Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Moderator.az tanınmış qələm ustadı, 90 yaşlı məşhur yazıçı Vidadi Babanlı ilə müsahibəni təqdim edir:
Yaş fiziki mənada öz sözünü deyir. Amma Vidadi müəllimin psixoloji və zehni gücünə qətiyyən təsir etməyib. Öncə səhhətindən danışır:
-Səhhətim pis deyil. Ancaq iki il bundan əvvəl ayağım sındı, bir ildən çox yeriyə bilmədim. O, mənə çox pis təsir etdi. Bir il yazı masasına yaxın gələ bilmədim. İndi-indi yavaş-yavaş, dəmir tutacağın köməyilə yeriyirəm. Amma gözlərim də zəifləyib. Özüm yazıram, daha baxa bilmirəm ki, nə yazılıb. Mən yazıram, başqaları köçürür.
Ürəyi bu gün də ədəbiyyatla vurduğu üçün həmən yaradıcılığına keçir. Son əsəri olan “Zəmanə adamı” və məşhur “Gizlinlər:gerçək romandan danışır:
-Sonuncu əsərin “Zamənə adamıdır”. Bir neçə il bundan əvvəl çap olunub. İstiqlaliyyət savaşından öz mənfəətləri üçün yararlananlardan, o savaşın gizlinlərindən bəhs etmişəm. Amma həyatımda yaşanan maraqlı, acılı-şirinli xatirələri isə avtobioqrafik “Gizlinlər:gerçək roman” əsərimdə vermişəm. Roman 2005-ci ildə çapdan çıxdı. Orada Azərbaycanın yaxın tarixi, ədəbiyyatı, sovet dövrü ilə əlaqəli xeyli maraqlı detallar var. Hələ müəyyən səbəblərdən bəzi şeyləri yazmamışam. Həyatımda çox çətinliklər olub. O çətinlikləri, onlarla apardığım mabarizələri adını çəkdiyim romanda görmək olar.
Söhbətin bu yerində xatırlatma edək: demək, Vidadi müəllim bütün ittifaqda şöhrət qazanan “Vicdan susanda” romanından sonra xeyli təzyiqlərə məruz qalıb. Bu haqda çox danışıb, çox yazıb. Amma yenə də müəllifin özünü dinləyək:
-Çox yerdə müsahibələrimdə demişəm, yazılarımda yazmışam. Mənə olan təzyiqlər “Vicdan susanda” romanının çapından sonra başladı. Romanın və mənim əleyhimə xeyli yazılar, hədyanlar yazıldı. Təzyiqlər get-gedə sürətləndi. Hamının da ortaq fikri bu idi: “sovet adamının vicdanı heç vaxt susa bilməz”. “Bu cür roman yazmaq olmaz” və s... Bu təzyiqlər artdı və Yazıçılar İttifaqında romanla bağlı partiya komissiyasının iclası keçirildi. İclası sədr Mirzə İbrahimov aparırdı. O da romanın əleyhinə danışdı, iradlarını bildirdi. Axırda da mənim partiya sıralarından çıxarılmağımı təklif etdi. Bu, o zaman üçün çox sərt cəza idi. O demək idi ki, sən işdən də çıxarılacaqsan, başqa yerlərdə də işləmək imkanın olmayacaq... Rəsul Rza və Süleyman Rüstəm, həmçinin, iclasdakı başqa yazıçılar buna qarşı çıxdılar. Dedilər, çox ağır cəzadır. Bunu bir az yüngülləşdirmək lazımdı. Amma Mirzə İbrahimov isə öz sözündə durdu, onlarla razılaşmadı. İndiyə qədər yadımdadı, Rəsul Rza buna etiraz olaraq iclası tərk etdi. Mənim də bayaqdan dişim bağırsağımı kəsirdi. Daha dözə bilməyin partiya biletimi Mirzə İbrahimovun üstünə atdım. Bilet stolun üstü ilə dığırlanıb düz Mirzə İbrahimovun ayaqları altına düşdü. Dedim, əgər bir partiya öz yazıçısını qoruya bilmirsə, onun bileti mənə lazım deyil. Bir faktı da deyim ki, mənim “Gəlin” povestimdən sonra özləri partiyaya üzv olmağı təklif etmişdilər, heç özüm o təşəbbüsdə olmamışdım. O vaxt partiya bileti tullamağın özü bir cinayət idi.
Nəsə, işdən çıxarıldım, 4 il heç yerdə işləmədim. Çörək tapa bilmirdim. Xeyli borca düşmüşdüm.
-Bəs o ağır illərdə sizə ədəbiyyat aləmindən kim maddi və mənəvi köməklik göstərdi?
-Mənə həmin illərdə ədəbi tənqidçi, akademik Məmməd Cəfər Cəfərov mənəvi dayaq oldu. O zaman hər ikimiz Vaqif küçəsindəki Yazıçılar binasında yaşayırdıq. Qonşum idi. Bir axşam mənə dedi ki, “Vicdan susanda” əsərini oxumuşam. Fikrim müsbətdi. Sən gəl, onu tərcümə etdirib, Moskvaya göndər. Orada tanınmış nəşriyyatda çap olunsun. Əminəm ki, rus ədəbi mühitinin ziyalıları sənin romanına daha obyektiv yanaşacaqlar. Vəziyyət bayaq dediyim kimi ağır idi. Dedim, məndə o qədər pul hardandı ki, onu tərcümə elətdirib Moskvaya yollayım. Allah ona rəhmət eləsin, əlini çiynimə qoyub dedi ki, yaxşı, özüm məşğul olaram. O zaman Ədəbiyyat Fondu var idi ki, öz hesabına bu kimi işlərlə- yerli yazıçıların əsərlərini rus ya başqa dillərə tərcümə etdirməklə- məşğul idi. Məmməd Cəfər müəllimin sayəsində əsərimi onların maddi yardımı ilə tərcümə etdilər. “Bakinskiy raboçi” qəzetində Vəzirova soyadlı bir xanım var idi, rus və Azərbaycan dillərini mükəmməl bilirdi, o tərcümə etdi, amma yenə özüm də baxdım, gözdən keçirdim. Redaktə edəndən sonra, Moskvadakı məşhur “ Sovet yazıçıları” nəşriyyatına yolladıq. Üstündən altı ay keçmiş mənə məktub gəldi ki, əsəri çox bəyəndik. Romana iki müsbət rəy də yazılıb. Əgər yaxşı tərcüməçiniz varsa, romanı bədii tərcümə etdirib bizə yollayın. Yoxdursa, biz özümüz tərcümə etdirib çapa verərik. Cavab yazdım ki, mənim belə tərcüməçim yoxdu, imkan varsa, siz özünüz yaxşı bir tərcüməçiyə təqdim edin. Qeyd edim ki, Vəzirova ədəbiyyatçı deyildi, romanı bədii yox, sətri tərcümə etmişdi. Onlar isə bədii tərcüməni nəzərdə tuturdular. Nə isə, öz tərcüməçiləri bir il müddətində romanı çevirdi. Özüm də Moskvaya gedib, çapdan qabaq tanış oldum. Razılıqdan sonra çapa getdi. 30 min tirajla çap edildi. O zaman bu, uğurlu əsər və tanınmış yazıçılar üçün standart tiraj idi. Roman çap olunandan sonra yaxşı mənada səs-küy yaratdı. “Literaturnaya qazeta”, “Komsomolskaya pravda” kimi nüfuzlu qəzetlərdə çox gözəl rəylər yazıldı. Ondan sonra Bakıda mənə münasibət dəyişdi, ondan sonra işlə təmin olundum.
Bilirsiniz ki, “Vicdan susanda” iki kitabdan ibarətdi. İkinci kitabı da ruhlanıb bu ərəfədə yazdım. 1976-cı ildə Bakıda, daha sonra isə Moskvada yüksək tirajla yayımlandı. 1979-cu ildə isə Moskvada hər iki kitab birlikdə 100 min tirajla çap edildi. Bilirsiniz, bu rəqəm nə demək idi? Bizim yazıçılardan heç kimin kitabı Moskvada o cür yüksək tirajla çap edilməyib. Ardınca 1980-ci ildə də yenə 100 min tirajla buraxıldı.
-Bəs, “Vicdan susanda”dan başqa hansı dəyərli əsəriniz var ki, onlar bu gün öz layiqli qiymətini ala bilməyib?
-“Müqəddəs ocaq” çox mükəmməl əsərdi. Peterburqakı- o zaman Leninqrad idi- “Zvezda” jurnalında dərc olundu. Daha sonra Moskvadakı başqa məşhur ədəbi jurnalda yayımlandı. Oxucular və ədəbiyyatşünasların çox böyük rəğbətini qazandı. Amma təəssüf ki, “Vicdan susanda”kı şöhrətə çata bilmədi.
“Həyat bizi sınayır” povestini də deyə bilərəm. Motivləri əsasında film çəkildi. Həmçinin, “Ömürlük əzab” adlı romanım da oxucuların rəğbətini qazandı. Amma o artıq müstəqillik illərində çap olundu. Müstəqillik illərində də kitabların yüksək tirajla deyil, cəmi 500-1000 tirajla yayımlanırdı. İndiyə qədər bu davam edir. Xüsusi olaraq qeyd edim ki, bu böyük problemdir. Bununla ciddi məşğul olmaq lazımdır.
-Sizin ssenari və povestiniz əsasında filmlər çəkilib. O biri əsərləriniz də həm film, həm də serial texnologiyası üçün çox keçərlidir. Əgər onlardan birinin motivləri əsasında serial çəkilsə, buna razı olarsız?
-Razı olaram. Amma bir şərtlə ki, gərək, prosesdə özüm də iştirak edəm. Əsərin mahiyyətinin, əsas qayəsinin kopntekstdən çıxmamasına diqqət yetirəm. Yadınıza gəlirsə, Həyat bizi sınayır povestində bəzi səhnələr kəsildi. Mən bundan çox incidim. Daha sonra “Vicdan susanda” romanını motivləri əsasında iki hissəli film çəkmək istəyirdilər. Sonra dedilər ki, pul azdır, biz iki yox, bir hissəli film çəkəcəyik. Razı olmadım. Çünki böyük romandır. Oradakı ideya, məzmunu bir hissəyə sığdırmaq mümkün olmayacaqdı.
-“Həyat bizi sınayır”da nələr kəsildi, ixtisar edildi?
-Bir var müəllifin ssenarisi, bir də var rejissor ssenarisi. Rejissor ssenarisində xeyli hissələr çıxarılmış, bir çox dəyişikliklər olmuşdu. Mən də prosesdə iştirak edirdim. Rejissor Şamil Mahmudbəyovla bəzi məqamlarda razılaşmadım. İncik də düşdüm. Orada texniki məsələlərə, zavod səhnələri, istehsalat prosesinə, domna peçinə çox yer ayrılmışdı. Xarakterin açımı, insanın daxili aləminin təsviri kənarda qaldı.
-Ümumiyyətlə, hər hansı böyük ədəbi əsərin film variantından zəif olması ehtimalı varmı?
-Zənnimcə, yox. Bu, mümkün deyil. Lev Tolstoyun “Hərb və sülh” əsəri əsasında film çəkdilər. Amma görün, romandakı nə qədər vacib səhnələr ixtisar edildi, kənarda qaldı. Yaxud, Dostoyevskinin “Karamazov qardaşıları” romanı olsun. Cəmi bircə əsər var ki, onun əsasında çəkilən film daha güclüdür: Mixatil Şoloxovun “İnsanın taleyi” hekayəsi. Film çox gözəl alınıb. Amma roman olsaydı, heç zaman Şoloxovu üstəəyə bilməzdi, sadəcə, hekayə idi. Elə Şoloxovun “Sait Don” əsərini hansı film üstələyə bilər ki?!
-Vidadi müəllim, uzun fasilədən sonra yenidən yazı masası ilə barışmısınız...
-Ayağım sınandan sonra bir il heç nə yaza bilmədim. Heç yazı masasına da yaxınlaşmadım. İndi yavaş-yavaş özümə gəlirəm, yazı masasında işləyirəm. Amma indi də gözələrim mənə mane olur. Əlimdə bir roman var, çalışıram ki, onu tamamlayım.
-Xəstə olduğunuz dünəmdə ədəbiyyat, jurnalistika, ümumiyyətlə, yaradıcı zümrədən sizi kimlər ziyarət etdi?
-Nizami Cəfərov tez-tez yoluxub. Bir də Qazaxda xeyriyyə cəmiyyəti var, onun üzvləri gəlib baş çəkirlər. Mənim dostlarımın, yaıxnlarımın çoxusu dünyasını dəyişib...
Söhbətin bu yerində qonşu otaqdan səs eşdilir: Vidadi müəllim, müsahibə bitdimi? Səs sahibinin yaxın qohum, ailə üzvü, yaxud, tibb baxıcısı olduğunu anşıra bilmirik. Amma anlayırıq ki, qocaman yazıçını çox yormaq olmaz. Bəlkə də, qəbul etməli olan dərmanların vaxtıdır...
Elmin Nuri
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar