunun əsgərləri ələ keçirmək üçün qənimət tapa bilməyəndə qəzəblənib bu möhtərəm səhabənin saqqalını yolmuşdular.

Müslim ibn Əqəbənin əsgərləri Mədinədə üç gün rüsvayçıdıq etdilər. Qadınların və qızların namusu tapdalandı.

Sonra Yezidin əmri ilə Hüsayn ibn Nümeyrin başçılığı altında qoşun Məkkəyə sarı istiqamət aldı. Onun məqsədi Məkkədə hakimiyyət sürən və Yezidə meydan oxuyan Abdullah ibn Zübeyri məğlub etmək idi. Məkkəlilər şəhərə çəkilib müdafiə olunmağa başladılar. Şam qoşunu Məkkə kənarındakı Əbu Qübeys dağının üzərində mancanaqlar quraşdırdı. Bu mancanaqlardan şəhərə iri daşlar atmağa başladılar. Ucu yandırılmış oxlar da müqəddəs şəhəri hədəfə götürdü. Mancanaqlardan atılan daşlar Kəbənin divarlarına dəyib Allahın evini uçurdu. Kəbənin üzərindəki kisvə (örtük) yandı. Əgər bu minvalla davam etsəydi, Məkkədə daş üstə daş qalmayacaqdı. Ancaq bir neçə gündən sonra Şamdan Yezidin ölüm xəbərini gətirdilər. Qoşun Məkkənin mühasirəsindən əl çəkib Şama qayıtdı.

Ibn əl-Cövzi bunları nəzərdə tutaraq deyirdi: "Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sür¬müş, birinci il Hüseyn ibn Əlini qətlə yetir¬miş, ikinci il Mədinə əhalisini qorxudub ca¬maatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuş¬dur?" (Sibt ibn əl-Cövzi. Təzkirətül-xəvass, səh. 291-292).

Yezidin aqibətinin nə ilə qurtardığı da maraqlı məsələlərdəndir. Tarix səhifələrini öz qanlı cinayətləri ilə bulamış əksər şəxslər kimi Yezidin də həyatının faciəli şəkildə və ağır əzablar içində bitdiyini gözləmək təbiidir. Onun ölüm tarixçəsi barədə bir neçə fərqli nəzəriyyə vardır. Əvvəla, bunu qeyd edək ki, Yezidin hicri 64-cü il 14 və ya 15 rəbiül-əvvəl tarixlərində (miladi 683-cü il), təqribən 39 yaşında öldüyünü yazırlar.

Mərhum Şeyx Səduq yazır ki, Yezid gecə sərxoş halda yatdı, səhər onu ölmüş vəziyyətdə gördülər. Bədəni qapqara qaralmışdı, sanki dərisinə qatran sürtmüşdülər.

Başqa bir rəvayətə görə, Yezid eyş-işrət məclisində içib sərxoş olmuşdu. Qalxıb rəqs etmək üçün taxtından endi, amma qəfildən ayağı büdrəyib yıxıldı, başı zərblə yerə dəyib yarıldı, hətta beyni kəlləsindən çölə töküldü (Zəhəbi. Siyərü əlamin-nübəla, IV, 37).

Yezidin zəhərlə öldürüldüyü haqqında da fikir vardır. Bu nəzəriyyəyə görə, vaxtilə Müaviyənin qətlə yetirdiyi Hücr ibn Ədiyyin qızı Səlma Hücrün qardaşı oğlu Əbdürrəhmanla köməkləşib Yezidi zəhərləməyə nail olurlar.

Yezidin ölümü haqqında daha bir nəzəriyyə ilə Seyyid ibn Tavusun "Lühuf" kitabında rastlaşırıq. Bu nəzəriyyəyə görə, Yezid öz adamları ilə Diməşqdən xeyli uzaqlarda, səhrada ova çıxır. Rastına çıxan bir ceyranı ovlamaq üçün dəstədən ayrılır və təkbaşına ceyranın dalınca düşür. Ceyranı qova-qova bir quyunun başına çatır. Görür ki, bir nəfər quyudan su çəkməklə məşğuldur. Yezid həmin adama yaxınlaşıb su istəyir, amma ondan xəlifəyə layiq təzim və ehtiram görmür. Qəzəblə deyir: "Yəqin mənim kim olduğumu bilmirsən. Bilsəydin, mənə layiq olan hörməti göstərərdin. Mən möminlərin əmiri Yezid ibn Müaviyəyəm". O adam bu sözləri eşidən kimi qılıncını çəkib Yezidin üstünə hücum edir: "Sən mənim ağam Hüseyni səhrada susuz öldürtdürmüsən. Vallahi, mən də səni o şəkildə həlak edəcəyəm". O adamın qılınc zərbəsi Yezidin atına dəyir. Hürkmüş at şaha qalxır, sonra sürətlə çapıb gedir. Yezid atın tərkində özünü saxlaya bilməyib yıxılır. Amma bir ayağı üzəngidə qaldığı üçün at onu səhra boyunca sürüdüb aparır. Bir neçə gündən sonra nökərləri səhrada Yezidin atını tapırlar. Atın üzəngisindən bir ayaq asılmışdı. Məlum olur ki, Yezidin bədəni yerə sürtünərək tikə-tikə olub dağılıb, yalnız üzəngiyə ilişmiş ayaq salamat qalıb. Onun cəsədinin qalıqlarını Şama gətirib, Babüs-səğir məntəqəsində dəfn edirlər. Hər bir halda, bu gün Yezidin qəbri kimi tanınan məzar Əməvilər məscidinin yaxınlığında, Bəni-Üməyyə soyunun mənsublarının basdırıldığı uçuq-sökük bir məqbərədə yerləşir. Atası Müaviyə kimi onun da dəfn yeri Dəməşq əhalisinin zibilxanasına çevrilib.

Əməvi sülaləsindən yeganə ədalətli xəlifə kimi tanınan Ömər ibn Əbdüləziz deyirdi ki, bir gecə yuxuda qiyamətin başlandığını gördüm.

Cəhənnəmdə əzab çəkənlərə baxanda gördüm ki, alovla dolu olan dərənin içində bir nəfər var, hər nə qədər dərədən çıxmağa çalışırsa da, cəhənnəm qoruqçuları atəşin gürzlərlə onu vurub yenə dərənin içinə qaytarırlar. O adamın kim olduğunu soruşdum, dedilər ki, Yezid ibn Müaviyədir (Məqtəlül-Xarəzmi, II, 86). Bir gün Ömər ibn Əbdüləzizin yanında bir nəfər Yezidin adını çəkəndə "əmirəl-möminin" ləqəbini işlətmişdi. Ömər o adama qəzəbləndi və iyirmi şallaq vurdurdu (Süyuti. Tarixül-xüləfa, səh. 167).

Bir çox müsəlman alimləri Yezidin tö¬rətdiyi zülmlərə əsaslanaraq, onun ruhuna lənət oxumağı icazəli bilmiş, hətta onu kafir saymışlar. Bunların sırasında Ibn əl-Cövzi, Təftazani, Qazı Əbu Yəla, Əllamə Süyuti, Imam Yafei, Cahiz, Şovkani kimi böyük alimlərin adlarına rast gəlirik. Lakin Qəzzali, Ibn Teymiyyə və sələfi görüşlü müasir alimlər onu küfrdə təqsirli bilməmiş, ruhuna lənət oxunmasını rəva görməmişlər. Bunu ya Yezidin Imam Hüseyni (ə) öldürmək niyyətində olmaması, bu işin onun razılığı olmadan baş verməsi, yaxud Kərbəla faciəsindən sonra Yezidin tövbə etməsi, ya da ümumiyyətlə qətl törətmiş şəxsi kafir adlandırmağın düzgün olmaması ilə izah etmişlər.

Şiə məzhəbinin isə məsələyə münasibəti birmənalıdır. Peyğəmbərin nəvəsini qətlə yetirmək üçün əmr verdiyinə, qeyri-islami və qeyri-əxlaqi həyat tərzi sürdüyünə, eləcə də, istər söhbətlərində, istərsə də yazdığı şeirlərdə açıq-aşkar küfr əqidəsini tərənnüm etdiyinə görə şiələr Yezidi kafir sayır və lənətə layiq bilirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 323          Tarix: 7-10-2017, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma